Sifariş böyük yerdəndir: Azərbaycanı "baltalamaq" lazımdır

Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) 17- 18 mart 1996-cı ildə keçirilən iclasında bu komissiyaya üzv qəbul edilib. O vaxtdan bəri Venesiya Komissiyası 20 il ərzində Azərbaycanın müraciəti əsasında bir sıra qanunların Avropa Şurası standartlarına uyğunlaşdırılmasında rəsmi Bakı ilə əməkdaşlıq edib. Tənqid və iradlar qarşılıqlı müzakirə olunub, yekunda hər iki tərəfi razı salan nəticə ortaya çıxıb.

Amma, deyəsən, Komissiyaya göz dəydi. Nə oldusa, bu qurum Azərbaycanın xahişi, müraciəti olmadan referenduma çıxarılan Konstitusiyaya dəyişikliklər layihəsini götürüb özbaşına öz süzgəcindən keçirdi və məlum oldu ki, onlar demokratik prinsiplərə yaddır, hüquq normalarına ziddir və Avropa standartlarına uyğun gəlmir. 

Əvvəla, qeyd edim ki, Venesiya Komissiyasının nimzamnaməsinə görə, o, Avropa Şurası nəzdində Avropa Şurası ölkələrinin qanunlarını mütəmadi təhlil edən konstitusiya hüququ üzrə yalnız məsləhətçi bir orqandır. Yəni, bu Komissiya yalnız təklif edə, rəy verə bilər, amma hökm çıxara bilməz.

İkincisi, əgər hər hansı ölkə bu Komissiyanın rəyini öz milli maraqlarına zidd hesab edərsə, o zaman bu məsləhətçi orqanın rəyi rədd edilə bilər.

Üçüncüsü, həmin nizamnaməyə görə, bu komissiyaya AŞPA və ya hər hansı dövlət müraciət edə bilər. Lakin burada bir istisna var. Hər hansı dövlət yalnız qanunu qəbul edən digər dövlətin icazəsi ilə bu Komissiyaya müraciət edə bilər. İndiki halda isə Konstitusiyasına dəyişikliyi ümumxalq səsverməsinə çıxarmış Azərbaycanın razılığı alınmalı idi. Deməli, bu komissiyanın Azərbaycan hökumətinin icazəsi olmadan ölkəmizin konstitusiya hüququ ilə bağlə hər hansı məsələni müzakirə etməyə ixtiyarı yoxdur. Yəni, qanunun aliliyinin müdafiəsində durmalı olan Venesiya Komissiyası özü qanunları pozub.

İndi Komissiya deyir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu sentyabrın 5-də Parisdə keçirilən iclasında ondan Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumu qiymətləndirməyi xahiş edib.

İndi burada bir neçə sual doğur:

Əvvəla, niyə Büro referenduma cəmi 2 həftə qalmış belə bir xahişlə çıxış edib?

İkincisi, niyə rəsmi Bakı belə bir sorğu barərə məlumatlandırılmayıb?

Üçüncüsü, Venesiya Komissiyası cəmi iki həftə ərzində Azərbaycan Konstitusiyasına edilməsi nəzərdə tutulan 29 dəyişikliyi necə hərtərəfli araşdıra və təhlil edə bilərdi?

Dördüncüsü, Komissiya Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər layihəsinin hansı dildə və kim tərəfindən hazırlanmış tərcüməsi əsasında təhlil apararaq rəy verib?



İlk 3 sualın cavabı hələ də müəmma olaraq qalır. Dördüncüyə gəlincə, Komissiyanın rəsmi saytında bununla bağlı təəccüb və gülüş doğuran bir açıqlama verilib: "Ekspert rəyi Azərbaycan Konstiitusiyasına dəyişikliklərin ingilis dilinə qeyri-rəsmi tərcüməsi əsasında hazırlanıb". 

Keçək digər məsələlərə. Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərin izahını tamamilə yanlış, kontekstdən çıxmış formada təqdim etməyə çalışır.

Komissiya hesab edir ki, Referendum Aktı qəbul edilərsə, vitse-prezidentlər vəzifəsinin təsis olunması qeyri-qanuni, onların prezidentlər tərəfindən təyin edilməsi isə qeyri-demokratikdir. Əgər biz Venesiya Komissiyasının məntiqi ilə çıxış etsək, onda gərək ABŞ-ı və bir sıra Avropa ölkələrini də ən böyük qeyri-demokratik dövlətlərdən sayaq.

Mən nə vitse-prezidentin seçkili vəzifə olması ilə bağlı demokratik standartların olmamasından, nə də Komissiyanın digər maddələrlə bağlı verdiyi rəylərdən geniş danışmaq istəmirəm. Çünki bu orqan elə bircə istinadı ilə özü hər şeyə cavab verib.

Belə ki, Venesiya Komissiyasının yaydığı hesabatın 25-ci bəndində Azərbaycan Konstitusiyasının mövcud olmayan 159-cu (?) maddəsinə istinad olunur. Xatırladım ki, Azərbaycanın Konstitusiyasında cəmi 158 maddə var. Görəsən, bu həşəmətli Komissiya digər qanunlarla da bağlı hesabat və rəylərini bu cür hazırlayıb?

Nə isə... Əsas məsələ odur ki, bu orqan (?) artıq qərəzli və birtərəfli formada da olsa, Azərbaycanın əleyhinə bir hesabat hazırlayıb. İndi də, yəqin ki, az sonra ABŞ-da və Avropada Azərbaycanla bağlı növbəti dinləmələr keçiriləcək. Azərbaycanı "ürəkdən sevən" oratorlar da bu dəyişikliklərin hüquq normalarına və Avropa standartlarına cavab vermədiyinə dair boğaz yırtacaq və təbii ki, bu məsələdə Venesiya Komissiyasının rəyinə istinad edəcəklər. Yəni AŞPA-nın və onun balaca orqanının tələskənliyi də məhz buradan qaynaqlanır. Sifariş də elə bu məqsədlə edilib. Onların məntiqinə görə, Afrika, Cənubi Amerika ölkələrinin Konsitusiya və qanunları normaya uyğundur, Azərbaycanınkı isə yox. 

Xanımlar və cənablar, məntiqiniz məntiqsizlikdən ibarətdir. Məqsəd birdir - Azərbaycanı "baltalamaq", onun inkişafına və güclənməsinə gətirib çıxaracaq istənilən addımın atılmasına mane olmaq, əngəlləmək, zəiflətmək.

Bağışlayın, sizə cinsinizə müvafiq müraciət etdim. Yəqin artıq bu da normalara uyğun deyil, gərək üçüncü, dördüncü cinslərə (nacinslərə) də xitab edəydim. Yoxsa, məni də seksist adlandırıb xitabımın yeni normalara uyğun olmadığını deyəcəksiz...

İlkin İzzət
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31