Venesiya Komissiyasından Azərbaycana qarşı qeyri-obyektiv yanaşma

Dünən Azərbaycan Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının saytında Referendum Aktının layihəsi ilə əlaqədar yerləşdirilmiş ilkin rəylə bağlı mətbuat konfransı keçirib.

Şahin Əliyev: "Komissiyanın rəyi ilə tanış olan hər kəsdə bunun siyasi sifariş olduğu qənaəti yaranır"

Bu gün Azərbaycan Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının saytında Referendum Aktının layihəsi ilə əlaqədar yerləşdirilmiş ilkin rəylə bağlı mətbuat konfransı keçirib.  Azərbaycan tərəfinin hər zaman Venesiya Komissyası ilə əməkdaşlıq etdiyini, bir qayda olaraq bir çox məslələrdə tərəflərin məsləhətləşmələr apardığını diqqətə çatdıran PA-nın şöbə müdiri qeyd edib ki, hər zaman tərəflər bir-birinin rəyinə hörmətlə yanaşıb: "Adətən hər hansı bir məsələ barədə ilkin rəy hazırlandıqdan sonra həmin rəy Azərbaycan tərəfinə göndərilir, Azərbaycan tərəfinin fikirləri öyrənilir, arqumentlər dinlənilir. Ancaq naməlum səbəblərdən bu dəfə bu prosedur kobudcasına pozulub". Şahin Əliyev deyib ki, sözügedən rəy AŞPA sədrinin sorğusu əsasında hazırlanıb və sentyabrın 6-da Venesiyya Komissiyasına daxil olub: "Cəmi iki həftə müddətində hazırlanan rəydə Azərbaycan tərəfinin mövqeyi dinlənilməyib.  Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb, biz fakt qarşısında qoyulmuşuq". PA-nın şöbə müdiri Venesiya Komissiyasının hazırladığı rəydə kifayət qədər kobud səhvlərin yer aldığını söyləyib: : "Məsələn, rəyin 25-ci bəndində Konstitusiyanın 159-cu maddəsinə istinadən edilir. Ancaq Konstitusiyamız cəmi 158 maddədən ibarətdir, 159-cu maddə yoxdur. Əsas narazılıqları isə icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır. Daha dəqiq desək söhbət referendum aktı qəbul edilsə, təsis olunacaq vitse-prezidentlər institutundan gedir. Qeyd olunur ki, təyinatlı vitse-prezidentlik institutu demokratik deyil. Çünki vitse-prezident seçki ilə seçilməyib. O zaman sual olunur ki,  hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur. ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə vitse-prezident icra edir. Vitse-prezident bu səlahiyyəti icra edə bilmədikdə, prezidentin səlahiyyətini seçilməmiş nazirlər ardıcıllıqla bu vəzifəni icra edir. Heç kim də bunu qeyri-demokratik adlandırmır". 

Şahin Əliyev bildirib ki, Nazirlər Kabinetinin ölkədə islahatların lokomotivinə çevrilə bilmədiyi mətbuatda dəfələrlə  vurğulanıb: "Bu fikirlə müəyyən qədər razılaşmaq olar. Hər ay dəyişən iqtisadi vəziyyət, maliyyə siyasətində Nazirlər Kabineti aparıcı rol oynaya bilməyib. Çünki Nazirlər Kabinetinin institusional quruluşu, iş fəaliyyəti bu cür iş fəaliyyəti üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul edən institutun olması günün tələbidir". PA-nın şöbə müdiri qeyd edib ki, Venesiya Komissiyasının digər narazılığı dəyişikliklər qəbul ediləcəyi təqdirdə prezidentə parlamentin buraxılması səlahiyyətinin verilməsi ilə bağlıdır. Şahin Əliyev təssüf hissi ilə qeyd edib ki, bu məsələdə də Venesiyya Komissiyası başqa ölkələrin praktikasından istifadə etməyib: "Məsələn, Fransa prezidenti Milli Assambleyanı asanlıqla buraxa bilir. Yeganə fərq odur ki, bu zaman Senat və Milli Assambleya sədri arasında qanunverici orqanın buraxılması barədə məsləhətləşmə aprılır. Bu, günün tələbidir. Parlamentin fəaliyyətində də pat situasiyası yarana bilər. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Başqa bir irad prezidentə növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyətinin verilməsidir. Ümumiyyətlə, Venesiya Komissiyasının rəyi ilə tanış olan hər kəsdə bunun siyasi sifariş olduğu qənaəti yaranır". Şahin Əliyevin sözlərinə görə, Venesiya Komissiyası prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasına da irad bildirir: "Bu məsələdə də Venesiya Komissiyası nədənsə beynəlxalq praktikadan istifadə etməyib. Məsələn İsrail, Kipr, İslandiyada prezident 7 ilə qədər seçilir. Bundan başqa Azərbaycan hər 5 ilin 3 ilini seçkiyə həsr edir. Ona görə də prezidentlik müddətinin 7 ilə artırılması təklif olunur".

Şahin Əliyev bildirib ki, Venesiya Komissiyasının

iki həftəyə bu dəyişikliklərə rəy verməsi mümkün deyildi: " AŞPA sədri yalnız referenduma 20 gün qalmış Venesiya Komissiyasına müraciət edib. Mən bunu siyasi sifariş kimi qiymətləndirirəm.Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır". PA rəsmisi onu da diqqətə çatdırıb ki, rəyin hazırlanması zamanı komissiya Azərbaycan tərəfi ilə əlaqə yaratmağa çəhd göstərdiyini də iddia edir: "Tam əminliklə deyirəm ki, Venesiya Komissiyası və Avropa Şurası Konstitusiyaya dəyişikliklərlə əlaqədar bizimlə əlaqə saxlamayıb. Nə rəsmi müraciət, nə də zəng olmayıb". Venesiya Komissiyasının Azərbaycanla ultimatum dilində danışdığını vurğulayan Şahin Əliyev Azərbaycan tərəfinin Konstitusiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinə də aydınlıq gətirib. Bildirib ki, söhbət Azərbaycan prezidentinə əlavə səlahiyyətlər verilməsindən getmir: "Vitse-prezidentlər əlavə səlahiyyətlər gətirmir. Vitse-prezidentlər əlavə səlahiyyətlər gətirmirSöhbət idarəetmənin təkmilləşdirilməsindən, islahatların sürətlə həyata keçirilməsindən gedir.  Onu da qeyd edim ki, insan hüquqları ilə bağlı məsələlərə isə Venesiya Komissiyasının mənfi yanaşması olmayıb. Ona görə də İnsan hüquqlarına dair dəyişiklikləri də Venesiya Komissiyasına göndərməyə ehtiyac yox idi". Sonda Şahin Əliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan tərəfinin Venesiya Komissiyasının ilkin rəyinə olan rəsmi mövqeyi komissiyanın Plenar İclasında açıqlanacaq və rəsmi Bakı çalışacaq ki, Azərbaycanın mövqeyi Venesiya Komissiyasının ilkin rəyinə əlavə olunsun.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31