Güclü dövlət, uğurlu siyasət, kamil millət xoş gələcəyimizdir
8 Avqust 2016 12:43 SiyasətGünümüzdə qadınların ictimai-siyasi həyatda rolu, ölkədə gedən bu və ya digər proseslərdə yaxından iştirakı kimi müsbət tendensiya müşahidə edilməkdədir. Bu gün Azərbaycanda qadınların nəinki seçib-seçilmək hüququ, hətta mərkəzi və yerli icra hakimiyyətlərində təmsil olunmaq, yüksək post tutmaq imkanları da var. İstər parlamentdə, istər bu və ya digər dövlət qurumlarında çoxlu sayda qadınlar təmsil olunur.
Sabiq millət vəkili, tədqiqatçı alim, hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovun bu günlərdə nəşrə hazırlanan "Fikir və düşüncələrim" adlı kitabında da bu mövzuya xüsusi yer ayrılıb. Aprel döyüşlərində həlak olmuş şəhidlərin ruhuna ithaf olunmuş kitabda gender bərabərliyi və gender mədəniyyəti haqqında fikirlərini oxucuları ilə bölüşən sabiq millət vəkili Cahangir Hüseynov qeyd edir ki, müasir dövrdə cəmiyyətin bütün sahələrində qadının rolu daha da artmaqdadır. Onun sözlərinə görə, bu imkanı qadınlara həm ayrı-ayrı ölkələrdə qəbul olunmuş qanunlar, normativ aktlar, həm də beynəlxalq təşkilatların müxtəlif ölkələrə ünvanladığı sənədlər verir: "Təsadüfi deyil ki, bəzi tədqiqatçılar qadınların cəmiyyətdə belə yüksək status əldə etməsinə görə bugünkü cəmiyyəti - biarxat cəmiyyət adlandırırlar. Əgər matriarxatda hakimiyyət qadınların əlində idisə, patriarxatda kişilər üstünlik əldə edərək cəmiyyəti idarə edirdilər. Hazırda - biarxatda isə kişi və qadınların hüquq və imkanları eynidir, bərabərdir. Ancaq hələ də elə ölkələr də vardır ki, orada qadına qarşı sivil olmayan münasibət qalmaqdadır, qadınlar adi hüquqlardan belə məhrumdurlar. Eyni zamanda, dövrdə və bir-birinə yaxın məkanda yerləşməsinə baxmayaraq ayrı-ayrı ölkələrdə, xalqlarda, cəmiyyətlərdə belə münasibət davam etməkdədir". Sabiq millət vəkili bildirir ki, XXI əsrin ilk on ilini artıq çoxdan yola salsaq da, zamanın inkişaf sürətilə ayaqlaşmayaraq cəmiyyətdə geriliyi mühafizə edib saxlayanlar, maariflənməyə ehtiyacı olanlar coxluq təşkil edir: "Deməli, hələ məkan, zaman və qanunlar tam olaraq hər şeyi həll etmir. Gender mədəniyyətinin formalaşmasına, gender-rol sosiallaşmasına ehtiyac böyükdür. Gender mədəniyyətinin formalaşmasına isə hamı çalışmalı, öz töhfəsini verə bilməlidir. Öz inkişafının bügünkü mərhələsində də dünya öz həllini gözləyən və bəşəriyyəti narahat edən problemləri ilə birgə inkişaf edir, burada cəmiyyətin sabitliyinə və davamlı inkişafına, eyni zamanda onu tərəqqidən geri qalmasına xidmət edən hadisə və proseslərin cərəyan etməsi müşahidə olunur. Son illər bəşəriyyəti silkələyən iqtisadi böhran isə öz ağır məhrumiyyətli və çətin problemləri ilə dünyanın əksər dövlətlərinin liderlərini, bütün xalqları bir daha dərindən düşünməyə vadar edir. Ərəb Şərqində baş vermiş siyasi böhranın dözülməz nəticələri, minlərlə insanın siyasi ambisiyaların qurbanına cevrilməsi, hüquqi dövlət prinsiplərinin, demokratik dəyərlərin, vətəndaş cəmiyyəti normalarının, insan hüquqlarının pozulması, cəmiyyətdə tolerantlığa və multikulturalizmə, sülh mədəniyyətinə əməl olunmaması XXI əsrdə hələ də insanlığın tam nəcib əməllərə sahib olacağı günün yaxında olmadığından xəbər verir. Buraya cəmiyyətdə gender mədəniyyətinin bugünkü vəziyyətini də əlavə etsək, qarşıda hələ də çox işlərin görülməsinin vacibliyi məsələsi ortaya çıxar. Belə ki, indiyədək cəmiyyətdə gender tarazlığına, gender bərabərliyinə əməl olunmaması, cinsi ayrı-seçkilik, zorakılıq hallarının durmadan artması gender mədəniyyətinin aşağı olmasına dəlalət edir. Bəziləri həmin neqativ halları qadın və kişinin psixoloji xüsusiyyətləri ilə əlaqələndirir. Aparılan tədqiqatların nəticələrinə görə, kişilər daha şox müstəqil, aqressiv, soyuqqanlı, işgüzar, texnikadan başı çıxan, güclü, səmimi, özünü lider kimi aparıan, özünə inamlı, başqasının təsirinə məruz qalmayandır. Qadınlar isə emosional, ailə və evə oriyentasiya olunan, zərif, xeyirxah, asanlıqla ağlayan, yaradıcı, nəzakətli, özünü başqalarına həsr edən, təsdiqə ehtiyacı olan, mülayim, başqalarının hissini dərk edən, asanlıqla təsir altına düşəndir. Qeyd edək ki, gender-rol sosiallaşması şəxsiyyətin bütün həyatı boyu davam edən prosesdir və o, dəyişən şəraiti və yeni təcrübəni əks etdirir. Məsələn, son 50 ildə qadın və kişinin
gender rolu haqda təsəvvür bir çox mədəniyyətlərdə, o cümlədən də Azərbaycan mədəniyyətində daha dəyişkən olmuşdur. Ənənəvi olaraq kişilik sərtliklə, ciddiliklə, qəddarlıqla, təcavüzlə və müstəqilliklə əlaqələndirilirdi. Kişinin rolu qərar qəbul etməkdən, ailənin təminatını və firavanlığını təmin etməkdən, pul qazanmaqdan ibarət idi. Qadından isə qayğı çəkmək, anlaqlı olmaq, yumşaqlıq, itaət tələb olunurdu. Onun marağı tamamilə ailə və ev işləri ilə məhdudlaşmalı idi. Lakin cinsi rolların dəyişməsinin əsas səbəblərindən biri də işləyən qadınların sayının artması oldu. Müasir qadın kişi iradəsinin itaətkar icraçısı və işdə fəal qadın rollarını birləşdirməyə çalışır. Tədqiqatlar göstərir ki, qızlar öz analarının cinsi-rol qaydalarını mənimsəyir. İşlə daha çox məşğul olan qadınlar övladlarında cinsi rola daha az ənənəvi, daha çox liberal münasibət tərbiyə edir. Cinsi-rol qaydaların liberallaşması kişi və qadının tanışlıq şəraitinə xas olan zəifliyi aradan qaldırır, ünsiyyəti daha rahat edir. Buna baxmayaraq işləyən ərli qadınlarda stresin yaranması üçün əlavə səbəblər ortalığa çıxır. Onlar şəxsi karyera cəhdi ilə ev işləri və uşaqlarla bağlı məsuliyyət arasında "bölünməli" olurlar". Cahangir Hüseynov deyir ki, müasir psixologiyada bu növ stres "işgüzar qadın sindromu" adlanır. Onun sözlərinə görə, buradakı mühüm amillər qadının işə münasibəti, ailədəki mənəvi-psixoloji iqlim, həmçinin cəmiyyət tərəfindən ona göstərilən kömək və dəstəkdir: "Alman psixoloqu Karen Horninin fikrincə, bizim sivilizasiya maskulin sivilizasiyadır. Dövlət, qanunlar, siyasət, mənəviyyat, din və elm. Bütün bunlar kişilərin yaratdığıdır. "İncəsənət, vətənpərvərlik, mənəviyyat bütövlükdə və sosial-siyasi ideyalar o cümlədən, praktiki mühakimənin düzgünlüyü və nəzəri biliklərin obyektivliyi, həyat enerjisi və dərinliyi - bütün bu kateqoriyalar öz formasına və iddiasına görə bütün bəşəriyyətə məxsusdur. Lakin real tarixi konfiqurasiyasına görə - tamamilə kişilərə aiddir. Tutaq ki, absolyut olaraq araşdırılan bütün bu şeyləri bir sözlə "obyektiv" adlandırdıq. Onda görərik ki, bəşər tarixində qüvvədə olan bərabərlik budur. "obyektiv=kişi". Bir çox dillərdə eyni bir sözlə adlandırılan "insan" və "kişi" anlayışları eyniləşdirilir. Ən müxtəlif mədəniyyətlərdə aşağı səviyyəli uğurları həqarətlə "qadın kimi", qadınların yüksək nailiyyətlərini isə rəğbətlə "kişi kimi" müəyyənləşdirirlər. Ənənəvi olaraq qadın əsasən "qadına aid"
hesab olunan və ənənəvi olaraq "kişi" işi sayılan işdən daha az ödəniş verildiyi işlə məşğul olur. Heç kəsə sirr deyildir ki, məsələn, poladəridən, inşaatçı, yükdaşıyan, tokar, çilingər, dülgər, santexnik və s. peşələrdə çalışan kişilərin sayı qadınlara nisbətən çoxdur. Amma müəllim, tərbiyəçi, xidmətçi, satıcı və s. peşələrdə qadın-ların sayının üstünlük təşkil etdiyi məlumdur. Sanki peşə və sənətlər qadınlar və kişilər arasında əvvəlcədən, könüllü şəkildə "bölüşdürülüb". Əslində isə bu cür "bölgü" sırf nisbi səciyyə daşıyır. Buna konkret misal kimi bank xidməti işçilərini göstərmək olar. Nədənsə keçmiş SSRİ-də belə bir fikir formalaşmışdı ki, bankda məhz qadınlar çalışmalıdırlar. Amma postsovet məkanında bank xidməti sahəsində qadınlardan daha çox kişilərin çalışdığı diqqəti cəlb edir. Bu cəhətdən qadınların siyasi həyatdakı mövqeyi və fəaliyyəti də diqqət çəkir. Belə ki, cəmiyyətdə uzun illərdən bəri formalaşmış stereotipləri real zəmində baş verən proseslər alt-üst edir. Adətən, qadınların siyasi fəaliyyətini lazımi səviyyədə anlayıb qiymətləndirə bilməyən sosial qruplar siyasətin "kişi işi" olduğunu iddia edirlər. Halbuki tarixdən bizə məlumdur ki, bir çox ölkələrin başında uzun müddət qadın hökmdarlar dayanmışdır. Hətta, üstəlik onların bəzisi qəddarlıq, təmkin, cəsarət, risk və s. "kişilərə xas" cəhətlərə görə kişilərdən heç də geri qalmamışlar. Kompensasiya fərqləri əsasında izah nəzərdə tutur ki, qadınlar az ödənişli olsa da, əvəzində daha yüksək əmək şəraiti, daha yaxşı sosial iqlimi, başqalarına yardım etmək imkanı, daha çevik iş qrafiki yaxud daha çevik işi olan fəaliyyətə üstünlük verir. İşçi qüvvəsi cinsi əlamətə görə bölünür, yəni ixtisasların əksəriyyəti əsasən bu və ya digər cinsə məxsus olur". Sabiq millət vəkili deyib ki, Azərbaycanda mədəniyyət, tibb, təhsil və sosial müdafiə sahələrində çalışanların 65 faizini qadınlar təşkil edir: "Ən yüksək siyasi və inzibati sahədə isə qadınlar çox seyrək təmsil olunmuşlar. Siyasi və inzibati sahələrdə qadınların iştirakı cəmi 25 faizdir, lakin onların əksəriyyəti aşağı mövqelərdə çalışır. Doğrudan da, qadınlar ənənəvi olaraq kişilərə aid sayılan işlərdə çox seyrək şəkildə çalışır və "qadın" işində məvacibin aşağı olması da doğrudur. Bu o deməkdirmi ki, qadınlar bu cür işi yüksək ödənişli "kişi" işindən ona görə üstün sayır ki, onlar qadın üçün daha xoşagəlimlidir və paralel funksiyaların yerinə yetirilməsinə daha müvafiqdir?
Statistik məlumatlara əsasən, bu heç də belə deyil. "Qadın" işində nə daha çevik qrafik, nə daha az gərginlik, nə də valideyn vəzifəsini yerinə yetirməyə yardım edən başqa bir şey nəzərdə tutulmur. Əslində tədqiqatçıların söylədikləri kimi, əksinədir. Hansısa bir ixtisas sahəsində qadınların çox sayda cəmlənməsi həmin işdəki daha az çevikliklə, müdiriyyətin daha dəqiq nəzarəti ilə və işin yerinə yetirilməsi ilə bağlı üsul və müddət seçimindəki daha məhdud müstəqilliklə müşaiyət olunur. ABŞ-da aparılmış 1600 ixtisasın təhlili göstərir ki, "kişi" işindən fərqli olaraq, "qadın" işi başqa, amma heç də daha yüngül olmayan iş şəraiti ilə səciyyələnir. "Qadın" ixtisasları daha çətin müştərilərlə işi, başqalarından qalan çirkli işi, mexaniki şəkildə təkrar olunan və daha az avtonomluğa malik işi (öz işini özünün idarə etmək hüququnun olmaması) nəzərdə tutur. Əlavə olaraq həmin təhlildən məlum olur ki, xoşagəlməz iş şəraiti həm "kişi", həm də "qadın" fəaliyyət sahələrində məvacibə neqativ təsir göstərir. Çünki həmin xoşəgəlməz iş bir qayda olaraq daha aşağı sosial statusa malik olan və pis iş şəraiti əvəzində maaşın artırılmasını tələb edə bilməyən insanlar tərəfindən yerinə yetirilir. Qadının "kişi" işinə gedən yolda qarşısına bir çox maneələr qoyulur. Buraya qadının malik olmadığı xarakteristika və professional hazırlıq vəzifələri üçün əhəmiyyəti olmayan tələblər və kişi kollektivində işləyən qadını müşaiyət edən özünə inamsızlıq və əsəbi şərait daxildir. Lakin qadınların əksəriyyəti ənənəvi "kişi işi"ndə işləməyi istəmir və ya buna cəhd etmirlər. Qadınlar özünü onlara daha yaxın olan və onların daha yaxşı bildiyi "qadın" işində daha yaxşı hiss edir. Statistik tədqiqatlar da göstərir ki, əgər qadın "qadına aid olmayan" işlə məşğul olarsa insanlarla münasibətindən neqativ nəticələr gözləyir. Çünki həm kişi, həm də qadın hesab edir ki, "kişi" sənəti qadını romantik şərəfdən məhrum edir və onun cəlbediciliyini azaldır.
Ardı var
Süleyman İsmayılbəyli