Əli Kərimli cəmiyyətə nümunə ola bilməyib
Son aylar ölkədə maraqlı proseslər müşahidə edilir. Azərbaycan dövləti və xalqı ölkənin gələcək inkişafı, idarəetmə sisteminin təkmilləşdirilməsi üçün Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə referenduma hazırlaşdığı bir ərəfədə ölkəmizin inkişafı, onun artan nüfuzunu həzm edə bilməyən qüvvələr Azərbaycana qarşı növbəti məkrli addımlar atırlar.
23 Sentyabr 2016 13:16 SiyasətHacı Tahir Abbaslı: "Ölkədəki bütün dindar insanları Əli Kərimli tərəfdarı kimi təqdim etmək də düzgün deyil"
"Çünki dindarların mütləq əksəriyyəti hər zaman dövlətin, dövlətçiliyin tərəfində olublar"
Son aylar ölkədə maraqlı proseslər müşahidə edilir. Azərbaycan dövləti və xalqı ölkənin gələcək inkişafı, idarəetmə sisteminin təkmilləşdirilməsi üçün Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə referenduma hazırlaşdığı bir ərəfədə ölkəmizin inkişafı, onun artan nüfuzunu həzm edə bilməyən qüvvələr Azərbaycana qarşı növbəti məkrli addımlar atırlar. Başlıca məqsədləri ölkədə xaos, anarxiya, qeyri-sabit vəziyyət yaratmaq olan xarici dairələr və onların daxildəki havadarları öz siyasi məqsədlərinə çatmaq üçün din amilindən də istifadə edirlər. Hər halda Milli Şura adlanan qurum və Müsavat Partiyasının ötən həftə keçirdiyi aksiya iştirakçılarının çoxunun radikal dindarlardan ibarət olması belə deməyə əsas verir. Təbii ki, siyasilərin öz məqsədlərinə çatmaq üçün din amilindən istifadə etməsi ölkədə haqlı narazılığa səbəb olub. Hətta bir sıra dini inanclı insanlar radikal müxalifətin bu addımını, dindarlardan siyasi məqsəd üçün istifadə etməyi kəskin tənqid edib.
İslam Demokrat partiyasının sədri Tahir Abbaslı hesab edir ki, zaman-zaman müəyyən xarici dairələr öz məqsədlərinə çatmaq üçün daxildəki güclərdən istifadə etməyə cəhd göstərib və bəzən həmin qüvvələr özləri də bilmədən xarici dairələrin təsir dairəsinə düşüb: "Görünən odur ki, Azərbaycana qarşı ciddi mübarizə aparılır və bizi istəməyən düşmən qüvvələr ölkəmizə zərbə vurmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər. İstər qonşu, istərsə də digər ölkələrin Azərbaycanla bağlı siyasi maraqlarınn olduğu heç kəsə sirr deyil. Həmin maraqlı ölkələr isə öz məqsədlərinə çatmaq üçün bir qayda olaraq ölkə daxilindəki müxtəlif güclərdən istifadə etməkdən çəkinmirlər". Tahir Abbaslı bildirib ki, müxalifət düşərgəsindəki bəzi siyasi qüvvələr də asanlıqla həmin xarici dairələrin tələsinə düşə bilirlər. İslam Demokrat Partiyası sədrinin sözlərinə görə, müxalifət düşərgəsində təmsil olunan və xarici dairələrin toruna düşən bəzi siyasi qüvvələr hadisələrə iman, etiqad, əqidə yolu ilə deyil, öz fərdi maraqları, öz istəkləri ilə yanaşırlar: "Bu da ictimai-siyasi prosesdə bəzilərinə şərait yaradır ki, ölkədaxili hadisələrə ciddi təsir etsinlər. Öz iqtisadi, siyasi maraqlarını təmin etsinlər. Hər kəsə bəllidir ki, bu gün regionumuzda çox mürəkkəb situasiya yetişib. Xarici qüvvələr ölkəmizdə sabitliyi pozmağa meyillidirlər. Belə olan vəziyyətdə insanlarımız olduqca diqqətli davranmalı, şirin vədlərə, xoş sözlərə, pafosa aldanmamalıdır. Hesab edirəm ki, belə bir vəziyyətdə hər birimiz dövlətin və dövlətçiliyin yanında olmalıyıq. O da hamıya aydındır ki. ölkədə müəyyən problemlər var və onların həlli istiqamətində zaman-zaman müvafiq addımlar atılır. Bunu Prezident özü də çıxışlarında dəfələrlə qeyd edib. Ancaq bu heç kimə əsas vermir ki, ölkədəki sabitliyi pozsun". Tahir Abbaslı Milli Şuranın mitinqində iştirak edən dindarların bütünlükdə ölkənin dini kəsimini əhatə etmədiyini də söyləyib və bu cür yanaşmanın doğru olmadığını qeyd edib: "Ölkədəki bütün dindar insanları Əli Kərimli tərəfdarı kimi təqdim etmək də düzgün deyil. Çünki dindarların mütləq əksəriyyəti hər zaman dövlətin, dövlətçiliyin tərəfində olublar. Bu gün də onlar eyni mövqeyə, yanaşmaya malikdirlər. Çünki həmin insanlar Suriya, Liviya, İraq, Misir, Yəmən və s. ölkələrdə demokratiya adı altında baş verənlərin, həmin ölkələrin necə xarabalığa çevrilməsinin əyani şahidi olublar. Ona görə də dövlətinə, dövlətçiliyə bağlı olan dindar insanlar qətiyyən anoloji hadisələrin Azərbaycanda yaşanmasını istəməz". Hacı Tahir Abbaslı deyib ki, Milli Şuranın mitinqində iştirak edənlər heç də ora Əli Kərimliyə görə getməyiblər. Partiya sədrinin sözlərinə görə, dindarlar sadəcə səslərinin eşidilməsi üçün aksiyaya qoşulublar: "Bu birmənalıdır ki, Əli Kərimli və Milli Şura fəaliyyətlərində, cəmiyyətə nümunə ola bilməyiblər. Uzun müddət ictimai-siyasi həyatda zor gücünə qalmaq cəmiyyətin tələb etdiyi təfəkkür və iş üsulu deyil. Cəmiyyət vahidləşmək uğrunda mübarizə aparmalıdır. Əli Kərimli və ətrafı o zaman dindarlarla bir ola bilər ki, onlar gündəlik həyatında da dinlə yaşasınlar, dinin buyurduqları ilə yaşayaraq stimul tapsınlar. Bundan sonra onlar cəmiyyətin bütün təbəqələrinə gözəl nümunə ola bilərlər. Bəlkə o zaman ictimai-siyasi həyatda təsiredici gücə çevrilə bilərlər. İndiki mərhələdə isə bu belə deyil". Hacı Tahir Abbaslı onu da diqqətə çatdırıb ki, bəzən bəzi müxalifət partiyaları hakimiyyətə qarşı mübarizəni dövlətçiliyə qarşı mübarizə ilə eyniləşdirir: "Həmçinin nəzərə almaq lazımdır ki, müxalifətçilik düşmənçilik deyil, məntiq və hikmət məktəbidir. Şəxsi istək və arzular bir qayda olaraq dövlətçilik və vətənpərvərlik qarşısında arxa plana keçməlidir. Təəssüflər olsun ki, bir çox siyasi qüvvələrdə bu belə deyil. Ona görə də həmin qüvvələr hər zaman xalq dəstəyindən məhrum olurlar".
Füzuli