Rusiyadan zərbə almamaq siyasətinə üstünlük verməmiz...

Azərbaycan dünya siyasətində formalaşan yeni qaydaları öyrənmək məcburiyyətindədir.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə və Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü Fazil Mustafa bildirib.

Millət vəkilinin sözlərinə görə, bu həftə iki çox əhəmiyyətli hadisə baş verib. Onlardan biri Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən zirvə görüşü, digəri isə yaranmış 10 aylıq soyuqluqdan sonra Rusiya və Türkiyə prezidentlərinin görüşüdür: 

"Bakıda Azərbaycan-Rusiya-İran arasında prezidentlər səviyyəsində iqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyan layihənin gerçəkləşməsi ilə bağlı görüşün baş tutması regionda yeni münasibətlərin formalaşmasına imkan yaradıb. Bu, iqtisadi faydalılıqdan başqa, həm də regional təhlükəsizlik və sabitlik baxımından Azərbaycan üçün uğurlu bir diplomatik hadisə sayıla bilər. Burada hansısa ölkələrə yaxınlaşmaqdan söhbət getmir, ən zəruri problemlərinin həllində Qərbdən lazımi və real dəstək ala bilməyən Azərbaycan bu cür formatlarda əsas aktyor kimi iştirak etməklə Rusiya və İranın Ermənistana qarşı hədsiz tərəfkeşlik siyasətində bizim xeyrimizə müəyyən dəyişikliklər yaratmaq imkanı qazanır. Necə olsa, bu iki güclü dövlət üçün tranzit ölkə olaraq əhəmiyyətinin artmasının üstünlüyünü Azərbaycan doğru yöndə istifadə etməyə çalışacaqdır".

F.Mustafanın fikrincə, R.T.Ərdoğanla V.Putinin görüşü isə Türkiyənin ən ağrılı probleminin çözülməsınə və iqtisadi sıxıntılarının azalmasına səbəb olmaqla yanaşı, Azərbaycanın hər iki dövlətlə münasibətlərinin gərginlik fazasından çıxmasına da gətirib çıxaracaqdır: "Çünki Türkiyə-Rusiya münasibətlərinin düşmənçilik səviyyəsində olmasının ən ciddi sıxıntısını Azərbaycan çəkirdi. Ərdoğan-Putin görüşündə Türkiyə-Azərbaycan-Rusiya formatından bəhs edilməsi də bizim strateji maraqlarımıza uyğun şərtlər ortaya çıxara bilər. Belə anlaşılır ki, Rusiya Azərbaycanla bağlı bütün iqtisadi modellərə isti yanaşır, bizə isə bu ərəfədə bu cür yanaşma təhlükəsizlik baxımından faydalıdır. Hələ ki, Qərbdən demokratiya və Qarabağ dəstəyi ala bilmək real deyilsə, ən azı, bu qarışıq dövrdə Rusiyadan zərbə almamaq siyasətinə üstünlük verməmiz daha praqmatik seçim sayılmalıdır. Əgər bunu ABŞ-ın ən qocaman müttəfiqi və önəmli NATO ölkəsi olan Türkiyə də etməyi məqbul sayırsa, o zaman Azərbaycan niyə bu istiqamətdə konkret addımlar atmaqdan yayınmalıdır? Maraqlıdır ki, Türkiyə dövlət çevrilişi təhlükəsini ABŞ və NATO-dan gözləyirsə, təhlükəsizliyi isə Rusiyada axtarırsa, demək ki, dünya siyasətində yeni oyun qaydaları qüvvəyə minir və Azərbaycan olaraq biz də yeni qaydaları öyrənmək məcburiyyətindəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31