Prezident İlham Əliyev: "Azərbaycan-İran əlaqələri bu gün ən yüksək zirvədədir"

Avqustun 7-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib: "Çox şadam ki, son illər ərzində İran-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir. Bəlkə də tarixdə, 25 illik tariximizdə bu dövr ən sürətli inkişaf dövrüdür".

Prezident İham Əliyev qeyd edib: "Hörmətli cənab prezident, hörmətli qonaqlar, sizi bir daha səmimiyyətlə salamalayıram, Azərbaycana xoş gəlmişsiniz. Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimizin inkişafına yeni təkan verəcək. Mən şadam ki, biz tez-tez görüşürük. Bu ilin fevral ayında mən İranda rəsmi səfərdə idim, bu gün siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, əlaqələrimiz sürətlə, uğurla inkişaf edir və bu gün əlaqələrimiz ən yüksək zirvədədir".

Dövlət başçısı həmçinin bildirib: "Biz bu gün ikitərəfli görüş zamanı bir çox məsələləri - siyasi, iqtisadi, həm də digər məsələləri müzakirə etdik. Bizim aramızda çox böyük qarşılıqlı anlaşma var. Bu qarşılıqlı anlaşma əsasında biz münasibətləri qururuq. Fevral ayından keçən bir neçə ay ərzində bir çox məsələlər öz həllini tapıb. İqtisadi, nəqliyyat, energetika sahələrində və əminəm ki, sizin səfərinizin nəticəsi olaraq əlaqələrin inkişafı təmin ediləcək. Bu gün də bir neçə sənəd imzalanacaq ki, bu, gələcək əməkdaşlıq üçün yeni imkanlar açacaq. Mən çox şadam ki, siz Azərbaycana böyük heyətlə gəlirsiniz və nümayəndə heyətlərinin üzvləri də bir-biri ilə təbii ki, əlaqə qururlar. Əlaqələr daha da dərinləşəcək və Azərbaycan-İran əlaqələri bundan sonra da qardaşlıq, dostluq əsasında uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31