Ermənistan beynəlxalq hüquqa sayğısızlıq göstərir

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi Ermənistan və ermənipərəst qüvvələrin əndişələnməsinə səbəb olub. Artıq erməni diasporası öz havadarlarının ciddi dəstəyi ilə anti-Azərbaycan və anti-Belarus kampaniyasına start verib. Hətta bu kampaniya açıq şəkildə etiraz aksiyaları ilə müşayət olunmaqdadır.

Lapşinin Azərbaycana gətirilməsi beynəlxalq qanunlar çərçivəsində reallaşıb

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi Ermənistan və ermənipərəst qüvvələrin əndişələnməsinə səbəb olub. Artıq erməni diasporası öz havadarlarının ciddi dəstəyi ilə anti-Azərbaycan və anti-Belarus kampaniyasına start verib. Hətta bu kampaniya açıq şəkildə etiraz aksiyaları ilə müşayət olunmaqdadır. Məsələ orasındadır ki, Ermənistan "böyük qardaşının" himayəsinə keçdikdən bu yana beynəlxalq hüquq normalarını ayaq altına atmaqda davam edir. Müxtəlif bəhanələrlə Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz geri qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamələri icra etməkdən yayınan Ermənistanının hazırki canfəşanlığı başa düşüləndir. Aydındır ki, istənilən halda beynəlxalq hüququn Azərbaycanın xeyrinə olması Ermənistan tərəfindən asanlıqla həzm olunmayacaq. Ancaq bütün hallarda Ermənistan Lapşinin ekstradisiyası ilə bağlı Azərbaycanın mövqeyi ilə barışmalıdır. Çünki, A.Lapşin Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinə Azərbaycan hökumətinin icazəsi olmadan qanunsuz səfərlər edib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına çağırışlar edib. Adının "arzuolunmaz şəxslər siyahısı"nda olduğunu bilərək, o, 2016-cı ilin iyununda başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini açıq şəkildə bildirib. A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluq tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib. A.Lapşin 2016-cı ilin dekabrın 14-də Belarus hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, 7 fevral 2017-ci il tarixində Belarusdan Azərbaycana ekstradisiya edilib və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına yerləşdirilib. A.Lapşinin məsələsinə Azərbaycanın qanunları çərçivəsində baxılır. Ermənistanın hazırki mövqeyi onu göstərir ki, işğalçı dövlət ənənəsinə sadiq qalaraq beynəlxalq hüquqa qarşı çıxır. Millət vəkili Fəzail İbrahimli deyib ki, bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi işğal altında olan torpaqlarımıza qanunsuz səfər edən hər bir şəxsə dərs olacaq. Onun sözlərinə görə, Belarus beynəlxalq hüquq normalarına hörmət edərək, Azərbaycanın da tərəfdaş çıxdığı beynəlxalq hüquq normalarına əsaslanaraq işğal altında olan torpaqlarımıza qanunsuz səfər edən bloger Aleksand Lapşini təhvil verib: "A.Lapşin Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılacaq. Azərbaycanın sərhədlərini qanunsuz pozan, ölkəmiz haqqında şər-böhtan yazan bir şəxs kimliyindən asılı olmayaraq cəzalandırılmalıdır". Millət vəkili əlavə edib ki, burada hər hansı beynəlxalq senssasiya doğuracaq məsələ olmadığından hər hansı digər dövlətin də, bu məsələyə müdaxilə etmək hüququ yoxdur: "A.Lapşin hansı vəzifəni daşımasında asılı olmayaraq, qanunları pozub və buna görə də cəzasını almalıdır. Azərbaycan Lapşin barəsində məhkəmə hökmü çıxaracaq və ya onu bağışlayacaq, bu artıq bizim daxili işimizdir. Kənar kimsənin bu məsələyə müdaxiləsi yolverilməzdir". Millət vəkili bildirib ki, A.Lapşinin Azərbaycana təhvil verilməsinin siyasi və mənəvi tərəfi var: "Lapşinin Azərbaycana təhvil verilməsi digərlərinə görk olacaq. Erməni pulu ilə onlarla nökərçilik edən hər bir şəxs, istər bu jurnalist olsun və ya hansısa ölkənin deputatı, incəsənət nümayəndəsi, başa düşməlidir ki, Azərbayacan torpaq məsələsində kimsəyə güzəştə gedın deyil və sərhədlərinin qanunsuz pozulmasına göz yummayacaq. Bu hadisə qanunsuz olaraq Azərbaycan sərhədlərini pozan şəxslər üçün dərs olacaq. Bu baxımdan mən Lapşinin Azərbaycana verilməsini böyük siyasi və mənəvi qələbə hesab edirəm". F.İbrahimli onu da əlavə edib ki, bu məsələdə Azərbaycan prezidentinin qətiyyətli və prinspial mövqeyi müstəsna rol oynayır. Millət vəkili Elman Nəsirov isə deyib ki, Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsinin böyik siyasi əhəmiyyəti var. Bu fakt Ermənistanda ciddi narahatçılığa səbəb olub. Onun sözlərinə görə, Ermənistan mətbuatı bu gün bu hadisəni Sarkisyan hakimiyyətinin növbəti uğursuzluğu kimi qiymətləndirir: "Buna təəccüblənmək olmaz. Çünki aprel döyüşləri Ermənistanın iç üzünü açdı və məlum oldu ki, Sarkisyan rejiminin fəaliyyəti sabun köpüyündən başqa bir şey deyil". Millət vəkili A.Lapşinin Azərbaycana ekstradisiya edilməsini böyük siyasi əhəmiyyətli hadisə adlandırır: "Çünki bu hadisə Azərbaycan dövlətinin bu məsələdə bir daha prinsipial mövqedə olduğunu ortaya qoydu. Bu hadisəni Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirmək lazımdır. Dağlıq Qarabağa edilən istənilən səfər Azərbaycan qanunlarına və beynəlxalq hüquq prinsiplərinə ziddir. Azərbaycan öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcək. Bu hadisənin mənası ondan ibarətdir ki, bundan sonra Aleksandr Lapşinin yolunui seçəcək və seçmək istəyəcək istənilən xarici ölkə vətəndaşı bilsin ki, onu analoji tale gözləyir". Millət vəkili qeyd edib ki, A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi bir daha sübut etdi ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi qətiyyətlə müdafiə edilir.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31