Ağ Ev administrasiyasının petisiyaya cavabı nəyi dəyişəcək?

Dağlıq Qarabağ probleminin həllində irəliləyiş ola bilərmi?

Birləşmiş Ştatlar prezidentinin administrasiyası Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız qalmış Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib. Cavabda ATƏT-in Minsk qrupu kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllinə dəstək ifadə olunub. Sərsəng su anbarı ilə bağlı məsələyə isə birbaşa cavabdan qaçan Administrasiya, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılması çağırışı ilə maraq kəsb edib: "Biz tərəfləri təmkinlik göstərməyə, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini özündə əks etdirən hərtərəfli sülh sazişi üzərində dərhal danışıqlara başlamağa çağırırıq". Politoloq Natiq Mirinin sözlərinə görə, petisiyaya verilən cavabda müsbət məqamlar olsa da, məsələyə bütövlükdə obyektiv yanaşmanın olmadığı və ikili standartın yenə də özünü biruzə verdiyi görünür: "Belə ki, bir tərəfdən ABŞ Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasına çağırış edir, o biri tərəfdən də Avropa Şurası Parlament Assambleyasının Sərsəng su anbarı ilə əlaqədar qəbul etdiyi 2085 saylı qətnaməni birbaşa dəstəkləməkdən boyun qaçırır. Çünki həmin qətnamədə Ermənistan təcavüzkar adlandırılır və qoşunlarının regiondan dərhal geri çəkilməsi üçün çağırış edilirdi. Ona görə də ABŞ Petisiyaya cavabında Ermənistanı sığortalamaqla bu qədər absurd və ikili yanaşma ilə öz-özünü təkzib edir. Belə ki, məgər ABŞ Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasına çağırış edirsə, bu, o ərazilərin işğalda olması anlamına gəlmirmi? Əks təqdirdə, nəzarətdə olmayan ərazilərin nəzarətə qaytarılması nə anlama gəlir, qoy bunu da ABŞ Administrasiyası açıqlasın. Bəlkə ABŞ Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməsini deməməklə, qondarma qurumdakı bir neçə başıpozuq, cinayətkarların Azərbaycanın 20 faizini işğal etdiklərinəmi işarə edirlər? Bunun belə olmadığı ABŞ rəhbərliyinə gün kimi aydındır. Sadəcə xristian təəssübkeşliyi imkan vermir ki, Ukraynada olduğu kimi, Qarabağın işğalını da öz adı ilə çağırsınlar". Natiq Mirinin sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynaya gələndə Krım və Donbassın Rusiya qoşunları tərəfindən işğalını tanıyır, eyni zamanda Rusiyaya cəza olaraq sanksiyalar tətbiq olunur, ancaq söhbət Qarabağdan gedəndə, beynəlxalq hüquq unudulur: "Ermənistan aradan çıxarılır, mübahisə obyekti ərazi olaraq göstərilir və dolayısı ilə qondarma qurum münaqişə tərəfi olaraq təqdim edilir. Birləşmiş Ştatlar və Azərbaycanda bəziləri bu fikirlə razı olmaya bilərlər. Amma əgər Ermənistan qoşunları işğalçı kimi göstərilmirsə, bunu

tanımaqdan imtina edilirsə, onda 20 faizlik işğal faktını hansısa gücün ünvanına yazmaq lazımdır, ya yox? Geridə bircə qondarma separatçı qurum qalır ki, bu da Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi deyil, müstəqil subyekt olaraq təqdim etməkdən başqa bir şey deyil. Bu keçməzliyi yaradan biz deyilik, ABŞ özüdür. Ermənistanı işğalçı kimi tanımaq istəmir, amma danışıq tərəfi olaraq tanıyır. Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal etməyibsə, onda onun sülh danışıqlarında münaqişə tərəfi olaraq nə işi var? Ermənistan işğalçı deyilsə, onda problem ölkədaxili separatizm kimi tanınsın, həlli də ölkənin özünə aid edilsin. Çünki bu, Azərbaycanın daxili məsələsidir, onun həlli də özünə düşər. Belə vəziyyət isə Minsk qrupunun varlığını lüzumsuz edir. Ayrıca Azərbaycan Ermənistan tərəfindən torpaqları işğal olunduğu üçün BMT TŞ-na müraciət etmişdi və qəbul olunan 4 qətnamə də bunun hüquqi təsdiqi sayıla bilər. Doğrudur, BMT qətnamələrində də Ermənistan ordusu birbaşa işğalçı kimi göstərilmir, dolayısı ilə buna işarə edilir ki, bu gün ABŞ-ın etdiyi də məhz budur". Natiq Miri onu da diqqətə çatdırıb ki, ABŞ Administrasiyanın cavabında müsbət məqamlar da yox deyil: " Məsələn, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisi kimi tanınır və bu ərazilərin Azərbaycanın yurisdiksiyasına qaytarılmasına çağırış edilir ki, bu da ölkənin bu bölgə üzərində suveren hüquqlarının təmin olunması deməkdir. Başqa bir məqam ondan ibarətdir ki, ABŞ-ın cavabında Dağlıq Qarabağın müstəqilliyinə yol açan xalqların öz müqəddərratını təyinetmə hüququndan da danışılmır və bu yöndə dəstək ifadə olunmur. Bu isə qanunsuz separatçı həll yolunun qəbul olunmadığı anlamına gəlir. Umumilikdə, hiss olunur ki, ABŞ Petisiyaya cavabında " nə əldən qoyur, nə də yardan doyur" prinsipi ilə çıxış edir. Ermənistanı işğalçı olmaqdan çıxarmaqla gələcəkdə təzminat ödəmək məsuliyyətindən qaçırır, Azərbaycanın da ərazi bütünlüyünü yalnız quruca çağırışla dəstəkləməklə, virtual olaraq özünə qaytarır və sevindirir. Azərbaycanın bəzi mediası da bunu manşetdən "ABŞ Qarabağı Azərbaycana qaytarır" kimi haylı-küylü başlıqlarla ictimaiyyətə sırıyır. Hansı ki, ortada nə fal var, nə də yumurta. Ortada sadəcə 330 min imzalıq Petisiyaya ABŞ Administrasiyasının quruca bir cavabı var və bir də Ağ Evin rəsmi saytında bu gerçəklərin iki aylıq müddətdə dünya ictimaiyyətinə çatdırılması. Yoxsa ki, ABŞ kimsəyə torpaq, filan qaytarmağa hazırlaşmır. Belə olmasaydı Administrasiyanın cavabında münaqişənin həlli beynəlxalq hüquq normaları, BMT-nin 4 qətnaməsu dura-dura, prezidentlərin siyasi iradəsinə bağlanmazdı".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31