Azərbaycanın xaos və anarxiyadan qurtulduğu tarix

15 iyun-Milli Qurtuluş Günü

1988-90-cı illərdə keçmiş Sovet respublikalarında baş qaldıran milli azadlıq hərəkatları, müstəqillik çağırışları Azərbaycandan da yan keçmədi. Qısa bir müddət ərzində bu proseslərin əsas diqqət mərkəzinə çevrilən Azərbaycan nəhayət ki, uzun məhrumiyyət və acılardan sonra 1991-ci ilin oktyabrında tarixində ikinci dəfə müstəqillik əldə etdi. Lakin uzun illərin Sovet idarəçiliyindən çıxan bir ölkəni müstəqil şəkildə idarə etmək, onu irəli aparmaq heç də asan məsələ deyildi. Əsasən də bu illərdə səriştəsiz və siyasi təcrübəsi az olan insanların hakimiyyətə gəlməsi ölkədə çoxsaylı problemlərin meydana çıxmasına səbəb olurdu. Getdikcə ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Bütün bunlar iqtisadi inkişafa da öz mənfi təsirini göstərirdi. Digər bir tərəfdən orduda fərarilik hallarının artması, erməni təcavüzünün daha geniş şəkildə davam etməsi torpaqlarımızın işğalı ilı nəticələnirdi. Artıq mərkəzi hakimiyyətdən narazı olan xalq özünə yeni bir lider axtarışında idi. Xalqın axtarışına çıxdığı lider isə təbii ki, o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyən Heydər Əliyev idi. Beləliklə, 1993-cü ilin iyun ayında ölkənin tamamilə parçalanma və onun müstəqillyinə son qoyulma təhlükəsini aradan qaldırmaq üçün xalq Heydər Əliyevə müraciət edərək onu Bakıya, siyasi hakimiyyətə dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi. Bakıya gəldiyi ilk günlərdən Azərbaycanı düşmüş olduğu böhranlı vəziyyətdən çıxarmağa çalışan Heydər Əliyev qısa müddət ərzində buna nail ola bildi. Ölkədə silahlı hakimiyyət çevrilişinə başlamış keçmiş döyüşçü Surət Hüseynovla görüşmək üçün kifayət qədər risqli olmasına baxmayaraq Gəncəyə gedən Heydər Əliyev bu müdrik gedişi ilə ölkədə baş qaldıran vətəndaş müharibəsinin qarşısını almağa müvəffəq oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.  Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, qeyd edilən istiqamətlərdə mövcud olan problemlər tədricən aradan qalxmağa başladı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması prosesi başladı.

Növbəti mərhələdə ölkədəki siyasi sabitliyin davamlı xarakter alması istiqamətində addımlar atmaq, iqtisadiyyatı inkişaf etdirmək dururdu və Heydər Əliyev siyasi təcrübəsinə əsaslanaraq bunun da öhdəsindən gələ bildi. Beləliklə, Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bununla da Azərbaycanın iqtisadi inkişafı istiqamətində ilk uğurlu addım atıldı. 

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratdı. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr təşkil edirdi.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı, fəal diplomatiya nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bildi. Hakimiyyətdə olduğu müddətdə bütün fəaliyyətini Azərbaycanın inkişafına, xalqın firəvan və xoşbəxt yaşamasına sərf edən Heydər Əliyevin əziz xatirəsi bu gün qədirbilən xalqımız tərəfindən uca tutulur. Hələ sağlığında Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirərək 1997-ci ildən etibarən 15 iyun tarixini haqlı olaraq bayram etməyə başlayıb.  Belə ki, Azərbaycan Milli Məclisinin üzvləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış ediblər və Milli Məclis bu təklifi bəyənib. 1998-ci ildən isə 15-iyun tarixinə dövlət statusu verilib. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş, Azərbaycanın xaos və anarxiyadan qurtulduğu gün kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.

Uzun illər və əsrlər keçməsinə baxmayaraq qədirbilən Azəbaycan xalqı Heydər Əliyevin xidmətlərini unutmayacaq, onu dərin hörmət və ehtiramla yad edəcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31