Əli Həsənov: “Azərbaycan Konstitusiyasının 48 maddəsi insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsini özündə ehtiva edir”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda müstəqil dövlət quruculuğuna, inkişafa, demokratik təsisatların formalaşması prosesinə 1993-cü ilin 15 iyununda mərhum dövlət başısıçı Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra başlanıldığını deyib. "Olaylar"ın məlumatına görə, iyunun 16-da Milli Məclisdə (MM) parlamentin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə "18 iyun Azərbaycan Respublikasında İnsan huquqları Günü" mövzusunda dinləmələrdə çıxışı zamanı Ə.Həsənov bildirib ki, H.Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə yaşanan hakimiyyətsizliyə, ictimai-siyasi anarxiya və xaosa son qoyulub, ölkə vətəndaş müharibəsi və parçalanmaq təhklükəsindən qurtulub, Azərbaycan insan hüquq və azadlıqlarının təmin edilməsi, demokratik təsisatların yaradılması və formalaşdırılması mərhələsinə qədəm qoyub. PA rəsmisi qeyd edib ki, beynəlxalq qanunvericilikdə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı bütün normalar Azərbaycanın milli qanunvericiliyində də təsbit olunub. O, bu istiqamətdə ilk və əhəmiyyətli addımlardan biri kimi 1995-ci ilin noyabrında H. Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasının referendum yolu ilə qəbul olunmasını nümunə göstərib: "Həmin ali sənədin də böyük hissəsi- 48 maddəsi insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsini özündə ehtiva edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31