Azərbaycanla Belarus arasında dostluq münasibətlərinin nümunəsi
Bu günlərdə Ermənistan cəmiyyəti başda işğalçı ölkənin prezidenti Serj Sərkisyan olmaqla dərin məyusluq içərisindədir. Aprel uğursuluğunun fəsadlarını aradan qaldırmağa müvəffəq olmadan Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam, eləcə də qəhrəman şəhidimiz Çingiz Qurbanovun nəşinin geri alınması istiqamətində əldə etdiyimiz nailiyyət, bu günlərdə isə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək işğal altında olan Dağlıq Qarabağa səfərlər edərək separatçı rejimin təbliğatçısı rolunda çıxış edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası İrəvan üçün şok effekti yaradıb.
9 Fevral 2017 13:59 SiyasətEldəniz Səlimov: "Minsk öz siyasi iradəsini ortaya qoydu və Lapşini Azərbaycana təhvil verdi"
Bu günlərdə Ermənistan cəmiyyəti başda işğalçı ölkənin prezidenti Serj Sərkisyan olmaqla dərin məyusluq içərisindədir. Aprel uğursuluğunun fəsadlarını aradan qaldırmağa müvəffəq olmadan Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam, eləcə də qəhrəman şəhidimiz Çingiz Qurbanovun nəşinin geri alınması istiqamətində əldə etdiyimiz nailiyyət, bu günlərdə isə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək işğal altında olan Dağlıq Qarabağa səfərlər edərək separatçı rejimin təbliğatçısı rolunda çıxış edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası İrəvan üçün şok effekti yaradıb. Artıq Ermənistan cəmiyyəti İrəvanın Bakı qarşısında tam diplomatik məğlubiyyət yaşadığının fərqindədir. Xüsusilə son olay, Lapşinin Azərbaycana təhvil verilməsi bu əminliyi artırıb. Artıq ermənilər onu da fərqindədirlər ki, İrəvanla eyni ittifaqda olan dövlətlər belə Dağlıq Qarabağ məsələsində rəsmi Bakının haqlı və prinsipial mövqeyindən çıxış edirlər. Hər halda Belarusun Lapşinlə bağlı məsələdə atdığı addım belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Aleksandr Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməlləri özünü ehtiva edirdi. Lapşin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdiyindən, qeyri-qanuni olaraq işğal altında olan ərazilərə getdiyindən, o cümlədən separatçı rejimi təbliğ etdiyindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilmişdi. Aleksandr Lapşin Azərbaycan tərəfinin tələbi ilə 2016-cı il dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılmışdı və bir neçə gün əvvəl Azərbaycana təhvil verildi. Elə Ermənistanı da ciddi şəkildə narahat edən Lapşinin Azərbaycana təhvil verilməsidir. Nədən ki, Lapşin elə işğalçı ölkə ilə birlikdə Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatında təmsil olunan Belarus tərəfindən Azərbaycana təhvil verildi. Ermənistan hər nə qədər bunu Minskin İrəvana xəyanəti kimi xarakterizə etsə də, ancaq ortada olan reallıq ondan ibarətdir ki, Belarus Lapşinin Azərbaycana təhvil verilməsində ilk növbədə beynəlxalq hüquq və prinsipləri önə alıb. Bununla rəsmi Minsk və onun qətiyyətli prezidenti Aleksandr Lukaşenko bütün dünyaya sübut edib ki, istənilən məsələnin həllində beynəlxalq hüquq və prinsiplər qeyd-şərtsiz nəzərə alınmalıdır. Bu yanaşma öz- özlüyündə həmçinin Minskin Dağlıq Qarabağ probleminin həllinə olan münasibəti də deməkdir. Yəni, Minsk problemin Azərbaycanın ərazi bütövlüyü çərçiəsində həllinin tərəfdarı olduğunu açıq şəkildə ortaya qoyur.
Elə millət vəkili Eldəniz Səlimov da bu qənaətdədir. Eldəniz Səlimov bildirib ki, rəsmi Minsk bu addımı ilə iki gerçəkliyi ortaya qoydu və dünyaya nümunə göstərdi: "Birincisi, Belarus Aleksandr Lapşini Azərbaycana təhvil verməklə Minskin beynəlxalq hüquq və prinsiplərə, dövlətlərarası müqavilələrə nə qədər önəm verdiyini və ona sadiq qaldığını nümayiş etdirdi. Bununla dünyaya mesaj verdi ki, hər bir ölkə üçün beynəlxalq hüquq və prinsiplər keçərli olmalıdır. İkincisi, istənilən məsələ, xüsusilə ərazi bütövlüyü ilə bağlı məsələlərdə ikili standartlar tətbiq edilməməlidir. Hətta hansı ölkə ilə ittifaqda olmasına baxmayaraq bir daha Minsk tərəfindən sübut olundu ki, onun üçün əsas olan haqq, ədalətin bərpası, beynəlxalq qanunların icrasıdır". Millət vəkili onu da qeyd edib ki, rəsmi Minskin atmış olduğu addım həmçinin Belarusun və onun prezidenti Aleksandr Lukaşenkonun qətiyyət, siyasi iradə nümayişidir: "Baxmayaraq ki, bu ərəfədə Rusiya və Ermənistan ciddi cəhdlə Lapşinin Azərbaycana təhvil verilməsinə qarşı çıxdı və bunun üçün Minskə müəyyən təzyiqlər, amma Belarus prezidenti bunların heç birinə boyun əyməyərək öz siyasi iradəsini ortaya qoydu və Lapşini Azərbaycana təhvil verdi". Eldəniz Səlimov onu da qeyd edib ki, Belarus Lapşini Azərbaycana təhvil verməklə Bakı ilə strateji əməkdaşlığa sadiq qaldığını da bir daha təsdiqləmiş oldu: "Düşünürəm ki, Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir. Ayrı-ayrı ölkələrin təzyiq və təhdidlərə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko ciddi siyasi iradə və mərdlik nümayiş etdirdi. Bununla Aleksandr Lukaşenko güclü siyasi lider olduğunu, Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü də təsdiqlədi". Millət vəkilinin sözlərinə görə, bu addım həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında olan sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın göstəricisidir. Bu gün Belarusla Azərbaycan arasında inkişaf etməkdə olan münasibətlər hər iki ölkənin maraq dairəsindədir. Ölkəmizin Belarusla iqtisadi münasibətləri mövcuddur ki, buda gündən-günə genişləndirilir. Və iki ölkə arasındakı əməkdaşlıq beynəlxalq hüquq normalarına uyğun olaraq daha da inkişaf etdirilir. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri buna bir daha sübutdur". Millət vəkili deyib ki, Aleksandr Lapşin öz facebook səhifəsində dövlət əleyhinə söylədiyi fikirlər, düşmənlərə cəsusluq etməsi, hər bir Azərbaycan vətəndaşı kimi onu da hiddətləndirib: "Belarusda saxlanılan Aleksandr Lapşinin Azərbaycana verilməsinin qarşısının alınması üçün Ermənistanın səylərinə baxmayaraq Azərbaycan diplomatiyasının səyi, Cənab Prezidentin yaxından koməkliyi ilə o, ölkəmizə gətirildi. A.Lapşinin Azərbaycana gətirilməsi Azərbaycan respublikasının Dağlıq Qarabağ ərazisinə qeyri-qanuni səfər edən şəxslərə bir mesajdır. Bununla həm də Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran güclü siyasi liderdir. Dövlət başçısının prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir. Həmçinin Azərbaycanın, ölkə vətəndaşlarının maraqlarının təmin olunması, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir. Bu arada onu da qeyd etmək lazımdır ki, bir aydan artıq erməni tərəfində saxlanılan şəhid Çingiz Qurbanovun nəşinin geri alınaraq ölkəmizə gətirilməsi, şəhidimizin adına layiq dəfn edilməsi və ona milli qəhrəman adı verilməsi də möhtərəm Prezidentimizin siyasi iradəsi və qətiyyətinin nümayişidir. Qeyd edək ki, dövlət başçısının səyi ilə belnəlxalq təşkilatlara müaricət nəticəsində beynəlxalq hüquq normalarına uyğun olaraq şəhidimiizin nəşinin geri alınmasına nail olduq. Bütün bunlar Azərbaycanın Ali Baş Komandanının hər bir hərbidə xidmət edən əsgərlərimizə diqqət ayırmasına və nümunəvi Ali Baş Komandan olmasına sübutdur".
Süleyman İsmayılbəyli