Sifarişləri puç olanların acı reallığı

Formal məntiq universaldır və onun köməyi ilə istənilən addıma, istənilən qərara və ya tam tərsinə, apatiyaya, məğlubiyyətə, fəaliyyətsizliyiə haqq qazandırmaq olar.

Formal məntiq universaldır və onun köməyi ilə istənilən addıma, istənilən qərara və ya tam tərsinə, apatiyaya, məğlubiyyətə, fəaliyyətsizliyiə haqq qazandırmaq olar.

Uğursuzluğu uğur kimi qələmə vermək məntiqsizlik olsa da, bu, illərdən bəri Azərbaycan müxalifətinin oyun qaydasına, yaşam prinsipinə çevrilib.
Mitinqlərə çağırışlardan sonra təyin olunmuş məkana on-on beş adamın və ya ən nikbin hallarda min nəfərin toplaşmasını "kütləvi xalq etirazı" kimi qələmə verənlər sosial şəbəkələrdə aktivliyi siyasi mübarizə sayırlar.

Bu isanları başa düşmək olar: axı xalqın gerçək və real kütləvi etirazları məhz bu insanlara qarşı yönəlib.
Çünki həmin adamların on illərdən bəri əsla dəyişməyən şüarları var: "İstefa!" və "Haydı, dəyişək!"
Absurdun səviyyəsini hələ də dərk etməyən müxalifət liderləri bu şüarları son hədd, siyasi qəhrəmanlığın yuxarı ekstremumu sayırlar.

Amma "Bəs sonra?" sualına cavab verə bilmirlər, nədən ki, onlar özləri də anlayırlar ki, nəinki Azərbaycanın indiki hakimiyyətini - heç əyalət rayonlarından birinin administrasiyasını əvəzləyərək normal çalışmaq iqtidarında deyillər.
İqtidara gəlmək istəyən, hakimiyyət arzusu ilə qovrulan bu siyasi iqtidarsızlar imkanlarından, potensiallarından, intellektual səviyyələrindən və təşkilati bacarıqlarından qat-qat yuxarı iddiaları səsləndirirlər.

Onlar sadəcə, sosial şəbəkələr qəhrəmanıdırlar və hərdənbir də mətbuat konfransları keçirərək niyə uğursuzluğa düçar olduqlarına haqq qazandırmaq istəyirlər.
Ən yaxşı halda da çox konkret suçlara görə həbs olunmuş mənsublarından, "lider" saydıqları və azsaylı tərəfdaşları vasitəsilə kütləyə də "həzm" etdirməyə çalışdıqları insanlardan qəhrəman kimi bəhs edirlər.
Amma nə edəsən ki, məğlubiyyətə heç bir vəchlə bəraət qazandırmaq olmursa, qələbənin belə bəraətlərə ehtiyacı olmur.

Yalandan çox danışılırsa, o, iyrəncləşir

"Respublikaçı Alternativ" hərəkatı (REAL) da belə qurumlardan biridir. Özlərini az qala fransiskan ordeninin mənsubları kimi təqdim edən bu şəxslər əslində elə həmin analogiyalara varsaq, sırf yezuitlərdir.
İqnati Loyolanın Azərbaycandakı reinkarnasiyası olan İlqar Məmmədovun rəhbərlik etdiyi bu təşkilat siyasi məkanda mövcud duruma və siyasətçilərə məhz respublikaçı alternativ olduğunu vurğulayırdı.

Amma 2011-2014-cü illərdə ABŞ-ın "National Endowment for Democracy" (NED) fondundan qrantlar formasında alınan 94565 dolların siyasi fəaliyyətə xərclənməsi ilə bağlı suallar cavabsız qalır. Nədən ki, həmin pullar "Bank Respublika"dakı hesablara köçürülüb, sonra da nağdlaşdırılıb və bu minvalla REAL 71334 manatlıq xalis gəlir əldə edib: digər qrantlar və "maliyyə-siyasi fəlaiyyət"i hələlik qoyuruq bir kənara. 
REAL-a irreal vədlər verənlər az olmayıb.

İlqar Məmmədov Kanadadakı "Canadian Forces Base Halifax" hərbi bazasına dəvət olunanda, "Azərbaycanla inqilabın qaçılmazlığı və qələbənin labüdlüyü" ilə bağlı vədləri alanda, Vaşinqton kuluarlarında bağlı qapılar arxasında danışıqlar aparanda uğura şübhə etmirdi.

REAL-ın hamiləri, daha doğrusu, bu strukturun Azərbaycanda "respublikaçı alternativ" təki cəmiyyətin şüurunda yer almasına çalışanlar, yaxşı bilirdilər ki, İlqar Məmmədov, Natiq Cəfərli, Azər Qasımlı və Erkin Qədirli heç bir halda ölkə müxalifətinin az qala canlı "park abidə"lərinə çevrilmiş bonzaları ilə eyni səviyyədə mübarizə aparmaq potensialına malik deyillər.
Məhz bu səbəbdən REAL bir zamanlar Molotov kokteylinin butulkalarında gələcəyini arayan gəncləri aldatmış NİDA hərəkatının sonrakı mərhələsinə çevrildi, ölkənin ən radikal, az qala, anarxo-sindikalist təşkilatlarından biri oldu.


REAL-ın müəllifləri, sahibləri və hamiləri bunu görürdülər, bu qurumun liderlərinin sosial şəbəkələrdə radikallığı aqressiyaya çatdırılmış çağırışlarını oxuyurdular. Amma susurdular, çünki Azərbaycanda inqilab, daha doğrusu, qiyam və çevriliş ssenarisini reallaşdırmaq arzusundan əl çəkməyən strukturlar, o cümlədən müxalifəti ifrat dərəcədə radikallaşdırmağa can atan "National Endowment for Democracy" niyyətlərindən əl çəkmirdi.

Onlar Şimali Afrika və Yaxın Şərq ölkələrindəki ssenarilərin Azərbaycanda təkrarlana biləcəyini düşünürdülər. Heyhat, REAL-a pulların haradan və nə üçün göndərildiyini, həmin "əmanət həvalə"lərinin arxasında hansı strukturların durduğunu Azərbaycandakı rəsmi qurumlar bilirdilər.
Ölkədə fikir müxtəlifliyi, siyasi plüralizm və vətəndaş haqları prinsiplərinin təminatı sarıdan REAL sadəcə, müşahidə olunurdu.
Təşkilat qanunun səbr kasasını özü doldurdu.

Həmin damla qrantların məqsədsiz sərfiyyatı, yəni alınan pulların sənədlərlə göstərildiyi layihələrə və ya proqramlara sərf edilməməsi, habelə xuliqanlıq, zorakılığa çağırışlar və s. təki əməllər oldu ki, REAL-ın hazırda həbsdə olan mənsubları və liderləri məhz bu işlərdə suçlanırlar.
REAL-ın siyasi ölü statusuna düşməmək üçün son cəhdi sentyabrın 26-da keçiriləcək refendumla bağlı imzatoplama, monitorinq və əks-təbliğat cəhdləri oldu.
Plakatlar hazırlandı, sosial şəbəkələrdə antireferendum çıxışlar sıralandı, flayerlər paylandı və REAL-ın liderləri düşündülər ki, bu minvalla həm siyasi mövcudluqlarını sübut edəcək, həm də Qərbdən alınmış konkret sifarişi yerinə yetirəcəklər.
Di gəl, niyyətlərdən heç biri alınmadı ki, bunun da yetərincə prozaik, hətta trivial səbəbləri var.

Bəraəti həmişə tapmaq olar: izahat daha çətindir

"Respublikçı Alternativ Hərəkatı" (REAL) Azərbaycan Konstitusiyasına ələvələr və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumda iştirakdan imtina edib. Hərəkat referendumla bağlı imzatoplamanı dayandırıb. REAL üzvlərinin həbsdə olduğu halda referendumun əleyhinə imzatoplama kampaniyası keçirməyin mənasız addım olduğunu vurğulayıb.
REAL-ın idarə heyətinin üzvləri Azər Qasımov və Erkin Qədirli kapitulyasiya bəyanatlarını səsləndirdikləri mətbuat konfransı keçiriblər.

A.Qasımovun dediyinə görə, referendumla bağlı imzatoplama kampaniyasına başlasalar da, indi bu fəaliyyətin heç bir perspektiv və ya mənasının olmadığını anlayıblar.
"Biz hər zaman hesab etmişik ki, istər referendum olsun, istər seçkilər olsun - bu, prosesdir və prosesdə də iştirak etməliyik. Prosesi boykot etmək yanlışdır. Və bu baxımdan da təşəbbüs qrupumuzu yaratdıq. Amma proseslər onu göstərdi ki, daha irəli getsək, üzvlərimizin çoxu həbs olunacaqdı",  - A.Qasımov söyləyib.
Erkin Qədirli isə bildirib ki, onlar prosesdə iştiraklarını dayandırsalar da, referendumla bağlı təşviqatı qeyri-rəsmi olaraq davam etdirəcəklər.

"Referendumda iştiraka mənəvi öhdəlik olaraq girişmişdik. Üç üzvümüzün həbsdə olduğu vaxtda belə bir mənasız, əsasən kağız-kuğuz işindən ibarət olan və bundan başqa heç bir məna daşımayan prosesdə iştirakı mənasız sayırıq, özümüzə yaraşdırmırıq. Bu prosesdən çıxırıq. Heç bir proses yoxdur", - Erkin Qədirli deyib.
REAL-ın sədri İlqar Məmmədovdan başqa, daha 3 üzvü həbsdədir. 13 avqustda REAL-ın icra katibi Natiq Cəfərliyə qarşı 4 aylıq həbs-qəti imkan tədbiri seçilib. 3 gün sonra, 16 avqustda hərəkatın daha iki üzvü - Toğrul İsmayılov və Elşən Qasımov - 1 həftəlik həbs edilib.
Azər Qasımlı və Erkin Qədirlinin birgə mətbuat konfransları, əslində, onların siyasi iddialarının fiaskosu, REAL üçün çalınan kilsə zəngidir.

Onlar səhvlərini və yanlışlıqlarını etiraf etmək fikrindən çox uzaq olaraq bəraət kərpiclərini aşağı atmağa davam edir, bəraəti mümkünsüz əməllərə bəraət arayırlar.
Referendumla bağlı fəaliyyətlərini "kağız-kuğuz işi" adlandıran və əslində bununla da perspektivsizliklərini boynuna alan duet prosesi "mənasız" adlandırır, "özlərinə yaraşdırmadıqlarını" deyir.


Çox hikkəli, amma acı etirafdır. Referendumun "pis" olması barədə indiyədək dedikləri və yazdıqlarının vətəndaşlar tərəfindən qəbul edilmədiyini, anlayışla qarşılanmadığını, əksinə, hiddət və qəzəb doğurduğunu görən uğursuzlar məğlub olduqlarını dərk edirlər. Onlar artıq fəaliyyətlərinin ümumiyyətlə tam mənasızlığını da anlayırlar.
"Daha irəli getsək, üzvlərimizin çoxu həbs olunacaqdı" - bu ifadə əslində REAL-ın fəaliyyətini diqqət mərkəzindən çıxarmaq istəyidir: axı o mərkəzdə qalmaq yeni araşdırmalara, təhqiqatlara, kim bilir, hansı qrantların nə zaman "bica" işlərə sərf edilməsinin aşkarlanmasına səbəb ola bilər.

Nə də olsa, NED və bu kimi strukturların bütün səylərinə rəğmən, Azərbaycanda müxalifət hələ də canlı ölüdür, vətəndaşlar hakimiyyəti tam dəstəkləyir və REAL təki qurumlara da inanmırlar.
Hərgah əvvəl REAL və bu kimi psevdomüxalifət təşkilatlarının hamilərinin fəallığı, Azərbaycana qarşı cəzalar, sanksiyalar və embarqolar tələbi ayrı-ayrı güc mərkəzləri ilə qüvvələrin muxtar işi sayılırdısa, indi Azərbaycanın stabilliyini, demokratiyasını və müstəqil siyasətini qorumaq istəyinə, Bakının geosiyasi strategiyasına qarşı belə qəbuledilməzlik taktikasının bir adı var: əvvəlcədən hazırlanmış, düşünülmüş, anlaqlı düşmənçilik.

Siyasi eqoizmi və söz oyunbazlığını "respublikaçı alternativ" kimi qələmə verən REAL da məğlubiyyətini bu qədər gec anlasa da, əvvəlki əyyamlardan fərqli olaraq indi "kağız-kuğuz işi"nin yüz minlərlə dollarlıq qrantlara yol açmayacağını dərk etsə də, etiraf əvəzinə bəraətlər səslənir.
REAL-ın da məzmunundakı irreallıq budur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31