Radikallar üçün dövlətçilik anlayışı yoxdur
Ümumxalq səsverməsinin tarixi yaxınlaşdıqca ölkədə siyasi aktivlik bir qədər də artır. Keçirilən görüşlərdə əhalinin ümumxalq səsverməsi, konstitusiya islahatlarına yüksək dəstəyi nümayiş olunsa da, lakin bəzi daxili qüvvələr və onların xaricdəki havadarlarını bu situasiya qane etmir.
22 Sentyabr 2016 16:17 SiyasətRamiz Alıyev: "Onların xaos, anarxiya tərəfdarı olduqları, ölkədə qarşıdurma cəhdi göstərdikləri təşkil etdikləri aksiyalara radikal dindarları cəlb etməsinin fonunda aydın görünür"
Ümumxalq səsverməsinin tarixi yaxınlaşdıqca ölkədə siyasi aktivlik bir qədər də artır. Keçirilən görüşlərdə əhalinin ümumxalq səsverməsi, konstitusiya islahatlarına yüksək dəstəyi nümayiş olunsa da, lakin bəzi daxili qüvvələr və onların xaricdəki havadarlarını bu situasiya qane etmir. Elə bu səbəbdəndir ki, antiAzərbaycan şəbəkənin sifarişi əsasında radikal müxalifət referendum ərəfəsində ölkədəki ictimai-siyasi sabitliyi pozmağa, ümumxalq səsverməsinə hansısa formada mane olmağa çalışır. Hər halda radikalların ötən həftələrdə keçirdiyi etiraz aksiyaları belə deməyə əsas verir. Ancaq görünən odur ki, radikal müxalifət yenə də pərişan duruma düşüb. Gözlədiklərinin əksinə olaraq radikal müxalifətin keçirdiyi mitnqlərə maz sayda insanların qatılması bu düşərgənin "liderləri"ni xaricdəki havadarlarının yanında gözü kölgəli edib. Çünki mitinqlərə on minlərlə insan çıxaracaqları vədi ilə xaricdən aldıqları maliyyə vəsaitini dədə malı kimi mənimsələr də, lakin ortaya güc qoya bilməyiblər.
Strateji Araşdırmalar İnstitunun rəhbəri, politoloq Ramiz Alıyev deyir ki, radikal müxalifət bundan sonra 100 dəfə də mitinq keçirsə, həmin aksiyaya arzu etdiyi sayda insan toplaya bilməyəcək: "Çünki bu qüvvələrin artıq siyasi erası bitib. Həmçinin radikalların öz arasında gedən birincilik davası, müxalifətin birincisi olmaq uğrunda aparılan mübarizə cəmiyyəti onlardan ayrı salıb. Bu gün iki partiya belə mitinq keçirmək məsələsində ümumi razılığa gələ bilmir, bir-birinin ayağının altını qazırsa xalq həmin qüvvələrə necə inana, onlara dəstək verə bilər? Digər tərəfdən Azərbaycan vətəndaşları ölkəmizin xaosa, anarxiyaya çevrilməsini qətiyyən istəmirlər. Xalq yaxın və uzaq qonşularımızda cərəyan edən prosesləri, ərəb baharı adı altında müsəlman ölkələrinə gətirilən müsibətləri, qırğınları gördüyü üçün ölkədə sabitliyi pozmağa, Azərbaycanı parçalamağa çalışan qüvvələrə dəstək vermir". Ramiz Alıyev qeyd edib ki, radikalların xaos anarxiya tərəfdarı olduqları, onların ölkədə qarşıdurma cəhdi göstərdikləri təşkil etdiyi aksiyalara radikal dindarları cəlb etməsinin fonunda aydın görünür: "Məlum olduğu kimi millilikdən tamamilə uzaq olan Milli Şura adlanan qurumun istər 11 sentyabr istərsə də 18 sentyabr mitinqinin iştirakçılarının əksəriyyətini radikal dini cərəyanların nümayəndələri təşkil edib. Onların səsləndirdiyi şüarlar, qaldırdıqları plakatlardan da aydın görünürdü ki, mitinq iştirakçılarının çoxunu radikal dindarlar təşkil edib. Hesab edirəm ki, bu kifayət qədər təhlükəli tendensiyadır. Göründüyü
kimi Milli Şura, xüsusilə də Əli Kərimli öz çirkin siyasi məqsədlərinə nail olmaq üçün din amilindən vasitə kimi istifadə edir. Bu amil də öz-özlüyündə Əli Kərimlinin nə dərəcədə fürsətcil, şəxsi və partiya maraqları naminə hansı vasitələrə əl atdığını sübuta yetirir". SAİ rəhbəri deyir ki, əslində Əli Kərimlidən başqa bir münasibət də gözləmək yersizdir: "Çünki bu insanın fəaliyyətinin ana xəttini Azərbaycan dövlətçiliyi əleyhinə mübarizə aparmaq, ölkəmizin nüfuzuna, onun artan imicinə zərbə vurmaq təşkil edir. Bunun üçün Əli Kərimlinin istənilən qüvvə ilə, hətta erməni lobbisiylə əməkdaşlıq etməsi mümkündür. Necə ki, bu günlərdə onun oğlu olan Türkel Kərimli Birləşmiş Ştatlarda təşkil olunan Azərbaycan əleyhinə dinləmədə separatçı Dağlı Qarabağ rejiminin rəhbəri Bako Saakyanın oğlu ilə bir sırada yer aldı. Ona görə də bu insanlardan başqa nəsə gözləməyə dəyməz". Ramiz Alıyevin sözlərinə radikal müxalifət üçün Vətən, millət, xalq, dövlətçilik anlayışı yoxdur: "Radikallar üçün bu anlayışlar sonuncu sırada yer alır. Onlar üçün əsas hədəf necə olursa olsun hakimiyyətə gəlməkdir". SAİ rəhbəri hesab edir ki, radikal müxalifətin Azərbaycanı xaosa sürükləmək yolu ilə hakimiyyətə gəlmək istəyi baş tutmayacaq: "Çünki Azərbaycan xalqı hazırkı siyasi idarəçilikdən, mövcud hakimiyyətdən tam razıdır. Prezidentinə, dövlətçiliyə sadiq olan Azərbaycan xalqı sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsində bir daha bunu əyani şəkildə sübuta yetirəcək. Bununla da Azərbaycanda siyasi sabitsizlik yaratmaq istəyən həm daxildəki, həm də xaricdə qüvvələrə öz sözünü deyəcək. Və nəticə etibarilə Azərbaycan sürətli inkişaf yolunu davam etdirıcək. Bu yol Azərbaycan dövləti və xalqını yeni-yeni uğurlara, nailiyyətlərə aparacaq. Bu uğurlardan Azərbaycanın dostları sevinc hissi keçirdiyi halda, onun düşmənləri məyus olacaq".
Məhəmməd