Prezidentlərin Sankt-Peterburq görüşündən gözləntilər nədir?
Natiq Miri: “Rusiya Ermənistanın qaça biləcəyi bütün istiqamətləri qapadıb”
16 İyun 2016 13:09 SiyasətAzərbaycan və Ermənistan prezidentləri iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən iqtisadi forum çərçivəsində görüşəcəklər. Əvvəlcə, Rusiya prezidenti Vladimir Putin prezidentlərlə ayrılıqda görüşəcək, sonra isə üçlük formatında danışıqlar davam etdiriləcək. Maraqlıdır ki, prezidentlərin Sankt-Peterburq görüşü ərəfəsində bu görüşlə bağlı müxtəlif fikirlər, mülahizələr səslənməkdədir. Bəziləri Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində irəliyə doğru addımın atılacağına ümid etdiyi halda, digərləri Ermənistanın qeyri-konstruktiv mövqeyindən dolayın Rusiyanın vasitəçiliyi ilə keçiriləcək bu dəfəki danışıqların da nəticəsiz başa çatacağını deyir. Politoloq Natiq Miri isə hesab edir ki, əslində bu görüş Vyanada baş tutan həmsədr dövlətlərin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən formatın davamı sayıla bilməz. Çünki bu görüşdə digər həmsədr dövlətlərin xarici işlər nazirləri iştirak etmədiyinə görə, Vyana formatının pozulması anlamına gəlir: "Və bu, görüş ideyasını iyunun 7-də Almaniyanın kansleri Angela Merkeldən alan xalis Rusiya formatıdır ki, dəfələrlə Rusiya-Azərbaycan-Ermənistan prezidentlərin iştirakı ilə keçirilib. Ayrıca Fransa Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyinin təklifi ilə Qarabağ sammitinin keçirilməsi haqda razılığın olduğu deyilsə də, sonradan Rusiya XİN-ə məxsus saytdakı bu informasiyaya korektələr edildi və bu ideya sırf Rusiya formatı ilə əvəz olundu. Bu da bir daha göstərdi ki, Rusiya Qarabağ prosesini kimsəyə buraxmaq fikrində deyil və bu prosesə Moskvanın Cənubi Qafqazda qalıb, qalmamaq məsələsi kimi yanaşır". Politoloq deyir ki, məhz Azərbaycan prezidentinin Almaniya səfərində kansler Angela Merkel Qarabağ probleminin həllində açar ölkənin Rusiya olduğunu xatırlatmışdı: "Rusiya da bu çağırışın ardınca dərhal hərəkətə keçdi və göründüyü kimi, Ermənistan prezidentini razı salmaq Kreml üçün o qədər də çətinlik törətmədi. Rusiya bununla dörd məsələni hədəfə alır. Birincisi, Sankt-Peterburq görüşünü təşkil etməklə Vyana formatı ilə başlayan prosesdə estafeti ABŞ-ın əlindən almış olur. İkincisi, bununla şübhə altında olan iyun görüşünü Rusiya formatında təşkil etməklə növbəti dəfə dünyaya gücünü və təsir imkanlarını göstərir. Üçüncüsü, Birləşmiş Ştatlarıın moderatorluğu ilə Vyana formatının gələcəkdə davamı olsa belə, Rusiya prosesə nəzarət edə bilmək üçün imkanlarını test etmiş olacaq. Çünki görüşü təşkil etməkdə əsas məqsəd problemi həll etmək, yaxud dönüş yaratmaqdan çox, məsələnin gələcək inkişaf perspektivini və münaqişə tərəflərinin güzəşt
sərhədlərini müəyyənləşdirməkdən ibarətdir. Gələcəkdə problemin həllində hər hansı bir dönüş, irəliləyiş olacaqsa da, Kreml bunun məhz Rusiyanın patronajlığı altında olmasını, həm də geosiyasi maraqlarının təmin olunması kontekstində istəyir. Dördüncüsü, Rusiya prezidentlərin görüşünə Qarabağ prosesini manipulyasiya etməklə həm də Cənubi Qafqazın bu iki ölkəsinin Qərbə inteqrasiyasının qarşısını almaq imkanı baxır. O ki qaldı Rusiyanın münaqişə tərəflərinə, xüsusilə də Ermənistana təsir etmək istəyinə, bu yöndə gözləntiləri olan bəzi ekspertlərimiz növbəti dəfə xəyal qırıqlığına uğrayacaqlar. Çünki Ermənistan daxilində olan ictimai-siyasi və mənəvi-psixoloji durum bunu mümkünsüz edir". Politoloqun szlərinə görə, Rusiya birgə havadan müdafiə sistemlərinin yaradılması ilə bağlı Ermənistana təzyiq etməklə onu saziş imzalamağa vadar edə bildi: "Artıq bu sazişin Ermənistan parlamentində təsdiq olunması müzakirələri gedir ki, bu da erməni toplumunda haqlı narazılığa səbəb olub, yenidən antiRusiya ovqatını gücləndirib. Digər tərəfdən Serj Sərkisyan hakimiyyəti faşizm ideologiyasına xidmət edən Njdeyə heykəl qoymaqla Rusiyanın təpkisini çəkə bildi ki, burada da süni ajiotaj yaratmaqla erməni toplumunu milli ideologiya əsasında konsalidasiya etməyə çalışdı. Rusiyanın təpkisindən doğan yeni bir antiRusiya ovqatını körükləməklə prezidentlərin iyun görüşündə Rusiyanın Sərkisyana basqı imkanlarının reallaşmasını mümkünsüz etdi. Məhz bu iki amil iyunun 20-dəki prezidentlər görüşündə Sərkisyanın Putinlə təkbətək təmasında erməni prezidentin əlində ən güclü arqument olacaq. Məhz bu baxımdan Putinin Sərkisyanı "ya müharibə, ya da güzəşt" dilemması qarşısında qoyacağını gözləyənlərin isə arzuları elə arzu olaraq da qalacaq. Çünki Rusiya indiki halda istədiyi geosiyasi və hərbi istəklərini Ermənistandan almış durumdadır. Belə ki, Ermənistanın hava məkanını Rusiya öz nəzarətinə almaqla Sərkisyanın hansısa güc mərkəzinə üstünlük vermək kimi imkanlarını da tükətmiş oldu. Bundan sonra artıq Ermənistan havadan müdafiə sistemlərindən müstəqil qaydada istifadə etmək imkanlarını da itirdi. Rusiya ilə bağlanan sazişə görə, Ermənistan artıq bu sistemlərdən istifadə edə bilməsi üçün mütləq qaydada Rusiyanın razılığını almalıdır. Bu da onu göstərir ki, Rusiya Ermənistanın qaça biləcəyi bütün istiqamətləri qapamışdır. Və bundan dolayı Rusiya Sərkisyan hakimiyyətinin üstünə yeni basqılarla getməklə onu daha artıq atəşin içinə atmaqdan çəkinəcək. Bütün bu arqumentlərdən çıxış edərək o nəticəyə gəlmək olar ki, Sankt-Peterburq görüşü də digər Rusiya formatlarından fərqli olmayacaq. Olsa-olsa, "Kazan formulu" üzərində müəyyən manipulyasiyalar etməklə növbəti dəfə danışıqları uzadılacaq ki, bu da həm Rusiyaya, həm də Ermənistana özünü toparlamaq üçün zaman qazandıracaq". Merkelin Qarabağın açarının Rusiyanın əlində olması tezisinə gəlincə Natiq Miri hesab edir ki, bu da doğru olmadığı kimi, həm də özündə Moskva qarşısında acizlik və aşağılıq kompleksi yaradan bir fikirdir:
"Bunu Merkel kimi siyasətçilər bizi başından etmək üçün deyə bilər. Amma bunu heç bir vəchlə biz deməməliyik. Çünki Qarabağın açarı Azərbaycanda olmalıdır, Rusiyada deyil. Bu açarın Azərbaycanda olması üçün dövlətimiz hər cəhətdən güclü və qüdrətli olmalıdır. Təkcə apreldə 4 günlük bir döyüşdə Azərbaycan ordusu fərqləndi deyə, dünyada Qarabağ probleminin həlli yönündə nə boyda hərəkətlənmə oldu və bu proses davam edir. Bu da onu göstərir ki, Qarabağın probleminin həlli və açarının özümüzdə olması Azərbaycanın qüdrətli və cəlbedici olmasından keçir. Bunun başqa alternativi yoxdur. Əks təqdirdə, Azərbaycan düşmənlərinə qarşı qurduğu qapalı sistem kilid tutmaz".
Füzuli