Haqqımızı tapdalayan haqq istəyə bilməz
Adətən nahaq məsələləri haqqa yönəltmək məqsədi daşıyan düşüncələrə sərt mövqe deyilir. Bir də ədalətli, qətiyyətli mövqe var. Mən deyərdim ki, dünən prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndələri ilə çoxlarının dediyi kimi sərt yox, ədalətli, qətiyyətli mövqe nümayiş etdirdi.
21 Sentyabr 2016 19:00 SiyasətAdətən nahaq məsələləri haqqa yönəltmək məqsədi daşıyan düşüncələrə sərt mövqe deyilir. Bir də ədalətli, qətiyyətli mövqe var. Mən deyərdim ki, dünən prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndələri ilə çoxlarının dediyi kimi sərt yox, ədalətli, qətiyyətli mövqe nümayiş etdirdi.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Regional və Mədəniyyət komitələrinin üzvü Fəzail İbrahimli ötən gün ölkə başçısı İlham Əliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşdə birliyin Azərbaycana qarşı tutduğu mövqe ilə bağlı tənqidi fikirlərinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və heç kim ona iradəsini diktə edə bilməz. Azərbaycanın haqqı tanınmayınca heç kimin bizdən nəsə tələb etməyə haqqı yoxdur:
"Artıq 25 ildən yuxarıdır ki, səbr kasamız dolur. Dünyada gedən proseslərin də mahiyyəti aydındır. Bir tərəfdə insanların başına bomba yağdırır, digər tərəfdə insan hüquqlarından danışır. Bir milyon qaçqın haqqında düşünmür, bir satqın jurnalisti dünya səviyyəsində müdafiə edir. Prezidentin də qətiyyətli mövqeyi həqiqətin tapdalanmasına, haqqın boğulmasına, beynəlxalq gücün beynəlxalq hüquqa diktəsinə, eyni zamanda Azərbaycanın haqq işinə münasibətdə ədalətsiz mövqeyinə qarşı idi. Nəhayət, hər kəs öz yerini, həddini, hüdudunu bilməlidir. Mən müstəqil dövlətəmsə, heç kimin qabağında hesabat verə bilmərəm. Ən uzağı, dünyada gedən proseslərə, demokratik proseslərə qoşulmaq istəyində ola bilərəm. Milləti, milli maraqları heç nəyə qurban vermək olmaz.
Bir məqamı da xüsusi qeyd etmək istərdim. Cənab prezidentin dünənki çıxışı həm də bəyanat xarakterli idi. Bizdən yalnız tələb olunur. Əvvəlcə mənim haqqımı tanı, sonra məndən nəsə tələb elə. Haqqı tapdalayan haqq tələb edə bilməz".