Gənclərimiz 18 yaşında seçilmək hüququ əldə edir
Konstitusiya dəyişiklikləri layihəsində əksini tapmış məsələlər Azərbaycan cəmiyyəti tərəfindən müsbət qiymətləndirilir. Buna baxmayaraq bəzi beynəlxalq təşkilatlar sözügedən yeniliklərin mahiyyətini birtərəfli qaydada şərh etməklə beynəlxalq aləmi çaşdırmaq niyyəti güdürlər.
23 Sentyabr 2016 14:13 SiyasətParlamentdə yaşlılarla yanaşı, gənclər təbəqəsi də formalaşacaq
Konstitusiya dəyişiklikləri layihəsində əksini tapmış məsələlər Azərbaycan cəmiyyəti tərəfindən müsbət qiymətləndirilir. Buna baxmayaraq bəzi beynəlxalq təşkilatlar sözügedən yeniliklərin mahiyyətini birtərəfli qaydada şərh etməklə beynəlxalq aləmi çaşdırmaq niyyəti güdürlər. Bu günlərdə Venesiya Komissiyasının yayımladığı açıqlama dediyimizə bariz nümunədir. Milli Məclisin deputatı, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Malik Həsənov qeyd edib ki, referendum aktı bir sıra mühüm prinsiplərə söykənir. Bu prinsiplərin sırasına demokratik dəyərlərin təminatı, insan hüquqlarına verilən yüksək qiymət, sabitlik, təhlükəsizlik, səmərəli və dayanıqlı idarəçilik daxildir: "Konstitusiyanın 15 maddəsinə insan hüquq və azadlıqları ilə bağlı dəyişikliklər ediləcək. Hansı ki, bu təkliflər bütövlükdə insan haqlarına dair fəsili əhatə edir. Burada təklif edilən dəyişikliklərin əhəmiyyəti ondan ibarətdir ki, insan ləyaqəti ilə bağlı mövcud Konstitusiyada olan 46-cı maddədə müəyyən edilmiş hüquq, artıq ayrıca hüquq kimi deyil, ümumi prinsip kimi bu fəsildə göstərilir. Və bütün digər maddələrə nüfuz edir. Təbii ki, Konstitusiyaya təklif edilən dəyişikliklər içərisində sərbəst toplaşmaq, fikir azadlığı, vətəndaşlıq hüququ, azad sahibkarlıq hüquqları ilə bağlı mütərəqqi yeniliklər və dəyişikliklər vardır". Onun bildirdiyinə görə, referendum aktı layihəsi vasitəsilə xüsusi mülkiyyətin sosial öhdəlik yaratması ilə bağlı konseptual yanaşma gətirilib. Bu yanaşma, qərb hüquq sistemində çoxdan mövcuddur. Bu yanaşmaya görə, xüsusi mülkiyyət mütləq sosial öhdəliyə səbəb olmalı, sosial rifaha xidmət etməlidir. Bunun əsaslarını təmin etməkdən ötrü artıq Konstitusiyamızda ana prinsip müəyyən edilir. Yəqin ki, dəyişikliklər qəbul olunduqdan sonra digər müvafiq qanunlarda bu məsələ tənzimlənəcək: "Həmçinin, layihəyə əsasən ümumi olaraq Konstiutsiyada seçkili və təyinatlı vəzifələr üçün yaş senzi aradan götürülür. Burda təkcə qanunvericilik orqanına münasibətdə deyil, həm prezidentliyə, həm də hakimliyə münasibətdə yaş senzi götürülür. Hesab edirəm ki, bu çox əhəmiyyətlidir. Çünki bu amil dövlət idarəçiliyinə gənclərin daha aktiv cəlb olunmasını təşviq edəcək. Digər əhəmiyyətli istiqamət isə prezidentlik institutunun gücləndirilməsi ilə bağlı olan maddələrdir. Bu maddələr də mövcud qlobal çağırışlardan irəli gəlir. Ümumiyyətlə, bu yöndə dəyişikliklər hər hansı böhran vəziyyətində, xaotik vəziyyətdə dövlət orqanları arasında ünsiyyətin təmin edilməsi, bu kommunikasiyanın daha rahat olmasının təmin edilməsinə hesablanıb. Həmçinin yeni vitse-prezident vəzifəsinin təsis edilməsi, prezidentlik müddətinin artırılması ölkəmizdə sabitliyin təmin edilməsinə, ölkədə aparılan islahatların əhatəsinin genişlənməsinə xidmət edən məsələlərdir". Millət vəkili deyib ki, Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin 18-ə endirilməsi gəncləri çox sevindirir. Onların seçmək hüquqları var idi və artıq bundan sonra da seçilmək hüququ da olacaq. Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Millət vəkili seçilməyin 18 yaşa endirilməsinin əhəmiyyəti odur ki, artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq: "Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstria, Danimarka, Estoniya, İngiltərə və sair Qərb ölkələrində tətbiq edilir. Bu tələblərin götürülməsi eyni zamanda gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcəkdir. Deputat seçilmək üçün 25 yaş tələbinin əsas mahiyyəti namizədlərin müəyyən təhsil, bilik və təcrübə bacarıqlarına malik olmasını şərtləndirməkdir. Deputatın seçkili vəzifə olması, ölkəmizdə majoritar seçki sisteminin tətbiq edilməsi ilə bağlı nəticəni birbaşa vətəndaşların səsinin həll etməsi fonunda 25 yaş tələbi vətəndaşların seçilmə, dövlət idarəetməsində iştirak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu baxımdan bu tələbin götürülməsi demokratik yanaşmadır və müsbət hal kimi qəbul edilməlidir". Deputatın sözlərinə görə, qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı əlavə edilən yeni maddədir. İlkin olaraq bu maddə ilə bağlı elə təəssürat yarana bilər ki, burada yanaşma parlament institutunun rolunun nisbətən zəifllədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə görünür ki, əsas məqsəd daha çox sabitliyin təmin edilməsi və parlamentdaxili böhran, xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsidir: "Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər. Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin konstitusiyalarındada müəyyən edilib. Ölkə Prezidenti tərəfində parlamentin buraxılması məsələsi də bu günün reallıqları baxışından çox mühüm və önəmli məsələdir. Çünki əgər parlament müsbət deyil, mənfi tendensiyalara cavab versə, Prezident onu buraxacaq. Bu da ölkədə özbaşınalığın, xaosun qarşısını almağa xidmət edir. Bütün bu Konstitusiya dəyişikliklərində əsas məqsəd prezident üsul idarəsi olan dövlətimizdə hakimiyyət idarəçiliyinin daha çevik, sürətli və mükəmməl formada həyata keçirməkdir".
Alim