Prezident İlham Əliyev: "Bu gün Azərbaycan, Rusiya, İran arasında yeni əməkdaşlıq formatı yaranır"

Bu gün Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirilir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən sammitdə çıxışında deyib.

Prezident İlham Əliyev bildirib ki, bu, tarixi hadisədir: "Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır".

Dövlət başçısı sonra deyib: "Mənim dəvətimi qəbul edərək zirvə görüşünün işində iştiraka görə Prezident Putinə və Prezident Ruhaniyə minnətdaram. Qeyd etməliyəm ki, bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda üç ölkənin xarici işlər nazirləri görüşüblər. Əminəm ki, bugünkü zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcək. Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İranla, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər, ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər".

Prezident İlham Əliyev deyib ki, Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir: "Bu təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir. Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini açıq şəkildə dəfələrlə bildirib. Azərbaycan müstəqil siyasət aparır, bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31