Dağlıq Qarabağ problemində üçtərəfli formatın rolu

Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı görüşü regional münaqişlərin həlli baxımından bir sıra məqamları ilə yadda qaldı. Bakı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli mövzusu da əsas diqqət mərkəzində oldu.

Ermənistan Qarabağ münaqişəsinin həll olunması üçün addım atmağa məcburdur
 

Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı görüşü regional münaqişlərin həlli baxımından bir sıra məqamları ilə yadda qaldı. Bakı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli mövzusu da əsas diqqət mərkəzində oldu. Rusiya prezidenti Vladimir Putin bəyan etdi ki, ölkəsi çalışacaq ki, Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın. O, problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını da bildirib. Ardınca Rusiya dövlət başçısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə də Dağlıq Qarabağ mövzusu diqqət mərkəzində oldu. Lakin V.Putinin Ermənistan prezidenti Serj Sərkisyanla görüşü gözlənilən ümidləri doğrultmadı. Ümumiyyətlə bu görüşdə nəinki Qarabağ, heç Ermənistanda baş verən dövlət çevrilişinə cəhdin də ciddi müzakirə edilmədiyi bildirlir. Məlumata görə, Ukraynanın Krıma hücumu Putin-Sərkisyan görüşünü sıradan bir görüş səviyyəsinə endirib. Belə halda, Bakıda keçirilən Zirvə görüşünün Dağlıq Qarabağ probleminin həllinə hansı təsiri gözləniləndir? 
 Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən üçtərəfli tarixi görüşü nəinki region, ümumiyyətlə dünya üçün mühüm əhəmiyyət kəsb edir. YAP rəsmisi bildirib ki, bu görüşün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin beynəlxalq aləmdə olan nüfuzunun, apardığı sülhməramlı və dostluq siyasətinin, həmçinin Azərbaycanda olan ictimai-siyasi sabitliyin, ölkəmizin təşkilatçılıq qabiliyyətinin və iqtisadi inkişafının göstəricisidir. S.Novruzov qeyd edib ki, bu görüşdə regionun ən aparıcı dövlətləri iştirak edirdi: "Görüşdə terrorizmin qarşısının alınması, ekstremist amillərin aradan qaldırılması, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olundu və bəyannamə imzalandı. Bu görüşlərin mütəmadi keçirilməsinin qərara alınması, üçtərəfli formatın regionda sülh və sabitlik üçün əsas şərt olması, dondurulmuş münaqişələrin həll edilməsi ilə bağlı müzakirələrin aparılması çox vacib əhəmiyyət kəsb edir və önəmli mesajlardandır". S.Novruzov hesab edir ki, bu format başqa ölkələrin də qoşulması ilə daha geniş formada davam etsə, çox qısa müddət ərzində həm regionda sülh yaranacaq, regionun iqtisadi inkişafı sürətlənəcək, nəqliyyat və kommunikasiya məsələləri öz həllini tapacaq və yeni bir böyük qüvvə meydana çıxacaq: "Azərbaycan bundan əvvəl də İranla dəmir yolu və digər məsələlərlə bağlı bir sıra müqavilələr bağlamışdı və İran prezidenti Azərbaycanda olanda da bu məsələlərə toxundu. Eyni zamanda, Azərbaycan-Rusiya və Rusiya-İran münasibətlərinin daha da yaxınlaşması regionda yeni bir inkişaf mərhələsinin əsasını qoyur". YAP rəsmisi bildirib ki, əgər regionda belə bir birlik yaranırsa, bu cür addımlar atılırsa, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll olunması üçün addım atmağa məcburdur, çünki başqa çıxış yolu qalmır: "Ona görə də hesab edirəm ki, bu cür yeni əməkdaşıq formatının yaranması Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində çox mühüm addım olacaq". S.Novruzov əlavə edib ki, bu cür əməkdaşlıq formatı müəyyən qüvvələri, xüsusilə erməni lobbisini narahat edir: "Ermənilərin lobbiçiliyi ilə ayrı-ayrı qurumlar tərəfindən müxtəlif bəyanatların səslənməsini gözləmək olar". Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı sammiti Avrasiya materikində sabitliyin vacib bünövrəsindən biridir. O xatırladıb ki, bu ideyanın müəllifi prezident İlham Əliyevdir: "Regionun tarixində həssas məsələlər var və onlar böyük partlayış yarada, xaos mənbəyinə çevrilə bilərdi. Prezident bu ideyanı irəli sürməklə İran və Rusiya arasındakı münasbətləri qarşıdurmadan əməkdaşlıq cinahına çevirdi. Əslində Bakı sammiti bütövlükdə Avrasiya materiki üçün bir formuldur. Üç dövlət arasındakı əməkdaşlıq bütün Avrasiyada baş verən proseslərə istiqamət verəcək". Politoloq deyib ki, region onsuz da xaosla doludur, ətrafında kifayət qədər ciddi proseslər baş verir: "Baxmayaraq ki, Azərbaycan öz parametrlərinə, əhalisinin sayına, ərazisinə görə İran və Rusiya ilə müqayisə edilcək dövlət deyil, amma bərabər surətdə bu iki dövlətlə birgə bütövlükdə Avrasiya materiki üçün təhlükəsizlik, sabitlik formulu ortaya qoydu. Avrasiya materikində sabitlikdirsə, deməli, dünyada sabitlikdir. Ona görə də mən Azərbaycan prezidentinin bu ideyasının reallaşmasını dünyanın geostrateji sabitliyi üçün töhfə hesab edirəm. Həmçinin, bu, Azərbaycana bu günə qədər olan baxışı müsbətə doğru bir qədər də dəyişəcək". M.Əhmədoğlu rəsmi Bakının iri geosiyasi layihələr reallaşdırmaqda təcrübəsinin olduğunu xatırladıb: "Bakı böyük neft-qaz layihələrinin müəllifi olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Amma üçtərəfli görüş dünya çapında verilmiş bir ideyadır və onun rellaşmasına da dünya miqyasında baxmaq lazımdır". Bakı sammitinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, politoloq bildirib ki, Azərbaycan bu gün dünyanın taleyini həll edir: "Beynəlxalq aləmdə ölkəmiz tamamilə yeni bir obrazda tanınmağa başlayıb. Bütün dünya Azərbaycan və Ermənistanın fərqli dövlətlər olduğunu görəcək. Biz Rusiya, İranla birgə layihələr həyata keçirib, onları maliyyələşdiririk. Şimal-Cənub dəmiryol marşurutunun böyük hissəsini Azərbaycan maliyyələşdirir. Bu, Ermənistan və onun havadarları üçün böyük dərsdir. Eyni zamanda Ermənistan çox böyük gələcək perspektivlərdən məhrum olub. Bu da yaxın zamanlarda istər-istəməz özünü Dağlıq Qarabağ məsələsində də göstərəcək. Bakı sammitinin yekun bəyannaməsində var ki, regiondakı münaqişələr beynəlxalq hüquq normaları əsasında tezliklə həll olunmalıdır. Beynəlxalq hüquq normalarının da birincisi ərazi bütövlüyü prinsipidir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31