Müxalifətin mitinq şousu nəyə xidmət edir?
Azərbaycan siyasi səhnəsində heç bir çəkiyə malik olmayan radikal meyillilər özlərinin maddi maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər.
22 Sentyabr 2016 15:40 SiyasətAzərbaycan cəmiyyəti radikal müxalifətə etimad göstərmir
Azərbaycan siyasi səhnəsində heç bir çəkiyə malik olmayan radikal meyillilər özlərinin maddi maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada özünü radikal müxalifət kimi təqdim edən AXCP, "Müsavat" və Milli Şura kimi radikal siyasi qruplaşmalar daha canfəşanlıq edir. Baxmayaraq ki, dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən qınanır, ancaq onlar öz fəaliyyətlərini davam etdirirlər. Çox təəssüf ki, bu fəaliyyət anti-Azərbaycan dairələrin doktəsi ilə həyata keçirilir. Referendun öncəsi qondarma Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının keçirdiyi növbəti mitinq radikal müxalifətin hansı məqsədlər və prinsiplər əsasında çıxış etdiyini bir daha ortaya qoydu. Cəmiyyət bir daha gördü ki, özlərini ictimaiyyətə müxalifət liderləri kimi təqdim edən Əli Kərimli və Cəmil Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıblar. Bu isə ona dəlalət edir ki, xalqın mənafeyinə zidd mövqedə duran bu dağıdıcı ünsürlər anti-Azərbaycan dairələrin "siyasi alət"i qismində çıxış edirlər. Ümumiyyətlə, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları "himayə edən" mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər. Daha da dəqiq desək, radikal müxalifət qarşıdurma və dağıdıcılıq təbliğ etməklə məşğuldur. Çox təəssüf ki, bu çirkin oyuna radikal islamçıların da cəlb edilməsi faktlar sırasındadır. Daha acınacaqlı hal odur ki, radikal dindarlar adı altında qadın və azyaşlı uşaqlar aksiyalara cəlb olunur. Cəlb olunduğu aksiyanın mahiyyətini belə dərk etməyən bu toplum dini şüarlar səsləndirməklə başları üzərinə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətinə görə həbs olunmuş şəxslərin və hətta "İŞİD"in bayrağını qaldırmış olurlar. Politoloq Nurlan Qələndarov hesab edir ki, radikal müxalifətin bu cür mövqe və fəaliyyəti bir daha onların siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmələrinə dəlalət edir: "Sirr deyil ki, geniş sosial bazaya, reytinqə malik olan, siyasi palitrada rasional fəaliyyət mexanizmi ilə təmsil olunan subyektlər innovativ fəaliyyət mexanizminə malik olur, təmsil etdiyi elektoratın maraqlarının təmin olunması yönündə əhəmiyyətli nailiyyətlər əldə edir və nəticə etibarilə vətəndaşların önəmli dərəcədə dəstəyini qazanır. Amma müxalifət siyasi palitrada rasional surətdə təmsil olunmadığından, özünün fəaliyyətini müəyyən xarici qüvvələrin maraqları üzərində qurduğundan ilk növbədə vətəndaş etinasızlığı ilə qarşılanır. Digər tərəfdən, radikal ünsürlər istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Onlar Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdırlar". Onun bildirdiyinə görə, paralel olaraq dağıdıcı düşərgə təmsilçiləri terrorçu və radikal qruplaşmaları dəstəkləməklə öz siyasi simalarını aşlkar şəkildə ortaya qoyurlar: "Təsadüfi deyil ki, radikal müxalif qruplaşmalarının duran antimilli ünsürlər, onların nəzarətində olan media vasitələri "Müsəlman Birliyi Hərəkatı" adlanan terrorçu təşkilatı müdafiə edib, hətta bu təşkilatın üzvləri tərəfindən yol verilən cinayət tərkibli əməllərə bəraət qazandırmağa çalışıblar. Bununla da onlar Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verib və terrorçularla həmrəy olduğunu açıq göstəriblər. Başqa bir fakta diqqət yetirək. Mitinqdə qondarma "Milli şura"nın mitinq şousunda "İŞİD" bayrağının qaldırılması təsadüfi deyil. "Milli şura"da cəm olmuş radikal düşərgə nümayəndələrinin bu cür ekstremist mövqedən çıxış etmələri təəccüblü görünmür. Bundan öncə dəfələrlə məlum olub ki, dağıdıcı düşərgə, xüsusilə də radikal müxalifət partiyalarının təmsilçiləri erməni lobbisini başlıca tərəfdaş kimi qəbul edib və ən ifrat daşnaklardan belə artıq ermənilik edirlər". Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti radikal müxalifətə etimad göstərmir: " Radikal müxalifət cəbhəsində baş verənlər sözügedən düşərgənin təmsilçilərinin siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmiş ünsürlər olduğunu bir daha təsdiqləyir. Siyasi sistemin autsayderinə çevrilən dağıdıcı düşərgə təmsilçiləri xalqın etimadını doğrultmadıqlarından yenə də xarici qüvvələrə üz tuturlar. Hətta iş o yerə çatıb ki, radikal müxalifət bəzi xarici qüvvələrə müraciət edərək seçkilər məsələsini müzakirə predmetinə çevirir, guya bu vasitə ilə hakimiyyətə gələcəklərinə özlərini "inandırırlar". Amma bu ünsürlər sadə bir gerçəkliyi dərk etmirlər ki, iqtidar olmaq - hakimiyyətə gəlmək üçün hansısa xarici dairələrdən yox, məhz xalqdan dəstək almaq lazımdır. Azərbaycan cəmiyyətinin nümayəndələrinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi isə bəllidir: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran, həmçinin, bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad etmir".
Alim