Azərbaycan xalqının arasında böyük ruh yüksəkliyi hökm sürür
“Bu gün Azərbaycan xalqının arasında böyük ruh yüksəkliyi hökm sürür. Hələ aprel ayının 2-5 tarixlərində erməni kəşfiyyat-diversiya qruplarının xəyanətkarcasına etdiyi basqınların qarşısını alan, hətta, onları ağır itki verərək geri çəkilməyə məcbur edən və strateji yüksəklikləri geri alan ordumuzun peşəkarlığı cəmiyyətdə böyük ruh yüksəkliyi və döyüş əhvalını daha da artırdı”.
26 Sentyabr 2016 11:38 Siyasət"Bu gün Azərbaycan xalqının arasında böyük ruh yüksəkliyi hökm sürür. Hələ aprel ayının 2-5 tarixlərində erməni kəşfiyyat-diversiya qruplarının xəyanətkarcasına etdiyi basqınların qarşısını alan, hətta, onları ağır itki verərək geri çəkilməyə məcbur edən və strateji yüksəklikləri geri alan ordumuzun peşəkarlığı cəmiyyətdə böyük ruh yüksəkliyi və döyüş əhvalını daha da artırdı". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sədaqət Vəliyeva yap.org.az saytəna verdiyi müsahibədə səsləndirib: "Şəhid olmuş əsgərlərimiz isə qəhrəmanlar kimi torpağa tapşırıldı və onların ailələri, yaxınları, dostları "Vətən sağ olsun" deyərək, əsl dəyanət, vətəndaşlıq mövqeyi nümayiş etdirdilər. Bu da gənclərimizin, keçmiş döyüşlərimizin döyüş ruhunu daha da artırdı. Bunun nəticəsidir ki, yüzlərlə gənc və Qarabağ qaziləri Müdafiə Nazirliyinə və aidiyyəti qurumlara müraciət edərək, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün döyüşmək arzularını ifadə etdilər". Millət vəkili deyib ki, Prezident İlham Əliyevin cəbhə xəttinə səfər etməsi isə bu ruh yüksəkliyini daha da yüksəltdi: "Hər bir azərbaycanlı gördü ki, bu ölkə 1992-ci ildə olduğu kimi rəhbərsiz və ordusuz deyil. Biz bunu sosial şəbəkələrdəki fəallıqdan, orada xüsusilə gənclərimizin torpaqlarımızın azad edilməsi üçün döyüşmək və şəhidlərimizin qanını yerdə qoymamaq üçün etdiyi müraciətlərdən, fikirlərdən sezdik. Hətta düşmənlərimiz belə müşahidə etdilər ki, Azərbaycan bütün hərbi imkanlara, ən əsası isə xalq-ordu-Ali Baş Komandan birliyinə, istənilən hərbi əməliyyatı reallaşdıra biləcək gücə, qüvvəyə malikdir.
Bütün mövcud faktorlar bir daha Azərbaycanın prinsipial mövqeyinin reallaşdırılmasına və torpaqlarımızın işğaldan azad edilməsinə əlverişli şərait yaradır. Məhz, bunun nəticəsidir ki, prezidentlərin keçirilmiş son iki görüşü Azərbaycanın haqlı mövqeyinin müdafiəsi baxımından əhəmiyyətli oldu. Xüsusilə də, erməni tərəfinin mərhələli həll variantına razılıq verməsi münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə ümidləri artırır. Bir daha demək istəyirəm ki, xalq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə inanır və güvənir. Ona görə də, tam əminliklə deyə bilərəm ki, Ermənistan yenidən münaqişənin həlli prosesini dalana dirəyərsə, qeyri-konstruktivlik nümayiş etdirərsə, o zaman Ali Baş Komandanımızın torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların keçirilməsi barədə əmr verdiyi andan milli-etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı döyüşə gedəcək, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edəcək".