Referendum baş tutdu

Sentyabrın 26-da səhər saat 8:00-da Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında jurnalistlərə Azərbaycanda keçirilən referendum barədə məlumat verib.

Səsvermə yüksək seçici fəallığı ilə müşayət olunub

Sentyabrın 26-da səhər saat 8:00-da Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Seçkilər" İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında jurnalistlərə Azərbaycanda keçirilən referendum barədə məlumat verib. Diqqətə çatdırıb ki, ümumxalq səsverməsində iştirakı gözlənilən 5 milyon 300 minə yaxın vətəndaşın səs verməsi üçün 5 min 627 məntəqədə hər cür şərait yaradılıb. Bütün məntəqələr müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqdır. Səsverməni 33 ölkədən 117 beynəlxalq müşahidəçi izləyəcək. Səsverməni ümumlikdə 53 mindən çox müşahidəçi izləyəcək. M.Pənahov qeyd edib ki, Azərbaycan seçicilərinin konstitusion haqlarını yerinə yetirilmələri üçün bütün imkanlar yaradılıb. MSK sədi seçicilərə, o cümlədən sosial şəbəkə istifadəçilərinə müraciət edib. Onları hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda, MSK-ya müraciət etməyə çağırıb: "Referendumun yüksək səviyyədə həyata keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları öz vəzifələrini layiqincə yerinə yetirəcək. Bütün arzu edilən və mümkün olan variantlardan istifadə olunub ki, həm seçicilər, həm də müşahidəçilər bu referendumun necə şəffaf keçirilməsinin şahidi olsunlar". Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ümumxalq səsverməsi başlayıb. Xatırladaq ki, seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Prezident də səsvermədə iştirak etdi

Səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunub. Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib. Prezident İlham Əliyev seçki məntəqəsinə daxil olub səsvermə bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədyiblər. Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da referendumda səsvermə hüququndan istifadə edib. Spiker 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsinə gəlib. O.Əsədov Bakının 7 saylı məktəbində yerləşən seçki məntəqəsində səs verib. Spiker bildirib ki, bu səsvermə bir yoxlamadır. "Bu referendum ölkənin gələcək inkişafını təmin edəcək. Səsvermə prosesi yüksək səviyyədə gedir və inanıram ki, günün axırına bu referendumda öz əksini tapan dəyişiklər tam halda qəbul olunacaq". Baş naziri Artur Rasizadə isə 16 saylı Yasamal II Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. 

Paytaxt sakinlərinin seçki fəalığı

Sentyabrın 26-da 26 saylı Sabunçu birinci seçki dairəsinin bütün seçki mənqələri də saat 08:00-da açılıb. Rayon ərazisindəki seçki məntəqələrində səsvermə prosesi demokratik şəraitdə davam edib. 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının (DSK) sədri Hacı Əliyev sözügedən DSK üzrə 37 seçki məntəqəsinin 10-nun veb-kameralarla təchiz edildiyini diqqətə çatdırıb. DSK üzrə 49 min 268 nəfərin qeydiyyat alındığını bildirən H.Əliyev deyib ki, 17 nəfər ilk dəfə səs verəcək. DSK sədri vurğulayıb ki, seçki dairəsinin bütün seçki məntəqələrində səsvermənin demokratik, şəffaf və qanunauyğun şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bütün seçki məntəqələri zəruri texniki vasitələrlə təchiz edilib. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalardan və qeyri-hökumət təşkilatlarından müşahidəçilər izləyirlər.26 saylı Sabunçu birinci seçki dairəsinin bütün seçki mənqələrində yüksək fəallıq müşahidə edilir. 252 nömrəli tam orta məktəbdə yaradılan 19, 20 və 36 saylı seçki məntəqələrində də səsvermənin demoratik və şəffaf keçiriıməsi üçün nümunəvi şərait yaradılıb. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində də referendumun şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb. Bu seçki dairəsinə daxil olan 31 daimi seçki məntəqəsində 34 min 930 vətəndaş qeydiyyatdadır. Onlardan 83 nəfər ilk dəfə səs verənlər, 995 nəfər isə 80 yaşdan yuxarı olan vətəndaşlardır. Dairə seçki komissiyasının sədri Ağabala Quliyev məlumat verib ki, məntəqələr fasiləsiz elektrik enerjisi, rabitə, kompyuterlər və digər avadanlıqlarla təchiz edilib. Seçki məntəqələrinin 10-da veb-kamera quraşdırılıb. Sakinlər referendumda fəal iştirak edirlər. Səhər saatlarında referenduma gələn vətəndaşlar seçki məntəqələrində yaradılan şəraitdən razılıqlarını bildirirlər. Sərhəd Xidməti Akademiyasının hərbiçiləri 34 saylı Xətai seçki dairəsinin 18 saylı məntəqəsində ümumxalq səsverməsində iştirak ediblər. Xətai rayonu üzə 34, 35 saylı seçki dairələrində səsvermə tam şəffaf şəkildə həyata keçirilib. Vətəndaşların aktivliyi yüksək səviyyədə olub. Hər iki dairənin 10 məntəqəsində veb-kameralar quraşdırılıb. Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb.

Cəbhə bölgəsində də fəallıq müşahidə olunub

Cəbhə kəndlərinin sakinləri də səsvermədə fəal iştirak ediblər. Ağdam rayonunda ümumxalq səsverməsi seçicilərin fəallığı ilə müşahidə olunub. Cəbhə xəttində yerləşən Qaradağlı kənd tam orta məktəbinin binasındakı 27 saylı seçki məntəqəsində səsvermə yüksək səviyyədə baş tutub. Səhər saatlarından məntəqələrə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadə ediblər. Seçki məntəqəsində ilkin səs verənlərdən biri - Qaradağlı kənd sakini Mirsiyab Məmmədov yaradılan şəraitdən razılığını bildirərək deyib: "Ümumxalq səsverməsi hər bir ölkənin həyatında mühüm ictimai-siyasi hadisədir. Mən də bir vətəndaş kimi ölkəmiz üçün əhəmiyyətli olan bu prosesdə iştirak etdim. Məntəqədə səsvermə prosesi azad və demokratik keçir. Seçicilər üçün yaradılan şəraitdən razıyam". Məntəqəyə gələnlər arasında gənclər üstünlük təşkil edib. Məntəqə seçki komissiyasının sədri Gülnurə Muradova bildirib ki, məntəqə üzrə 1235 seçici qeydə alınıb. Onlardan 17 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərdir. İlk dəfə olaraq səs vermək hüququndan istifadə edən Elnarə İsmayılova fikirlərini belə ifadə edib: "Belə bir prosesdə iştirak etdiyim üçün çox sevinirəm. Bundan sonra da ölkəmizdə keçiriləcək seçkilərdə fəal iştirak edəcəm". Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı ölkədə keçirilən ümumxalq səsverməsi qərb bölgəsinin Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında uğurlu davam edib. Dairələrin bütün məntəqələrində seçicilərin öz fikirlərini sərbəst şəkildə ifadə etmələri üçün lazımi şərait yaradılıb. Dairələrdən verilən məlumata görə, heç bir məntəqədə qayda pozuntusu qeydə alınmayıb.Səsvermənin gedişi yerli müşahidəçilərlə yanaşı, xarici müşahidəçilər tərəfindən də izlənilib. 92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasının sədri Mehdi İsmayılov bildirib ki, rayon üzrə 48 məntəqədə səsvermə siyahılarından tutmuş bütün seçicilərin, xüsusilə ilk dəfə səs verənlərin maarifləndirilməsinədək təlimata uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Siyahıya rayon üzrə səsvermə hüququ olan 41066 nəfər daxildir. Səsvermədə şəffaflığın təmin edilməsi məqsədilə bütün zəruri işlər görülüb. Referendumun gedişini 495 müşahidəçi izləyib. 8 məntəqədə veb-kamera quraşdırılıb. Lənkəran şəhərində 18 yaşı tamam olmuş 580 nəfər ilk dəfə səs verib.73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasının sədri Kərim Heydərov deyib ki, dairə üzrə 28 seçki məntəqəsi fəaliyyət göstərir. Səs verəcək vətəndaşların sayı 35315 nəfərdir. 12 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə 234 müşahidəçi qeydə alınıb. 7 məntəqədə "Rəy" monitorinq qrupu və "Vətəndaş Cəmiyyəti Uğrunda" təşkilatı "exit-poll" keçirib. 58 saylı Hacıqabul-Kürdəmir Dairə Seçki Komissiyasını (DSK) əhatə edən məntəqələrdə seçici aktivliyi müşahidə edilib. 49 məntəqədə keçirilən referendumda səsvermə siyahısı üzrə seçicilərin sayı 44343 nəfərdir. DSK üzrə 9 seçicinin 100-dən çox yaşı var. 80-100 yaşlı seçicilərin sayı 786 nəfərdir. Ən yaşlı seçici - Pullu Rəcəbovanın 114 yaşı var. 18 yaşına çatmış 703 seçici ilk dəfə səs verəcək. Eyni zamanda Daxili Qoşunların Hacıqabulda yerləşən hərbi hissənin zabit və əsgər heyəti də səsvermədə iştirak edib. Azərbaycanda keçirilən referendumda 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə təşkil olunan səsvermədə 119 yaşlı seçici səs verib. 64 saylı Sabirabad ikinci seçki dairəsinin Qaratuğay kəndində yaradılan 28 saylı məntəqə seçki komissiyasında qeydiyyatda olan kənd sakini, 1897-ci il təvəllüdlü Həsənova Nubah Cabbar qızının yaşadığı ünvana daşınan qutu aparılıb.Qeyd edək ki, 64 saylı Sabirabad ikinci seçki dairəsi 40 seçki məntəqəsindən ibarətdir və dairə üzrə 40331 seçici var. Seçkiləri "online" rejimdə izləmək üçün 5 məntəqədə vebkamera quraşdırılıb. 2 məntəqədə Fransanın "OpinionWay" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi "exit-poll" keçirir. Şimal bölgəsində fəaliyyət göstərən 18 seçki məntəqəsində "exit poll" keçirilib. 51 saylı Qusar seçki dairəsində 1, 52 saylı Quba seçki dairəsində 1, 53 saylı Quba-Qusar seçki dairəsində 7, 54 saylı Şabran-Siyəzən seçki dairəsində 2, 55 saylı Xaçmaz şəhər seçki dairəsində 7 seçki məntəqəsində "exit poll" təşkil edilib. Gəncədəki dörd Seçki Dairəsi üzrə 1497 yerli müşahidəçi qeydiyyata alınıb. Dairə Seçki komissiyalarından verilən məlumata görə, "Rəy" monitorinq qrupu və "Vətəndaş Cəmiyyəti Uğrunda" təşkilatı 22 məntəqədə "exit-poll" keçirir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər Mərkəzi Seçki Komissiyasının "qaynar xətti"nə (115) qanun pozuntusu ilə bağlı hər hansı şikayət daxil olmayıb. Saat 12:00-a qədər 5627 məntəqədən 5604-ü hesabat verib. Fərid Orucov bildirib ki, saat 12:00-a qədər 5 267 111 seçicidən 1 613 879 nəfər səs verib. Qeyd olunan vaxta qədər seçici fəallığı 30,6% təşkil edib. Beləliklə, Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum baş tutmuş hesab edilə bilər. Azərbaycan Seçki Məcəlləsinə əsasən, Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 153-cü maddəsində göstərilən məsələlər üzrə referendumda vahid seçici siyahısında olan seçicilərin 25 faizindən çoxu iştirak etdikdə referendum baş tutmuş hesab olunur. Hələ saat 12:00-a olan məlumata görə isə vahid seçici siyahısında olan seçicilərin 30,6 faizi artıq səs verib. Bu, referendumun baş tutduğunu göstərən amildir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda seçkiləri müşahidə edən beynəlxalq təşkilatlardan olan müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildirirlər.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31