Elektron xidmətlərin inkişafı zərurətə çevrilir
Tahir Mirkişili: “Bu Ümum Daxili Məhsulun (ÜDM) 2 faizi həcmində iqtisadi qənaətə səbəb ola bilir”
29 Avqust 2016 14:46 SiyasətTahir Mirkişili: "Bu Ümum Daxili Məhsulun (ÜDM) 2 faizi həcmində iqtisadi qənaətə səbəb ola bilir"
Keçən ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələr kimi Azərbaycanda da qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi zərurətini meydana çıxdı. Düzdür, Azərbaycanda hələ bir xeyli müddət əvvəl qeyri-neft sektorunun inkişafı əsas prioritet hesab edilmişdi və bu istiqamətdə lazımı addımlar atılır, işlər görülürdü. Lakin məlum proseslərdən sonra bu sahəyə diqqət bir qədər də artırıldı. Təqdirəlayiq hal ondan ibarətdir ki, bu sektora aid olan bütün sahələrin inkişaf etdirilməsinə diqqət yönəldilir.
Milli Məclisin deputatı Tahir Mirkişili hesab edir ki, elektron xidmətlərin inkişafı Ümum Daxili Məhsulun (ÜDM) 2 faizi həcmində iqtisadi qənaətə səbəb ola bilir. Millət vəkilinin szlərinə görə, Azərbaycanda vergi toplama sistemi maliyyə effektivliyinə görə dünyadakı ən effektiv toplama sisteminə çox yaxındir: "Dünyada ən effektiv vergi(rüsum) yığılma sistemi Estoniya sistemi sayılır. Hər 100 avro vəsaitin toplanmaı üçün estonlar 0.4 avro xərcləyirlər (vergi və gömrük orqanlarının saxlanmasına büdcədən sərf olunan vəsait). Bu cür effektivliyə estonlar elektron xidmətlərin maksimal tətbiqi sayəsində nail olublar.
Azərbaycanda 2015-ci il üzrə büdcə rəqəmlərini təhlil etdikdə vergilərin (rüsumların) yığılmasının effektivlik əmsalı (büdcədən vergi və gömrük orqanlarının saxlanmasına ayrılan bütün vəsaitin büdcəyə yığılan vergi və gömrük rüsumlarına nisbəti) 0.46 dır. Yəni, hər 100 manat vəsaitin toplanmaı üçün büdcədən 0.46 manat xərclənir. Bu o deməkdir ki, Azərbaycanda olan vergi toplama sistemi maliyyə effektivliyinə görə Estoniyaya, yəni, dünyadakı ən effektiv vergi yığılma sisteminə çox yaxındir. Müqayisə üçün deyək ki, vergi yiğılmanın effektivlik əmsalı Türkiyədə 0.7, İtaliyada 1.0, Fransada 1.3, Almaniyada 1.4, Slovakiyada isə 3.0 dır". Millət vəkili bildirib ki, bütün bunlarla yanaşı, ölkələr bu effektivlik əmsalını daim yaxşılaşdırmaq yollarını arayırlar: "Təkmilləşdirmə yollarından ən əsaslarından biri elektron xidmətlərin inkişafı sayılır. Avropa Birliyi Komissiyalarının hesablamarına görə Elelktron Xidmətlər və Elektron Sənəd Dövriyyəsinin (kağızdan imtina) tam tətbiqi Avropa Birliyi ölkələrinin iqtisadiyyatlarında ÜDM-in 2 faizi həcmində qənaətə səbəb olacaqdır. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisinin ümumi həcmi ölkənin ÜDM-nin 4 faiz həcmində olmuşdur. Bu qanunauyğunluğu ölkəmizə də tətbir etsək, elektron xidmətlərin inkişafı Azərbaycan iqtisadiyyatında ÜDM-in 2 faizi və ya bütün hüquqi şəxslərin mənfəət vergisi həcminin 50 faizi həcmində qənaətə səbəb ola bilər. Bu isə mütləq ifadədə 1 milyard 100 milyon manat qənaət və ya əlavə investisiya dəyəri deməkdir". Tahir Mirkişilinin sözlərinə görə, bu ilin avqust ayının 4-də ölkə Prezidentinin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı yuxarıda deyilən məsələləri də hədəfləməklə ölkə iqtisadiyyatında böyük artıma səbəb olacaq. Deputat hesab edir ki, aparılan islahatların iqtisadiyyata verdiyi əlavə dəyərlər, yuxarıda göstərildiyi kimi, hələ təkcə bir istiqamətdə milyardlarla manat dəyərində ölçülməkdədir.
Süleyman