Biz əvvəllər bunu yazmışdıq... Nurçular Azərbaycana necə nüfuz etdi?
Bu gün Türkiyə ilə yanaşı Azərbaycanda da gündəmin əsas mövzularından biri olan Gülən camaatı və onun ölkəmizə hansı yolla nüfuz etməsi cəmiyyəti ciddi şəkildə maraqlandırmaqdadır. Zaman-zaman nurçuların Azərbaycanda ciddi dayaqlarının olduğu, onların tədricən təhlükə mənbəyinə çevrildiyi barədə fikirlər səslənsə də, bu məsələyə o qədər də diqqət ayrılmır, nəticədə nurçuların Azərbaycanda daha da möhkəmlənməsi prosesi gedirdi. Bəs görəsən nurçular nə zamandan Azərbaycana ayaq açıb və burada hansı mövqelərə malikdirlər?
26 Avqust 2016 15:20 SiyasətBu gün Türkiyə ilə yanaşı Azərbaycanda da gündəmin əsas mövzularından biri olan Gülən camaatı və onun ölkəmizə hansı yolla nüfuz etməsi cəmiyyəti ciddi şəkildə maraqlandırmaqdadır. Zaman-zaman nurçuların Azərbaycanda ciddi dayaqlarının olduğu, onların tədricən təhlükə mənbəyinə çevrildiyi barədə fikirlər səslənsə də, bu məsələyə o qədər də diqqət ayrılmır, nəticədə nurçuların Azərbaycanda daha da möhkəmlənməsi prosesi gedirdi. Bəs görəsən nurçular nə zamandan Azərbaycana ayaq açıb və burada hansı mövqelərə malikdirlər?
Fətullah Gülənin Azərbaycan səfəri
"Azerbaycan Fetullah Gülen imparatorluğunun işgalinde" araşdırma materialında qeyd olunur ki, SSRİ-nin süqutundan sonra Azərbaycanda əksər sahələrdə mövcud olan problemlər və boşluqlar dini sahədən də yan keçmədi. Ölkədə İslam dinini elmi səviyyədə bilənlərin azlıq təşkil etməsi bir sıra dini cərəyanların, eləcə də nurçuların Azərbaycana ayaq açması üçün münbit şərait yaratdı. Mövcud boşluqdan məharətlə istifadə etməyi bacaran "fəthullahçı"lar (nurçular) Azərbaycanda görünməyə başladılar. Ayaz Mütəllibovun prezident olduğu zaman Fəthullah Gülənin şəxsən Bakıya gəldiyi bildirilir. Məhz bundan sonra Azərbaycanda nurçulara məxsus müxtəlif qurumların rəsmi fəaliyyətə başladığı qeyd edilir. İlk belə qurumlardan biri kimi Gəncliyə Yardım Fondunun adı çəkilir. Bildirilir ki, 1994-cü ildə Bakıya gələn Nədim Kaya adlı biri Fətullah Gülənin xüsusi tapşırığı ilə Bakıda Gəncliyə Yardım Fondunu yaradır. Bu fond Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi yaradılana kimi nurçuluğa məxsus bir sıra layihələri maliyyələşdirməyə başlayır. Nazirlik yaradılandan sonra isə adıçəkilən nazirliyin himayəsində Gənclər Təşkilatları Milli Şurası adlı qurum təsis edilir. Gəncliyə Yardım Fondu və Gənclər, İdman və Turizm Nazirliyi artıq bu dəfə nurçuların dövlət səviyyəsində fəaliyyətinin nizamlanması istiqamətində uzunmüddətli tədbirlər planlarını gerçəkləşdirirlər. Nədim Kaya öz missiyasını uğurla həyata keçirib Azərbaycanı tərk etsə də, lakin fond fəaliyyətini davam etdirir.
Nurçuları PKK-ya bağlayan tellər
Araşdırma materialında hazırda da Azərbaycanda fəaliyyətdə olan Gəncliyə Yardım Fondu ilə bağlı ilginc məlumatlar əksini tapıb. İddia edilir ki, 1992-ci ilin 19-20 may tarixlərində İranın Urmiyə vilayəti vasitəsilə Ermənistana gələn ilk PKK-çı silahlı qüvvələr Qarabağ savaşında, Laçın, Qubadlı, Zəngilan, Tərtər, Kəlbəcər, Ağdam istiqamətlərində gedən döyüşlərdə- Azərbaycana qarşı qanlı savaşlarda iştirak etdiyi halda bu gün Gəncliyə Yardım Fondunun dəvətliləri kimi Bakıda "nurçu", "fətullahçı", "süleymançı", "yusifiyyəçi", "kaplançı" kadrlar kimi təmsil olunurlar. Onlar daha çox nurçuların yaratmış olduqları böyük ticarət şəbəkələrinin "gizli mühafizəsi" öhdəliyini yerinə yetirirlər. Azərbaycanın sərvətləri hesabına erməni şirkətlərinin ticarət ortaqlığını Gürcüstan, Ermənistan, Şimali Qafqaz, Qazaxıstanda görmək mümkündür. Azərbaycana məxsus mallara həmin regionlarda ancaq ermənilərin topdan satış ticarət mərkəzlərində rast gəlmək mümkündür. Elə buna görədir ki, əbəs yerə nurçuları PKK lideri Abdulla Öcalanın Azərbaycan planlarının icraçısı kimi təqdim etmirlər. Bir zamanlar PKK lideri Abdulla Öcalan yazmış olduğu "Devrimin dili ve eylemi" adlı kitabında nurçuların və PKK-nın strateji hədəf olaraq birlikdə fəaliyyət strategiyasına diqqətlə baxdıqda yuxarıda qeyd etdiklərimiz öz təsdiqini tapır. Abdulla Öcalanın "Kürdistan devriminin yolu" kitabı Azərbaycanda fəaliyyət göstərən bütün nurçuların və PKK-çıların hansı istiqamətlərdə fəaliyyət göstərmələrinin əsas açarı hesab olunur.
Nurçuların dərgisində PKK təbliği
Araşdırma materialında o da bildirilir ki, "İhvani Müslimin", "Kürd İslam Hərəkatı", "İttihadi İslami əl-Kürdüstan", "Hərəkətül İslamiyyə fi Kürdistan" və "Ənsərül İslam" kimi kürd radikal təşkilatları özlərinin Azərbaycan, Gürcüstan və Ermənistanda geniş ticarət, maliyyə, bank, iqtisadi strukturlarını yarada biliblər. Təbii ki, nurçuların lideri Fətullah Gülənin xeyir-duası və yardımları sayəsində.
Nurçuların İstanbulda nəşr olunan "Sızıntı" dərgisi açıq da olmasa, PKK və erməni terrorunun işbirliyinə xidmət edən siyasəti təbliğ edir. Son illər bu dərgi Bakıda açıq şəkildə "Nil Kitap Kırtasiyə" kitab mağazalarında satılır. Eyni zamanda jurnal "Çağ Öyrətim Anonim və İşlətmələri Şirkəti"nin Azərbaycanın hər yerində açdığı litseylərində şagirdlər arasında geniş surətdə təbliğ olunur.
Süleyman İsmayılbəyli
14 Aprel 2014