Heydər Əliyev  Azərbaycan xalqının əbədi sərvəti, əbədi xəzinəsidir

Hər bir tarixi hadisənin aparıcı qüvvəsi xalqdır. Eyni zamanda xalqın istəyini reallaşdıran, arzularını həyata keçirmək istiqamətində fövqəladə güc sahibi olan şəxsiyyətin  rolu da danılmazdır. Belə şəxsiyyətlər tarixdə yeni era açırlar.  Onlar öz qüdrətli dühaları ilə tarixi inkişafa və proseslərə böyük təkan vurur, öz dönməz iradələrini diqtə edir, coşqun fəaliyyətləri ilə tarixin yaradıcılarına çevrilirlər. Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçisi, görkəmli dövlət və siyasi xadimi, Azərbaycanın müstəqilliyinin real təminatçısı Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.  Bütün bu gerçək titulları o, 1993-cü il iyunun 15-də - Milli Qurtuluş Günündə Azərbaycan xalqını düçar olduğu  fəlakətdən xilas etmək üçün atdığı birinci addımdaca qazandı.  Böyük Öndərin adı ilə qoşa səslənən Milli Qurtuluş Günündən sonrakı illərdə  Azərbaycan, həm də beynəlxalq təcridolunmadan xilas olundu. Heydər Əliyev qətiyyətlə Azərbaycan reallıqlarını dünyaya çatdırdı, öz sülh siyasətinin mahiyyəti ilə  ən nüfuzlu beynəlxalq təşkilatlarda, qüdrətli dövlətlərdə tərəfdaş tapdı.

Bu gün hər bir azərbaycanlı həmin günün mahiyyətini yaxşı bilir.  Böyük Öndər hakimiyyətə gələndə Azərbaycan dövləti dərin bir girdaba düşmüşdü.  Erməni təcavüzü azmış kimi ölkənin şimalında "Sadval" seperatçı təşkilatı, cənubunda qondarma Talış - Muğan Respublikası, üstəlik də hakimiyyət uğrunda qarşıdurmalar Azərbaycanı məhv olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu. Hələ Qurtuluş Günündən xeyli əvvəl Heydər Əliyevin hakimiyyətə gəlişini dəstəkləyən Azərbaycan ziyalıları çağırışlar etməyə başlamışdılar. Sonradan bu çağırışlar böyük mitinqlərə çevrildi. Beləliklə də  1993-cü il iyunun  əvvəllərində Gəncədə baş verən faciəli hadisələr liderin qayıdışından savayı  başqa bir yolun olmadığını təsdiqlədi. Həmin il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Və o gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

***

Bu sətirləri yazarkən bir jurnalist olaraq ümummilli liderin həmin gündən sonra ölkəyə rəhbərlik etdiyi illərin ab-havasını xatırlamağa çalışıram. Heydər Əliyevin  jurnalistlərlə bağlı fikirlərini yada salıram, onun  mətbuat işçilərinə göstərdiyi qayğını gözümün önünə gətirirəm. Azərbaycan mətbuatının azad fikirli, istedadlı, SÖZün qədrini bilən və bu SÖZdən Azərbaycan dövləti və dövlətçiliyi üçün maksimum istifadə edən  jurnalistlərinə göstərdiyi diqqət və hörmət hələ neçə-neçə illər yaddan çıxmayacaq. Mən deyərdim ki, jurnalistika, sovet mətbuatı, daha sonrakı demokratik mətbuat azadlığı haqqında onun qənaətləri və söylədiyi fikirlər böyük bir tədqiqat mövzusudur. Bu sahədə liderdən öyrənən jurnalistlər daim ona minnətdardırlar.

Mən heç bir vaxt jurnalist olaraq onunla səfərlərdə iştirak etməmiş, müsahibə almamış, keçirdiyi tədbirlərin iştirakçısı olmamışam. Amma bütün bunları müşahidə etmişəm və  Heydər Əliyevin jurnalistikanın bilicisi olduğunun fərqinə varmış, KİV nümayəndələri ilə işləmək qabiliyyətinə heyran qalmışam. Bu gün əminliklə deyirəm ki, onunla  və onun yanında işləmək hər bir jurnalist üçün böyük bir məsuliyyət olduğu kimi, həm də şərəf idi.

Uca Tanrı insanları yaradarkən onların hər birinə özünün xüsusiyyətlərindən az da olsa bəxş edir - bir az böyüklüyündən, bir az səxavətindən, bir az da səbrindən. Dünyaya gələndə bu xüsusiyyətlər  hamımızda eyni ölçüdə, eyni biçimdə olur. Zaman keçdikcə, yaş üstünə yaş gəldikcə, bizi əhatə edən mühitlə təmaslarımız genişləndikcə, qazandığımız başqa xüsusiyyətlər kimdəsə bu ali keyfiyyətləri zənginləşdirir, kimdəsə azaldır. Elə insanlar da var ki, sanki bəşəriyyətə xidmət etmək üçün göndəriliblər. Yaşadıqları  ömürdə insanların sevgisi, məhəbbəti, inamı ilə əhatə olunur, az qala  müqəddəslik zirvəsinə ucalırlar. Həyatın bütün sınaqlarından mərdliklə çıxan, sınaqların ağırlığını çiyinlərində daşıyan, özünü mənəvi yüksəklikdə saxlamağa qadir olan bu insanlar müasirlərinin fövqündə durmağı bacarırlar. Heydər Əliyev məhz belə ucalıqda bərqərar olan, zamanın özünün belə heyrət etdiyi şəxsiyyətdir. Ulu bir məmləkətin, qədim bir xalqın Azərbaycan boyda qüruru, Azərbaycan boyda səsidir. Mənə həmişə elə gəlir ki, onun  bir rəhbər, bir şəxsiyyət kimi Azərbaycan xalqının bəxtinə yazılması Allahın bizə lütfüdür.

Həyat yalnız sevincdən deyil, həm də kədərdən ibarətdir. Xoşbəxtlik aləminə çevrilmək, bəzən də kədərli, qəmli və qüssəli yaşamaq əzəl gündən dünyanın taleyinə yazılmış bir qanundur. Qovğalı dünyada bir-birinə qənim kəsilən insanların dərdini çəkə-çəkə tarix vərəqlənmiş, vərəqlənə-vərəqlənə də qocalmışdır. Lakin bu qoca tarixdə həmişə cavan qalan liderlər dünən olmuş, bu gün var, sabah da olacaq. Onlar öz şəxsiyyətləri, xalqına və dövlətinə xidmətləri ilə seçilən Təklərdir. Sözün həqiqi mənasında belə Təklər -  liderlər bir xalqın görkəmli övladı olmaq statusundan çıxaraq bəşəriyyətin tanıdığı simalara çevrilirlər. Onların vurduğu möhür tarixin yaddaşında əbədi qalır. Azərbaycan xalqının XX yüzillikdə yetişdirdiyi və XXI yüzilliyin üçüncü ilində itirdiyi Heydər Əliyev də məhz belələrindəndir. O özünün bilik və bacarığı, kamil şəxsiyyəti, fövqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, dövlətinə və millətinə bağlılığı ilə Böyük Öndər səviyyəsinə yüksəldi.

***

Heydər Əliyev sağlığında da həmişə qələbə çaldı, ölümü ilə də qalib oldu. Xəstə olarkən də oğlu İlham Əliyevi siyasi varis kimi meydana çıxara bildi. O, Haqq Dünyasına qovuşarkən dünyanın nəzərini Azərbaycana çəkdi. Bir çox tanınmış dövlət xadimləri və görkəmli siyasətçilər Bakıya gəldilər. Bu, mərhum Azərbaycan liderinin Azərbaycan xalqı, həm də yeni seçilmiş prezidenti, onun siyasi varisi İlham Əliyev qarşısında daha bir xidməti oldu. Ona görə də heç kim Heydər Əliyevin böyük şəxsiyyət kimi tarixdə qalacağına şübhə etməsin.

Heydər Əliyevin bu xalqa bəxş etdiyi  düşüncə azadlığını  millətin zəkalı, savadlı  şəxsiyyətləri, eləcə də sadə insanları hələ bundan sonra da dövlətimizin dil uzunluğu, xalqımızın bərəkəti, mədəni sərvəti kimi qoruyub saxlayacaq. O bu millətin əbədi sərvəti, əbədi xəzinəsi, əbədi qazancı idi. Bunu bir daha onun millətə, dövlətə 30 ildən çox  müddət ərzində xidməti ilə Azərbaycanı dünyada ucaltması və 2003-cü ilin dekabrında bir günlük dəfn karvanı, həmçinin 40 günlük ardı-arası kəsilməyən yas mərasimləri sübut etdi. Həmin günlərdə Heydər Əliyev öz xalqını, millətini yenidən qaldırdı, onu yenidən dünyanın ən mötəbər, ən möhtəşəm  millətləri sırasına çıxardı. Xalqın öz liderinə, liderin də öz xalqına olan  sevgisinin məntiqi nəticəsi idi ki, insan axınının sayı-sanbalı, həcmi-ölçüsü, ləngəri-axarı heç bir fikrə, heç bir cümləyə sığışmayan möcüzə yaratmışdı.

Onun haqqında, fəaliyyəti və şəxsiyyəti ilə bağlı yüzlərlə kitab, elmi əsər, publisistik məqalələr yazılıb, araşdırmalar aparılıb. Müasirləri hələ liderin sağlığında Heydər Əlirza oğlunu dərk etməyə çalışmış, Azərbaycan xalqı və dövlətinin xidmətçisinin böyük obrazını geniş ictimaiyyətə təqdim etməyə çalışıblar. "Heydər Əliyev  tarixdə bütün türk dünyasını düşünən şəxsiyyətdir", "Heydər Əliyev müasir Azərbaycanın və Bakı-Ceyhan xəttinin memarıdır", "Heydər Əliyev Qafqazların lideridir", "Heydər Əliyev modern Azərbaycanın öndəridir", "Heydər Əliyev dünya siyasətinin patriarxıdır", "Heydər Əliyev nadir şəxsiyyətdir", "Heydər Əliyev canlı əfsanədir" və sair bu kimi layiqli deyimlərlə qiymətləndirilmiş ulu öndər haqqında mənim  nəsə yeni bir fikir söyləməyim çətindi. Olsa-olsa Milli Qurtuluş Günündə o böyük şəxsiyyət haqqında  jurnalist düşüncələrimi yaza bildim ki,  bu günün dəyəri unudulmasın.

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31