Əli Həsənov: “Konstitusiyaya dəyişikliklərin edilməsi həm zəruri, həm də faydalıdır”

Avqustun 31-də Bakıda Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib. MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı MSK-nın Təqvim Planı təsdiqlənib, 3 təşviqat qrupu qeydiyyatdan keçib.

"Referendumqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib
 

Avqustun 31-də Bakıda Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib. MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı MSK-nın Təqvim Planı təsdiqlənib, 3 təşviqat qrupu qeydiyyatdan keçib. M. Pənahov seçki, referendum prosesinin mahiyyətinin ictimaiyyətə çatdırılmasında əsas rolun KİV-in üzərinə düşdüyünü və MSK-nın əsas tərəfdaşının da KİV olduğunu bildirib. "Hələ ilin əvvəlində prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan edib, yeni qurumlar təsis edib. Konstitusiyaya dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal institut kimi nəzərdə tutulub".
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan müstəqillik illərində seçki və referendumların keçirilməsi ilə bağlı böyük təcrübə əldə edib. 1991-ci ildən indiyədək Azərbaycanda 6 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi və 5 ümumxalq səsverməsinin keçirildiyini deyən Ə.Həsənov əlavə edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış əsas qanunumuz 1995-ci il noyabrın 12-də keçirilmiş 3-cü referendumda qəbul edilib. Ötən dövrdə Konstitusiyaya zəruri dəyişikliklərin edilməsi 2002 və 2009-cu illərdə referendum yolu ilə baş verib. Konstitusiya dünyanın heç bir ölkəsində doqma sayılmır və zamanla müvafiq dəyişikliklər edilib. ABŞ və Fransa Konstitusiyalarına da çoxlu dəyişiklik olunub. Qonşu Türkiyədə də Konstitusiyaya dəyişikliklər gündəmdədir. Türkiyədə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər prezident üsul-idarəsinin gücləndirilməsi ilə bağlıdır". Ə.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyaya 3-cü dəfə dəyişikliyin edilməsi məqsədilə təşəbbüs irəli sürdüyünü xatırladıb: "Sosial sifarişlər və dövrün tələbləri nəzərə alınaraq, Konstitusiyaya dəyişikliklərin edilməsi həm zəruri, həm də faydalıdır. 2009-cu ildə keçirilmiş referendumdan sonra keçən 7 il ərzində Azərbaycanda baş verən əsaslı dəyişikliklər, yeni qlobal çağırışlar Azərbaycan Konstitusiyasının bu tələblərə uyğunlaşdırılmasını zəruri edir. Konstitusiyada 23 maddəyə dəyişiklik edilməsi, 6 maddənin əlavə edilməsi nəzərdə tutulur. Təklif olunan əlavə və dəyişikliklərə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi və siyasi islahatların davamlılığını, qəbul olunmuş qərarların operativ və tam həcmdə icrasını təmin etmək üçün optimal idarəçilik mexanizmi kimi düşünülüb. Bu yeni təsisat dövlət idarəçiliyini prezidentin həyata keçirdiyi islahatların sürətinə uyğunlaşdırmaq zərurətindən irəli gəlib. Dəyişikliklərin mühüm hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Şübhəsiz ki, seçkili və təyinatlı vəzifələr üçün müəyyənləşdirilmiş aşağı yaş senzinin aradan qaldırılması dövlət idarəçiliyində gənclərin daha geniş təmsil olunmasına, vətəndaşların seçib-seçilmək hüququnu sərbəst şəkildə reallaşdırmasına imkan yaradır". Azərbaycan prezidentinin köməkçisi referendumun azad, şəffaf keçirilməsində KİV-in də üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib: "KİV referendumqabağı təşviqatda aktiv olmalıdır, bu, Azərbaycan dövlətinin marağındadır. Təşviqat prosesində KİV-in rolu və vəzifələri Seçki Məcəlləsində, "KİV haqqında" qanunda əksini tapıb. Jurnalistlər seçki prosesinin bütün mərhələlərini izləməkdə azaddırlar, onlar MSK və dairələrdə akkreditə olunmadan istənilən seçki məntəqəsində prosesi müşahidə edə bilərlər. Əsas odur ki, jurnalistlər referendumla bağlı müxtəlif mövqeləri, o cümlədən prosesə tənqidi münasibət bildirən siyasi partiyaların, vətəndaşların mövqelərini işıqlandırmalıdır". Heydər Əliyevin mətbuat üzərində senzuranı aradan qaldırdığnı, Mətbuat Nazirliyini ləğv etdiyini qeyd edən Ə. Həsənov Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını, ötən dövr ərzində mətbuata 30 milyon manatdan çox yardım göstərildiyini bildirib: "Əlavə yardımları da nəzərə alsaq, KİV-ə yardımın ümumi məbləği 40 milyon manata çatır". Ölkədə real yayımı olan 200-dən çox qəzet, 300-dən artıq fəal internet resursunun olduğunu deyən Ə. Həsənov bildirib ki, əhalinin hər 1000 nəfərindən 767-nin internetə çıxışı var. Ə.Həsənov deyib ki, MSK referendumun yüksək səviyyədə keçirilməsini təmin edəcək.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov deyib ki, Azərbaycanda bundan öncəki seçkilərdə təşviqat aparılması prosesində ciddi problem ortaya çıxmayıb və referendumqabağı təşviqatda da problem yaranmayıb. Şura sədri telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan da söz açıb: "Ödənişsiz efir vaxtı yalnız İctimai TV üçün nəzərdə tutulub və efir vaxtının bölünməsi püskatma yolu ilə həyata keçirilir. Həmin efir vaxtının ödənişi isə dövlət büdcəsi hesabına həyata keçirilir". Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasında media və vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib: "Mətbuat Şurası KİV-in səsvermənin qərəzsiz, ədalətli işıqlandırılması, həmin prosesi işıqlandıran media təmsilçilərinin üzləşə biləcəkləri maneələrin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Mətbuat Şurasında səsvermə günü "Qaynar xətt" təşkil edilir. Jurnalistlərin səsvermə günü üzləşəcəyi problemlərlə Mətbuat Şurasına müraciət etmək imkanı yaradılır, Mətbuat Şurası MSK ilə müntəzəm əlaqə saxlayır. Mətbuat Şurası seçki və referendumla bağlı maarifləndirici tədbirlərin təşkilini də diqqət mərkəzində saxlayır. Bu gün Prezident Administrasiyası və MSK ilə birgə təşkil edilən tədbir də bu qəbildəndir. İnanıram ki, təşviqat qruplarına KİV-də xüsusi yer ayrılacaq, ictimaiyyət referendumla bağlı geniş məlumatlandırılacaq. KİV-in ictimaiyyətin referendum barədə obyektiv məlumatlandırılması, seçkilərin ədalətli və şəffaf keçirilməsində mühüm rol oynayacağına əminik". MSK-nın sədr müavini Natiq Məmmədov "Referendumqabağı təşviqata dair ümumi tələblər və referendumqabağı təşviqat subyektləri, ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində KİV-in üzərinə düşən vəzifələr" mövzusunda çıxış edib. Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov təşviqat müddətinin sentyabrın 3-də başlayaraq 25-də bitəcəyini açıqlayıb. Tədbir müxtəlif çıxışlarla davam edib.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31