Berlin Qarabağın açarını niyə Rusiyaya “verdi”?

Şəxsi və hakimiyyət maraqları regional maraqları üstələdi

Azərbaycan prezidenti İlham Əliyevin Almaniya səfərindən sonra gözlər yenidən Moskvaya dikilib. Buna səbəb Almaniya kansleri Angela Merkelin Dağlıq Qarabağ probleminin həlli açarının Rusiyada olduğunu "etiraf" etməsi oldu. Hansı ki, ötən ilin yanvar ayında Merkel bunun əksini söyləmiş və atəşkəsin pozulmasında Rusiyanın xüsusi rolunun olduğunu qeyd etmişdi. Bəs görəsən rəsmi Berlinin mövqeyində baş verən dəyişiklik nə ilə bağlıdır?
Politroloq Natiq Miri deyir ki,  hər şeydən öncə Merkelin bu açıqlaması dahiyanı bir kəşf deyil və illərdir Rusiyanın problemin həllində həlledici olduğu deyilir: "İkincisi, Angela Merkelin bu "etirafı" Almaniya da daxil olmaqla Qərb dünyasının aqressiv Rusiyanın qarşısında acizliyinin göstəricisi sayılmalıdır. Üçüncüsü də, Merkel Rusiyanın yaxasını ələ verməklə, əslində öz yaxasını geri çəkmiş oldu. Halbuki Almaniya ATƏT-in müvəqqəti sədrliyini təhvil alanda Qarabağ probleminin həllində təsirli olacağını, hətta bununla bağlı 7 maddəlik tənzimləmə paketi hazırladığını da bəyan etmişdi. O vaxtdan bəri nə 7 maddəlik paketdən xəbər var, nə də Almaniyanın problemin həllinə təsirindən. O qədər ki, artıq ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin tərkibinin Almaniyanın da daxil olmasıyla genişləndirilməsindən belə söhbət getmir. Hətta həmsədrlərə təsir etmək və prosesi onların monopoliyasından çıxarmaq məqsədilə Minsk Konfransının çağırılması kimi təsirli bir mexanizmdən Almaniya ATƏT sədri olaraq bilərəkdən istifadə etmədi".
Maraqlıdır, o gündən bu günə nə dəyişdi ki, Merkelin fikrində kardinal dəyişiklik baş verdi və problemin həlli ünvanını Moskva olaraq göstərdi? Politoloqun sözlərinə görə, 2015-dən bu günə qədər Avropa Birliyi Rusiyanın da ciddi rol aldığı Suriyadakı proseslərin təhriki ilə miqrasiya "faciəsi" ilə üz-üzə qalıb: "Və bu problem Avropanı parçalanmaya qədər götürə bilər. Artıq Avropa Birliyinin ən qüdrətli ölkəsi Böyük Britaniya Avropa Birliyindən çıxmaq üçün iyunun 21-də referenduma gedəcək ki, burdan çıxan nəticə də Birliyin çözülməsini stimullaşdıra bilər. Bu da Qərb-Rusiya qarşıdurmasında Moskvanın qələbəsi demək olardı. Digər tərəfdən siyasi manevrlə müvəqqəti Suriyadan geri çəkilən Rusiya Qərbin sanksiyalarından qurtula bilmədiyini görüncə, yenidən öz mövqelərinə qayıtdı ki, bu da yeni bombardmanlar və yeni miqrasiya faciəsi deməkdir və özündə Avropa Birliyinə basqı xarakteri daşıyır. Həmçinin Almaniya Bundestaqının qondarma "erməni soyqırım" qətnaməsindən sonra Türkiyə ilə münasibətlər gərginləşdi ki, bu da Avropa Birliyi ilə miqrasiya sazişini havadan asılı vəziyyətə saldı.
Əvvəla ona görə ki, Avropa bu sazişin müqabilində paralel olaraq Türkiyə vətəndaşları üçün viza rejimini qaldırmalıydı ki, qaldırmadı və bu prosesi təxirə saldı. Bunu da Türkiyənin antiterror qanununu dəyişmək istəməməsinə bağladı. Buna cavab olaraq da Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan qaçqınların Avropa qapısını yenidən aça biləcəklərini söylədi. Bu isə Avropa üçün qorxulu royadır ki, bunun da həlli hələlik fəzada görsənmir. Doğrudur,Avropanın Türkiyəyə ehtiyacı olduğu yönündə artıq bəzi müsbət jest və açıqlamalar ard-arda gəlməyə başladı. Ancaq bunlar hələlik sözdən o tərəfə getmədiyi üçün problem həll olunmuş sayılmaz. Bunun üçün Türkiyəyə ciddi güzəştlər edilməlidir. Xüsusilə də İŞİD-in ABŞ-da terror hadisəsi törətməsindən sonra Avropanı yenidən qorxu sardı ki, bu da Türkiyənin haqlı mövqeyini bir daha ortaya qoymaqla bərabər, həm də mövqeyini gücləndirdi". Natiq Miri hesab edir ki, AngelaMerkelin hakimiyyətdən getməsi üçün Rusiyanın Almaniyada ciddi siyasi və kəşfiyyat işləri apardığı və bunun üçün böyük maliyyələr xərclədiyi üzə çıxıb və bu da xanım kansleri narahat etməmiş deyil: "Eyni zamanda Almaniyanın ABŞ-la münasibətlərində bir gərginlik hiss olunur ki, bu da Merkel hökümətinin gələcək perspektivini təhlükəyə atmış olur.  Bir neçə min Almaniya vətəndaşının ABŞ Hərbi hava qüvvələrinin Almaniyanın cənub qərbində yerləşən Ramştayn bazasını mühasirəyə aldığı haqda xəbərlər də təsadüf sayıla bilməz. Almanlar ABŞ-ın hava əməliyyatlarının bu bazadan idarə olunmasıına etiraz edirlər. Alman aktivistlərin fikrincə, aviabaza ABŞ-ın operatorları və onların İraq, Əfqanıstan, Pakistan, Yəmən və Suriyadakı pilotsuz təyyarələri arasında vasitəçi rolunu oynayır. Etirazçılar ABŞ-ın öz pilotsuz təyyarələrini idarə etmək üçün Almaniya ərazisindən istifadə etməsini Almaniya konstitusiyasının pozulması kimi qiymətləndiriblər. Və bu hadisə də Bundestaqda baş verən antiTürkiyə olayı kimi Merkelin təbirincə, demokratiyanın təzahürü sayıla bilməz. Bu, ABŞ-a "özünü yığışdır" mesajıdır. Məhz bu pəncərədən baxanda, Merkelin Birləşmiş Ştatların Qarabağla bağlı başlatdığı Vyana prosesinə rəğmən Azərbaycan prezidentinə açarın ünvanı kimi Moskvanı göstərməsinin səbəbləri aydın olur.
Nəhayət, Avropa Birliyinin, o cümlədən Almaniyanın bu boyda problemlərə rəğmən, bir də Qarabağ probleminə xərcləyəcək zamanı və enerjisinin olmadığı göstərilə bilər".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31