İkiləşən Avropa: ABŞ "Qoca qitəni" necə ram edir?
Anlaşılmaz bəyanatlar Avropa Parlamenti nümayəndə heyətinin Bakı səfəri fikirləri çaşdırdı. Qrup rəhbəri, böyük britaniyalı deputat Sayyad Kərimin 20 sentyabrda Bakıda verdiyi açıqlamalara əsaslanıb demək olardı ki, ümumi Qitə adından çıxış etmək səlahiyyəti daşıyan təşkilatlar Azrbaycana yanaşmalarında korrektələr ediblər.
23 Sentyabr 2016 12:19 SiyasətAnlaşılmaz bəyanatlar
Avropa Parlamenti nümayəndə heyətinin Bakı səfəri fikirləri çaşdırdı. Qrup rəhbəri, böyük britaniyalı deputat Sayyad Kərimin 20 sentyabrda Bakıda verdiyi açıqlamalara əsaslanıb demək olardı ki, ümumi Qitə adından çıxış etmək səlahiyyəti daşıyan təşkilatlar Azrbaycana yanaşmalarında korrektələr ediblər. Amma bir gün sonra, 21 sentyabrda Avropa Şurasının Venesiya Komissiyası adından yayılan, 26 sentyabr referendumunun ləkələnməsinə yönələn bəyanat Qitə təşkilatlarının rasionalizmə kökləndiklərini deməyin tez olduğunu göstərdi.
Ənənəyə əsaslansaq, Avropa adından çıxış edən təşkilatların son davranışlarında qeyri-adilik yoxdur. Ermənistanın yüksəldilməsi naminə Qərb təşkilatları həmişə Azərbaycanı aşağılamaq, bütün uğurlarına kölgə salmaq yolu tutublar. Nəinki seçki prosesləri, referendumlar, hətta 2012-ci ildə Bakıda keçirilən Avrovizya mahnı müsabiqəsi, 2015-ci ildə reallaşdırılan I Avropa Oyunları qismində idman yarışları da siyasiləşdirilərək antiazərbaycan bəyanatlar səsləndirmək üçün bəhanə kimi istifadə edilib. İndi paradoks görünən budur ki, ötən illərdə orkestr kimi bir ifa üzərində köklənən təşkilatların bəyanatlarında son iki ildə ciddi fərqlilik ortaya çıxıb. Bu fərqlilik 2015-ci ildə gerçəkləşdirilən I Avropa Oyunları və parlament seçkiləri zamanı qabarıq göründü.
2015-ci ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçirilən zaman, Avropa Parlamenti seçkilərə müşahidə missiyası göndərməkdən imtina etməklə prosesin demokratikliyini şübhəyə aldı. Bununla kifayətlənməyib, seçkilər barədə qaralayıcı qətnamə yaydı. Amma Avropa Şurası Parlament Assambleyası həmin seçkiləri müşahidə etdi və müsbət bəyanat verdi.
Bu il rollar dəyişib. İndi Avropa Parlamenti 2015-də yol verdiyi səhvi aradan qaldırmaq çabası göstərir, barışıq üçün Bakıya nümayəndə heyəti göndərir. Əksinə, Avropa Şurası referendum aktını ləkələmə yolu tutmaqla, rəsmi Bakı ilə baş-başa gəlir.
İlk baxışdan anlaşılmaz görünsə də, Avropa təşkilatlarından sərgilənən paradoksal münasibətin açması da tapılıb. Bu, təkcə rəsmi Bakını daimi təzyiq altında saxlamaq üçün qurulmuş tamaşa deyil. Eyni zamanda, Avropanın yönəldiciləri arasında yaranmış dərin çatın göstəricisidir.
Azərbaycanla əməkdaşlıqda Avropanın marağı
Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi ümumqitə təşkilatları ilə əməkdaşlıq etmək təkcə Azərbaycanın istəyi deyil. Qarşılıqlı maraqlar var və onların nədən ibarət olduğunu prezident İlham Əliyev AİP təmsilçiləri ilə görüşündə lakonik ifadə etdi: "Azərbaycan strateji tərəfdaşlığı hədəfləyərək Avropa İttifaqı ilə əlaqələrini genişləndirməyə can atdığı kimi, Avropa İttifaqı da bizimlə münasibətləri dərinləşdirməyə çalışır. Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanır. Yeri gəlmişkən, Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq". Coğrafi ərazi, strateji mövqe, mədəni əlaqələrdən başqa, Avropa təşkilatlarını ölkəmizə cəlb edən həm də enerji təhlükəsizliyidir. Azərbaycan Avropanın enerji thlükəsizliyinin təmin edilməsində həlledici rola malikdir və bu məqam Avropanın ən ali təmsilçiləri tərəfindən dəfələrlə bəyan edilib. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn isə 2016-cı ilin yanvar ayında KİV-ə verdiyi açıqlamada (Trend İnformasiya Agentliyinə) bu yöndə mövcud olan durumu tam çılpaqlığı ilə ifadə etdi: "Avropa ölkələri onları çətin vəziyyətdə qoyan enerji infrastrukturu mirasından əziyyət çəkirlər. Bu ölkələr vahid dominant tədarükçü olan Rusiyadan qaz almaq məcburiyyətindədirlər. Rusiya isə bu mövqeyindən iqtisadi və siyasi təsir vasitəsi kimi istifadə edir, Avropanı özünün siyasi qərarlarına tabe etdirmək üçün fakt qarşısında qoyur". Avropanı mövcud asılılıqdan xilas etmək üçün planlaşdırılan layihələr arasında ABŞ təmsilçisi ön sırada "Cənub Qaz Dəhlizi"nə istinad etmişdi. Bildirmişdi ki, "Cənub Qaz Dəhlizi" Azərbaycandan təbii qazı Avropaya çatdırmaqla, yeni marşrut üzrə qaz tədarükünü təmin edəcək, Avropanı Rusiyanın asılılığından xilas edəcək. Azərbaycan Avropanın milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır və oynayacaq".
İndi sual yaranır: Avropa onun üçün xilaskara çevrilən bir ölkə ilə nədən belə ikibaşlı davransın, öz maraqlarını təhlükə qarşısında qoysun?! Bu, ənənəvi "bir əldə kökə, bir əldə kötək" prinsipidirmi, yoxsa fərqli nüanslar var?
ABŞ-dan gələn siqnal
Sirr deyil ki, 26 sentyabr referendum aktı ilə bağlı əks kampaniyanın başlanmasına ABŞ start verdi. ABŞ Konqresinin Helsinki komissiyasının rəhbəri, konqresmen Kristofer Smitin referendum aktıyla bağlı bəyanat verməsi, paralel olaraq, sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının Azərbaycanla bağlı dinləmələr keçirməsi Avropa təşkilatlarının da hərəkətə keçmələri üçün siqnal oldu. Bu, bir ənənədir. 2015-ci ildə, I Avropa Oyunlarının təmtəraqlı açılış mərasimini pozmaq üçün quraşdırılan kampaniya da belə başlamışdı. l Avropa Oyunlarınının "boykot"una nail olmaq üçün Avropa ölkələrinə təzyiqdən başlamış, kampaniyanı icra edəcək obyektlərin və tezislərin müəyyənləşdirilməsinə qədər hər bir detal ABŞ-da işlənmişdi. ABŞ QHT-ləri, hüquq müdafiə təşkilatları "I Avropa Oyunlarının Avropa üçün əhəmiyyətsizliyindən" başlamış, möhtəşəm "idman yarışları insan haqları pozulan ölkədə keçirilə bilməz" tezislərinə qədər ən müxtəlif şüarları gündəmə gətirmklə, I Avropa Oyunları proqramının pozulmasına nail olmaq, nəticədə Azərbaycanı fakt qarşısında qoyub ABŞ-ın təzyiqlərinə boyun əydirmək istəyirdilər.
Həmin vaxt ATƏT-də Azərbaycan əleyhinə kampaniyaya da ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Daniyel Boyen rəhbərlik edirdi. Onun ATƏT-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Şahtaxtinski ilə bağlı sərgilədiyi mövqeni hər kəs xatırlayır. I Avropa Oyunları ilə plan baş tutmayınca, parlament seçkiləri hədəf alındı. Avropa Parlamenti vasitəsilə seçkilərin pozulmasına cəhd göstərildi. Sırada Avropa təşkilatları görünsələr də, arxada ABŞ-ın dayandığı hər kəsə bəlli oldu.
ABŞ Avropanı öz maraqlarını qurban verməyə necə məcbur edir?
Belə proqramlar ABŞ texnoloqları tərəfindən dəfələrlə icra edilib. Məkan və məqsəd fərqli olsa da, texnologiya bənzərdir. Faktlar sübut edir ki, ABŞ 2-ci Dünya Müharibəsindən ötən 70 il müddətində ümumilikdə Avropa məkanını "QHT-lər", "Hüquq müdafiə təşkilatları", "Dövlətlararası təşkilatlar" adlı sadə mexanizmlərlə idarə edib: ABŞ-ın bu məkanda maraqları təhlükəyə düşəndə peyk QHT-lərin "prinsipiallıq duyğusu" da baş qaldırır. ABŞ-ın təsir dairəsində olan vətəndaş cəmiyyəti institutları vasitəsilə səfərbər olunan cəmiyyətlər milli hökumətləri fakt qarşısında qoymaqla, onları güzəştlərə sövq edə bilirlər. Bəs bu "Milli QHT-lər" əsas vəsaiti haradan alırlar? ABŞ donorlarından. Hansı ki, onların da büdcəsi USAİD vasitəsilə ABŞ Dövlət Departamentinə bağlanır.
Bu cür proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. Avropada yüzlərlə "milli QHT"lər var. Qılafı avropalı, ürəyi amerikalı olan bu peyk təşkilatları ayaqda saxlamaq və lazımi anda hərəkətə keçirmək üçün ciddi xərc tələb olunmur. Daha doğrusu, bu QHT-lərə ABŞ-ın sərf etdiyi hər bir sent, mahiyyət etibarilə milyonlara dönüb ABŞ-ın özünə qayıdır.
2014-cü ilin yanvar ayında ABŞ dövlət katibinin müavini xanım Nulandın ABŞ-ın Ukraynadakı səfiri Ceffery Payettlə söhbəti ictimailəşdirildi. Bəlli oldu ki, Ukraynadakı gərgin durumu müzakirə edən Dövlət Departamentinin rəsmisi səfirdən bu ölkədə ABŞ-ın maraqlarının təmsilçisi olan Arseni Yatsenyukun yeni hakimiyyət quruculuğu prosesinə cəlb olunmasını tələb edib. ABŞ-ın planlarından bəlli olurdu ki, Yatsenyuk yeni hakimiyyətin formalaşması prosesinə rəhbərlik etməli və bütün imkanlar bu iş üçün səfərbər olunmalıdır. O, Avropa dövlətlərinin maraqları barədə səfirdən eşitdiyi cavaba məşhur ".... EU" ifadəsi ilə reaksiya verərək ABŞ-ın Avropa məkanı və bu qitənin ayrı-ayrı ölkələri barədə gerçək düşüncələrini büruzə verdi. Aydınlaşdı ki, ABŞ öz maraqlarının təmin edilməsi üçün nəinki rəqib ölkələri, hətta müttəfiqlərini və bütövlükdə Avropa məkanını xarabalığa çevirməkdən çəkinmir. "EU" isə müstəqil güc mərkəzi deyil, iradəsi öz əlində olmayan qurumdur.
Edvard Snoudenin məlum açıqlamaları isə ABŞ-Avropa mövzusunda pik nöqtə oldu. Bəlli oldu ki, ABŞ hətta ən yaxın müttəfiq dövlətlərin başçılarının telefon danışıqlarını dinləyir, onların haqqında kompromat toplayır və itaətsizliyə görə ciddi cəzalandırmaq iqtidarındadır. Ən maraqlısı isə bu oldu ki, Edvard Snoudenin açıqlamalarından sonra aşağılanmış Avropa liderləri bu biabırçılığa sərt reaksiya verə, hər hansı tədbir görə bilmədilər.
Müşfiq Ələsgərli
Milli.Az