“Şeytan” Gülən, Kərimovun bölüşdürülən hakimiyyəti, Ərdoğandan sonrakı dövr... – GÜNÜN SİYASİ XÜLASƏSİ
31 Avqust 2016 07:25 SiyasətÖzbəkistan prezidenti İslam Kərimovun taleyi ilə bağlı müəmma davam edir. Müstəqil ekspertlər, bir sıra media qurumları dövlət başçısının artıq həyatda olmadığını iddia edirlər. "Fərqanə" agentliyi hətta buna əmindir. Türkiyənin avqustun 24-də Suriyanın şimalında başladığı "Fərat Qalxanı" əməliyyatı davam edir. Avropa Birliyi Türkiyənin quruma üzvlüyü üçün yeni müddət müəyyənləşdirdi: Ərdoğandan sonrakı dövr. İŞİD isə Fəthullah Güləni "şeytan" adlandırdı.
İslam Kərimovun "ölüm-qalım" hekayəsi
Ötən gecə "Fərqanə" agentliyi prezidentin ölüm xəbərini yaydı. Özbəkistanın Prezident Aparatı isə İslam Kərimovun ölümü haqqında məlumatı təsdiq etməyib. Aparatdakı mənbə prezidentin səhhətinin sabit olduğunu bildirib.
"İslam Kərimovun ölümü ilə bağlı xəbərlərin əsası yoxdur. Prezidentin müalicəsi davam edir, vəziyyəti sabitdir" - mənbə bildirib.
Özbəkistan Prezidenti İslam Kərimovun ölüm xəbərini yayan "Fərqanə" saytının baş redaktoru Danil Kislov xəbərin yanlış olmadığını açıqlayıb.
Kislovun sözlərinə görə, prezidentin ölümü məqsədyönlü şəkildə gizlədilir. O, "Moskovski komsomolets" nəşrinə müsahibəsində bildirib ki, prezidentin sağ olduğunu və onun yaydığı xəbərin yalan olduğunu sübuta yetirmək üçün İslam Kərimovun iştirakı ilə bir video-süjet hazırlanaraq ictimaiyyətə təqdim edilməlidir.
"Bizim təkzibolunmaz məlumatlarımız var. Bu məlumatları bizə 15 ildir ki, əməkdaşlıq etdiyimiz, Özbəkistan hökumətində çalışan etibarlı mənbələr ötürüb. Mənbələrim o qədər yüksək rütbəli məmurlardır ki, mən onların adını yalnız məhkəmə önündə çəkə bilərəm. Təkrar edirəm, dünən Özbəkistan saatı ilə 13.00-da prezident İslam Kərimov kliniki ölüm keçirib. Dediyim təsdiqlənməyib, amma Prezident Aparatından heç bir təkzib də gəlməyib. Düşünürəm ki, prezidentin ölümü sentyabr ayının 1-dən sonra elan olunacaq", - deyib.
Kislov hesab edir ki, prezident öləndən sonra konstitusiyanın hakimiyyəti ötürmək reqlamenti işləməyə bilər: "Hazırda hakimiyyət və pullar onlar arasında bölüşdürülür və razılaşdırılır. Bunun üçün pauzaya ehtiyac var. Onlar Özbəkistan elitasının ən ali şəxsləridir. İslam Kərimovun həyat yoldaşı Tatyana Kərimova, baş nazir Şövkət Mirziyayev, ən nüfuzlu şəxs Milli Təhlükəsizlik Xidmətinin sədri Rüstəm İnoyatov. Bu şəxslər hakimiyyəti öz əllərində saxlayır. İndi onlar fikirləşirlər, necə etsinlər ki, baş nazir prezident olsun, amma hamıya xoş getsin?"
Özbəkistanda müstəqillik günü ilə bağlı mərasim ləğv olundu
Özbəkistan müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabrın 1-də keçirilməsi nəzərdə tutulan təntənəli mərasim ləğv olunub. Bu barədə BBC-nin özbək xidmətinə məlumatlı mənbə deyib. Lakin mənbə bu qərarın prezident İslam Kərimovun xəstəxanaya düşməsi ilə əlaqədar olub-olmadığını dəqiqləşdirməyib.
İslam Kərimovun varisi əsas rəqibini sıradan çıxardı
Gün ərzində yayılan digər bir məlumata görə, Özbəkistanın baş nazirinin birinci müavini Rüstəm Əzimov həbs edilib. Özbəkistanın müxalifət mətbuatı isə yayılan məlumatı hazırkı baş nazir Şövkət Mirziyoyevin əsas rəqibinin sıradan çıxarılması kimi şərh edib. Özbəkistan hökuməti isə yayılan məlumatı təkzib edib.
AB-dən ŞOK BƏYANAT: "Ərdoğandan sonrakı dövr..."
Türkiyə və prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı düşmənçiliyini hər fürsətdə büruzə verən Avropa Birliyi (AB) bunu növbəti dəfə edib.
AB-nin rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissarı Günter Ottinger Almaniyanın "Bild" nəşrinə müsahibəsində Türkiyənin AB-yə üzvlüyünün Ərdoğandan sonrakı dövrün mövzusu olduğunu söyləyib.
Nəşrin müxbiri komissara 2013-cü ildə dediyi "Avropa Birliyi Türkiyəyə üzvlük üçün yalvaracaq" sözlərini xatırladıb və ondan eyni fikirdə qalıb-qalmadığını soruşub.
"Bu, Türkiyənin Avropa Birliyi üçün iqtisadi və coğrafi baxımdan strateji ölkə olduğuna dair bir ifadə idi, ancaq Ərdoğan hökumətinə yönəlik deyildi. Türkiyə ilə yaxşı əlaqələr Avropa Birliyi üçün əhəmiyyətlidir. Bugünkü şərtləri nəzərə alsaq, üzvlük qarşıdakı on ildən çox bir müddət üçün mümkün deyil. Bu, daha çox Ərdoğandan sonrakı dövrün mövzusu olacaq", - Günter Ottinger deyib.
Rusiya supersilahla məhv edəcək - ABŞ üçün EKSTREMAL ÇAĞIRIŞ
Rusiyanın yeni supersilahı güc balansını pozacaq.
Bu haqda Danimarkaranın "Jyllands-Posten" nəşri yazıb.
Söhbət hipersəsli nüvə raketlərindən gedir. Bu silahlar silah sənayesinin son yeniliyidir. "Taktik raket silahlanması" korporasiyasının (KTRV) baş direktoru Boris Obnosov "Sputniknews"a bildirib ki, Rusiya ordusu 2010-ci ildə hipersəsli nüvə raketləri alacaq.
Bildirildiyi kimi, yeni hipersəsli raketlərin sürəti səsin sürətindən 12 dəfə çox olacaq, yəni sürət saatda 15 min kilometr təşkil edəcək. Hipersəsli nüvə raketləri raket əleyhinə bütün müasir müdafiə sistemlərini dağıdacaq. Müdafiə sistemləri raketə sadəcə olaraq reaksiya verə bilməyəcək.
Danimarka Hərbi Akademiyasının hərbi hava əməliyyatları bölməsinin başçısı Karsten Marrup qeyd edir ki, hipersəsli raketlərin yeni tipləri müasir müdafiə sistemləri üçün təhlükə yaradacaq (http://publika.az/p/148337).
Ruslar Amerikanın beyin mərkəzlərinə hücum etdi
Hakerlər Rusiyanın tədqiqatı ilə məşğul olan Amerika analitik mərkəzlərinin informasiya sistemlərinə hücum ediblər.
Bu haqda kibertəhlükəsizlik üzrə çalışan "CrowdStrike" şirkətinə istinadən "Defense One" portalı yazıb. Mütəxəssislər iddia edirlər ki, hücumun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır. Şirkətin banisi Dmitri Alperoviçin sözlərinə görə, hücumu "Cozy Bear" şərti ad altında fəaliyyət göstərən haker qrupu həyata keçirib. Qrupun üzvləri həmçinin ABŞ Demokratlar Partiyasının internet resurslarına hücumda şübhəli bilinirlər.
Dmitri Alperoviçin məlumatına görə, hücumun hədəfləri Rusiyanın tədqiqatı ilə məşğul olan 5 təşkilatı və onların 10 əməkdaşıdır. Onlardan bir çoxu keçmiş məmurlardır və hazırda dövlət aparatında işləyənlərə məsləhətlər verirlər. Şirkətin banisi başqa təfərrüatları açıqlamaqdan imtina edib.
Nəşr öyrənə bilib ki, hakerlərin hücumuna məruz qalan beyin mərkəzlərindən biri Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzidir (CSIS). Onun vitse-prezidenti Ceyms Endrü Lyuis bildirib ki, özünə hörmət edən istənilən beyin mərkəzi üçün hakerlərin hücumuna məruz qalmaq şərəfdir. "Ruslar sadəcə müstəqil institutların ideyasını anlamırlar. Onlar buna görə də Obamanın [ABŞ prezidenti Barak Obama - red.) gizli təlimatlarını axtarırlar", - o, deyib.
Kim Çen İn iki məmuru raketlə edam etdi
Şimali Koreya lideri Kim Çen İn iki yüksək vəzifəli məmuru edam etdirib.
Bu barədə Cənubi Koreyanın "Çunan İlbo" qəzeti məlumat yayıb. Nəşr mənbəyə istinadən xəbər verir ki, sabiq kənd təsərrüfatı naziri Xvan Min və Təhsil Nazirliyində yüksək vəzifə tutan Ri Yen Çjen zenit qurğusundan açılan atəş nəticəsində edam edilib.
Edam Kim Çen Inın şəxsi göstərişi ilə Pxenyan Hərbi Akademiyasının həyətində həyata keçirilib. Nəşr yazır ki, Xvan Minin edam olunmasına səbəb onun Kim Çen İnin yürütdüyü siyasətə narazılığını bildirməsi olub. Diktator bunu özünə qarşı çağırış kimi qiymətləndirib.
Digər şəxsin isə Kim Çen Inın çıxışı zamanı yatdığıma görə edam olunduğu bildirilir.
İŞİD Güləni şeytan elan etdi
İŞİD terror təşkilatının türk dilində nəşr etdiyi "Konstantiniyye" aylıq jurnalının növbəti sayı işıq üzü görüb.
Jurnalın bu dəfəki sayında Türkiyədə baş verən 15 iyul hadisələrinə geniş yer ayrılıb. Nəşrin üz qabığında isə Nur Camaatının ustadı Səid Nursinin rəsmi yer alıb. İŞİD terror təşkilatı Səid Nursini və Fətullah Güləni kafir və şeytan elan edib.
"Fərat Qalxanı"nın yeni hədəfi açıqlandı
Türkiyənin başladığı "Fərat Qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Cerablus şəhərini İŞİD-dən təmizləyən Azad Suriya Ordusu Saruç çayına qədər olan bölgəni PYD-dən (PKK terror təşkilatının Suriya qolu) alıb.
Azad Suriya Ordusu yeni hədəfinin Əl-Bab şəhəri olduğunu açıqlayıb.
PYD-nin əlində olan çoxlu sayda kənd və qəsəbəyə nəzarəti təmin edən Azad Suriya Ordusu Münbiçdən 20 kilometr şimalda - Saruc çayında dayanıb. Səlahiyyətlilərə görə, əməliyyatın növbəti hədəfi İŞİD-in əlində olan Əl-Bab şəhəridir.
Əl-Bab İŞİD-in nəzarətindəki Marenin ən əhəmiyyətli təchizat yolunun üzərində yerləşir. Əl-Babın təmizlənməsindən sonra Azad Suriya Ordusunun növbəti hədəfi Mare olacaq. Beləliklə, Suriyanın şimalında yaradılacaq təhlükəsiz bölgəyə Cerablusla yanaşı, Əl-Bab və Mare də əlavə olunacaq.
Təhlükəsiz bölgə 48 kilometr enində və 78 kilometr uzunluğunda olacaq.
Türkiyə ordusu Suriyaya "Leopard" tankları göndərir
Türkiyə ordusu terrorçulardan təmizlədiyi Suriyanın Cerablus şəhərinə Almaniya istehsalı və NATO-nun ən güclü silahlarından biri olan "Leopard 24A" tankları göndərir.
Hərbi mütəxəssislər deyib ki, Türkiyə ordusu avqustun 24-də başladığı hərbi əməliyyatlarda ABŞ istehsalı olan "M-60" tanklarından istifadə edib. Ancaq bu tankların istehsal ili köhnədir və minaya davamlılıq qabiliyyəti istənilən səviyyədə deyil. Minaya davamlılıq qabiliyyətinə görə "Leopard 24A" tankı əlverişli heasab edilir. Digər tərəfdən isə dünyanın ən güclü tankı sayılan "Leopard 24A" səhra şəraitində sürətli manevr imkanlarına və dəqiq atəş qabiliyyətinə malikdir.