Əli Həsənov: “Hazırda əhalinin 75 faizi hər gün internetdən istifadə edir”

1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbul edilməsi də mühüm addım idi.

Bunu Milli Məclisdə (MM) parlamentin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə "18 iyun Azərbaycan Respublikasında İnsan huquqları Günü" mövzusunda dinləmələrdə  Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Proqramda Ombudsman İnstitutunun yaradılması və digər məsələlər əksini tapıb. 

O, deyib ki, sonradan prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla İnsan Hüquqları Günü kimi qəbul edilib:

"2006 və 2011-ci ildə insan hüquqları ilə bağlı növbəti dövlət proqramları qəbul edilib. 2025-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında da insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. İnsan hüquqları söz və sərbəst toplaşmaq azadlığı ilə bağlıdır.

Sərbəst toplaşmaqla bağlı yerli icra hakimiyyəti orqanları rayonlarda açıq və qapalı yerlər müəyyən edilib. Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsində partiyaların maliyyələşməsinə 2,5 milyon vəsait ayrılır. Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib".

Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlardan söz açan Ə.Həsənov qeyd edib ki, ölkədəki QHT-nin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtsaslaşıb.

PA rəsmisinin dediyinə görə, 2008-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir:

"Gənclər Fondu gənclər təşkilatlarının, gənclərinin layihələrinə dəstək göstərir. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır. Keçən ildən başlayaraq icra orqanları yanında İctimai şuralar yaradılmasına başlanılıb. Bu qurumlarda QHT-lər, fəal jurnalistlər təmsil olunur. Konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub. 

1999-cu ilin dekabrında KİV haqqında qanun qəbul olunub, növbəti illərdə qanunun Avropa Konvensiyasına uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə 7 gün sonra nəşrə başlamaq olar".

Mətbuat Şurası, Milli Televiziya və Radio Şurasının yaradılmasından bəhs edən Ə.Həsənov nəzərə çatdırıb ki, prezident İ.Əliyev medianın inkişafına diqqətlə yanaşır, KİV-in qlobal məkana inteqrasiyasına daim dəstək verir: 

"2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fond tərəfindən ötən dövr ərzində medianın inkişafına 30 milyon manat ayrılıb. 

Azərbaycan KİV-in sayına görə MDB və Avropa məkanında lider ölkələrdən hesab olunur. 5  mindən çox KİV qeydiyyatdan keçib, 50-dən çox televiziya və radio, çoxlu sayda yayım orqanları fəaliyyət göstərir.

Hazırda əhalinin 75 faizi hər gün internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərin sayı  1,2 milyon nəfəri ötüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31