Politoloq: “Ermənilər ruslara yalnız öz maraqlarını diktə ediblər"
“Bu gün Rusiyanın qazı Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində istifadə olunur. Dağlıq Qarabağda istehsal olunan mallar AİB xətti ilə Rusiyanın ərazisində satılır”.
4 Oktyabr 2016 15:44 Siyasət"Bu gün Rusiyanın qazı Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində istifadə olunur. Dağlıq Qarabağda istehsal olunan mallar AİB xətti ilə Rusiyanın ərazisində satılır". Bunu politoloq Mübariz Əhmədoğlu oktyabrın 4-də keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bizim Rusiyaya qarşı apardığımız siyasəti çox təəssüf ki, Rusiya tərəfi qorxaqlıq kimi başa düşüb: "Hər halda indi elə vəziyyətdəyik ki, həm Rusiyanın bu xəyanəti cavabsız qalmamalıdır, həm də kəskin hərəkət etməməliyik". Politoloqun sözlərinə görə, Ermənistan MDB üzvü olan dövlətin ərazisini işğal etdiyi üçün Rusiya tərəfdən cəzaya məruz qalmalıdır: "Rusiya Dağlıq Qarabağa nəql olunan qazını və AİB çərçivəsində Dağlıq Qarabağ məhsullarını və xidmətlərini dayandırmalıdır". M.Əhmədoğlu hesab edir ki, Kreml "İsgəndər"i heç Ermənistana da verməyib, sadəcə ermənilər öz kanalları vasitəsilə bu işi reallaşdıra biliblər: "Bəlkə də artıq "İsgəndər"in bütün sirləri ABŞ-ın əlindədir. Ermənistan hətta bu raketi istəsə Dağlıq Qarabağda da yerləşdirə bilər. Çünki sahibi Ermənistandır". M.Əhmədoğlu qeyd edib ki, Rusiya hətta iki azərbaycanlı girovu ermənilərin əlindən azad edə bilmir. Politoloq deyib ki, bu tarixən belə olub: "Ermənilər yalnız öz maraqlarını ruslara diktə ediblər. Rusiyanın maraqlarını isə zərrə qədər nəzərə almayıb". Politoloq vurğulayıb ki, Rusiyanın Ermənistanın əlində əsir vəziyyətdə olması bizim xüsusi diqqətimizdə olmalıdır: "Bu Rusiyanın Azərbaycana böyük hörmətsizliyidir. Rusiya Azərbaycanla formalaşmış münasibətlərinə ciddi zərbə vurdu. Ermənilər buna həmişə çalışıblar. Rusiya bir dəfə olsun ermənilərdən soruşmadı ki, niyə görə Rusiya ilə Ermənistan arasındakı vaxtı ilə mövcud olmuş, ən etibarlı dəmir yolu kommunikasiyasını bərpa etmirsiniz".