Əli Kərimli özünümüdafiə taktikasında

Türkiyədə 15 iyul hadisələrindən sonra cərəyan edən proseslər, Gülənin FETÖ şəbəkəsinin yaxın əlaqədə olduğu qurumlar, siyasi təşkilat və birliklərin adının açıqlanması Azərbaycanın siyasi cameəsinə də təsirsiz ötüşməyib.

Yaxın tarix isə AXCP rəhbərinin iddialarını təkzib edir

Türkiyədə 15 iyul hadisələrindən sonra cərəyan edən proseslər, Gülənin FETÖ şəbəkəsinin yaxın əlaqədə olduğu qurumlar, siyasi təşkilat və birliklərin adının açıqlanması Azərbaycanın siyasi cameəsinə də təsirsiz ötüşməyib. Bu istiqamətdə aparılan araşdırmalar xüsusilə Əli Kərimli və onun rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının kürkünə birə salıb. Təkcə Azərbaycan mediasında deyil, eləcə də qardaş Türkiyənin və Rusiyanın onlarla kütləvi informasiya vasitələrində Əli Kərimli ilə FETÖ şəbəkəsi arasında əlaqələrə dair silsilə  yazıların dərc edilməsi Kərimli və tərəfdarları üçün heç də xoş olmayan "sürpriz"ə çevrilib.  Artıq Gülən şəbəkəsi ilə əlaqələrinin üzə çıxdığının fərqinə varan Kərimli tərəfdarları öz ənənəvi metodlarına əl ataraq özlərinə yaxın olan media qurumlarında, xüsusilə də sosial şəbəkələrdə özünümüdafiə taktikasına keçiblər. Hər zaman olduğu kimi Kərimli tərəfdarlarının bu dəfəki özünümüdafiə taktikası da qeyri-etik, bazar təfəkkürü formasında aparılır. Yerli və xarici mediada Gülən-Kərimli əlaqələri barədə yer alan materiallara cavab olaraq cəbhəçilərin qələmə aldıqları cızma qaralarda, şərhlərdə iddia olunur ki, guya gülənçilər məhz indiki hakimiyyət zamanı Azərbaycana ayaq açıblar. Ancaq cəbhəçilər belə bir iddia ilə çıxış edərkən nədənsə tarixi təhrif etdiklərinin fərqinə varmayıblar. Çünki hər kəsə bəllidir ki, gülənçilər hələ ötən əsrin 80-ci illərin sonlarından Azərbaycan ayaq açmağa başlayıblar. Əli Kərimli tərəfdarlarına təkcə bir neçə faktı xatırlatmaq yerinə düşər ki, iddialarının nə qədər əsassız və absurd olduğunu bilsinlər. Başalayaq Gülən şəbəkəsinin əsas bazası rolunu oynayan Qafqaz Universitetinin fəaliyyətə başlaması tarixindən. Belə ki, sözügedən təhsil ocağı cəbhəçilərin iddia etdiyi kimi mövcud hakimiyyətin zamanında deyil, məhz cəbhəçilərin 1 illik hakimiyyəti dövründə ölkədə peyda olub. Məhz Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə Qafqaz Universiteti fəaliyyətə başlayıb. Hər kəsə bəllidir ki, həmin tarixdə ölkəyə məhz AXC-Müsavat cütlüyü rəhbərlik edirdi. Eləcə də Gülən şəbəkəsinə daxil olan Bakı Özəl Türk Liseyi 1992-ci ildə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə 4 sentyabr 1992-ci il tarixdə imzalanmış Niyyət Protokolu əsasında fəaliyyətə başlayıb. Qısa müddətdə lisey üçün ayrılmış binanın təmiri və avadanlıqlarla təchizatı başa çatdırılıb, qəbul imtahanları aparılıb. Paytaxt Bakıda şəbəkələşməni uğurla həyata keçirən gülənçilər AXC hakimiyyətinin yaxından dəstəyi sayəsində tədricən regionlara da ayaq açmağa müvəffəq olur. Beləliklə, 1992-ci il, 4 sentyabr tarixində Sumqayıt Özəl Türk Liseyi fəaliyyətə başlayır. Göründüyü kimi, yuxarıda adıkeçən təhsil ocaqlarının fəaliyyətə başlama tarixi sırf AXC hakimiyyəti dövrünə təsadüf edir. Sonradan Gülənin liseylər şəbəkəsi Quba, Mingəçevir və digər regionlara yayılır. Düzdür, adıçəkilən regionlarda türk liseylərinin fəaliyyətə başlaması AXC hakimiyyətindən sonrakı dövrə təsadüf etsə də, bu prosesdə də hakimiyyət dəyişikliyindən sonra müəyyən vəzifələrdə qalan "demokratlar"ın əməyinin olduğu danılmazdır. Tədricən Azərbaycanda AXC hakimiyyəti və o zaman hakimiyyətdə strukturunda təmsil olunan Əli Kərimli vasitəsilə özünə dayaq tapan gülənçilər "Araz" kurslarını açmağa müvəffəq olur,  "Zaman Azərbaycan" adlı ilk xarici nəşrin yayımına başlayırlar. Bütün bunlara isə gülənçilər zamanında AXC-nin hakimiyyətə gəlməsi üçün ayırdığı maliyyə vəsaiti hesabına nail olurlar. Məlumata görə, hələ 1992-ci ildə Əbülfəz Elçibəyin seçkiqabağı kampaniyasına Gülən şəbəkəsi tərəfindən açıq şəkildə dəstək verilib. Belə ki, Gülən şəbəkəsi maliyyə dəstəyi ilə yanaşı "Oylarımız Elçibeye!" başlığı ilə bröşür və plakatlar nəşr ediblər. Təsadüfi deyil ki, AXC hakimiyyətinin Gülən şəbəkəsi ilə əlaqələri elə keçmiş cəbhəçilər tərəfindən də etiraf olunub. Keçmiş cəbhəçilər Daşqın Ağalarlının və Fazil  Mustafanın açıqlamalarından göründüyü kimi AXCP-Gülən əlaqələri hələ AXC hakimiyyətə gəlməzdən əvvəlki dövrə təsadüf edir, sonralar bu əlaqələr daha çox Kərimli tərəfdarlarının  üzərində fokuslanıb.

Göründüyü kimi, AXCP və onun rəhbəri Əli Kərimli hər zaman olduğu kimi yenə də cəmiyyəti aldatmaq, özünü təmizə çıxarmaqla məşğuldur. Ancaq yaxın tarix Kərimlinin özünümüdafiə  cəhdlərinin əbəs olduğunu göstərir. Şübhə edilmir ki, Türkiyədə FETÖ- çularla bağlı  istintaq dərinləşdikcə Əli Kərimli ilə sözügedən terror təşkilatı arasında əlaqələrin yeni sübutları da ortaya çıxacaq.

Əli Kərimli və onun yaxın ətrafının Gülən şəbəkəsi ilə yaxından əlaqələrinin arxasında dayanan başlıca məqsədlərdən biri də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə zərbə vurmaq, iki ölkə arasında inciklik yaratmaq olub. Elə Qənimət Zahidin müəllifi olduğu "Azərbaycan saatı" verilişinin də mahiyyəti bundan ibarət idi. Gülənə yaxınlığı ilə seçilən "Barış TV"-də yayınlanan "Azərbaycan saatı" verilişində bir qayda olaraq Azərbaycan hakimiyyətinin tənqid obyektinə çevrilməsi, proqram boyunca Azərbaycan iqtidarı əleyhinə əsassız fikirlərin səsləndirilməsi buna xidmət edirdi. Bununla Gülən-Kərimli əməkdaşlığı belə görüntü yaratmağa çalışırdı ki, guya proqramda səsləndirilən  fikirlər birbaşa Türkiyə dövlətinin mövqeyini əks etdirir. Həmçinin Gülən şəbəkəsinə aid olan digər media qurumlarında müntəzəm olaraq Əli Kərimlinin yazılarının dərc edilməsi də bu məqsədə xidmət edirdi.  Eynilə Əli Kərimliyə yaxınlığı ilə tanınan media qurumlarında mütəmadi olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələnin gündəmə gəlməsi də birbaşa Ankara-Bakı münasibətlərinə zərbə vurmaq məqsədi daşıyırdı  Əgər yaxın tarixə nəzər salsaq görərik ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ ilk olaraq Əli Kərimliyə  yaxınlığı ilə seçilən media orqanlarında gündəmə gəlib. Azərbaycan cəmiyyətinə psixoloji təsir effekti daşıyan həmin informasiyalarının mənbəyi isə bir qayda olaraq Türkiyədə Gülən şəbəkəsinin əhatə dairəsindəki qəzet və jurnallar olub.

Ən son Rusiya-Türkiyə gərginliyi, Türkiyənin Suriyaya qarşı siyasəti, eləcə də Türkiyədə keçirilən son parlament və prezident seçkiləri, ən sonda 15 iyul hadisələri zamanı və ondan sonra cəbhəçilər özlərinə yaxın media orqanlarında və sosial şəbəkələrdə Türkiyə hökumətinin yürütdüyü siyasəti kəskin tənqid etməklə Bakı ilə Ankara arasında münasibətlərin sərinləşməsinə səy göstəriblər. Amma bütün cəhdlərə baxmayaraq Gülən-Kərimli şəbəkəsinin planları baş tutmayıb. Azərbaycan Türkiyənin çətin, ağrılı günlərində hər zaman onun yanında olduğu kimi, qardaş ölkə də bir qayda olaraq Azərbaycana qarşı eyni mövqeni sərgiləyib.  Qətiyyətlə demək olar ki, bundan sonra da Türkiyə-Azərbaycan münasibətlərinin korlanması, iki ölkə arasında münasibətlərin gərginləşməsinə heç bir qüvvə nail ola bilməyəcək. Bunu həm FETÖ, həm də AXCP rəhbəri Əli Kərimli yaxşı bilməlidir. Çünki Türkiyə-Azərbaycan dostluq və qardaşlığı Gülən-Kərimli işbirliyindən fərqli olaraq maddi maraqlar üzərində qurulmayıb.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31