Azərbaycan Prezidentinin Almaniyada verdiyi vacib mesajlar

Bu günlərdə Almaniya Federativ Respublikası əsas diqqət mərkəzində olan ölkələrdən biridir. Buna isə səbəb olan bir neçə amil var. Maraqlısı odur ki, Federal Respublikaya olan diqqət həm mənfi, həm də müsbət yönlərdə özünü göstərir. Birincisi, almanların erməni yalanlarına uyaraq qondarma soyqırım barədə qərar qəbul etmələridir. Təssüf hissi qeyd etmək lazımdır ki, Almaniya da ermənilərin tarix saxtalaşdırmalarına şərik olaraq bu oyunun aktiv iştirakçılarından biri kimi tarixə düşdü.

Almaniyanı diqqət mərkəzinə gətirən digər bir məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfəri idi. Azərbaycan dövlət başçısının bu dəfəki əvvəlki səfərlərdən xeyli fərqli idi. Birincisi, dövlət başçısı bu dəfə ATƏT-ə sədrlik edən bir ölkəyə səfər edirdi. İkincisi, aprel döyüşlərindən sonra Almaniya ATƏT-in sədri kimi müəyyən mənada Dağlıq Qarabağ probleminin həllinə maraq göstərirdi. Hər halda Azərbaycan və Ermənistan prezidentlərinin ayrı-ayrılıqda bu ölkəyə səfər etməsi, keçirilən görüşlər belə ümid yaratmışdı. Nəhayət üçüncüsü, Azərbaycan prezidenti kifayət qədər həssas, rəsmi Berlinin qardaş Türkiyəyə gözlənilməz zərbə vurduğu bir ərəfədə Federativ Respublikada idi. Bütün bunların fövqündə dayanan isə Azərbaycan Respublikasının alman rəsmiləri, xüsusilə kansler Angela Merkellə keçirdiyi görüşdə səsləndirdiyi qətiyyətli fikirlər oldu. Azərbaycan dövlət başçısı bir daha Berlindən dünyaya vacib mesajlar ünvanladı. Əgər yaxın tarixə nəzər salsaq görərik ki, məhz keçən il də Azərbaycan Prezidenti Almaniyada səfərdə olarkən dünyaya vacib mesajlar ünvanlamış, beynəlxalq aləmi Dağlıq Qarabağ probleminin həllinə maraqlı olmağa çağırmışdı.

Dövlət başçısının bu dəfə də Almaniyada əsas müzakirə etdiyi mövzu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlindən bir daha dünyaya bəyan etdi işğalçı Ermənistanla əldə edilmiş atəşkəs razılaşması olduqca kövrəkdir. Çünki Ermənistan üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozaraq atəşkəs rejimini mütəmadi olaraq pozur. Dövlət başçısı həmçinin beynəlxalq birliyi xəbərdar etdi ki, status-kvo bu şəkildə davam edə bilməz. İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların tətbiq olunmamasından təəssüfləndiyini bildirdi.

Azərbaycan Prezidenti aprel döyüşlərindən sonra bəzi avropalıların Ermənistanın mövqeyindən çıxış edərək rəsmi Moskvanın Bakıya silah satması narahatçılılğına da elə onların öz dili ilə cavab verdi. Dövlət başçısı bildirib ki, Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur, ancaq bu, Ermənistanda allergiya doğurur. Əslində bu cavab eyni zamanda Azərbaycana Rusiyadan silah almağı dayandırmağı tələb edən ermənipərəst dairələrə də bir xatırlatma idi. Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə Rusiyaya pul ödəyir. Ancaq Ermənistanın Rusiyadan əldə etdiyi silahların Dağlıq

Qarabağda peyda olması Azərbaycanda ciddi narahatlıq doğurur. İlham Əliyev Azərbaycanın Rusiya ilə yanaşı Türkiyə, İsrail, Belarus və digər ölkələrdən də silah aldığını bildirdi.

Azərbaycan Prezidentinin Almaniya kansleri Angela Merkellə keçirdiyi görüşdə diqqət çəkən digər vacib məqamlardan biri hər zamankı kimi qardaş Türkiyəni müdafiə edən açıqlamalarda bulunması oldu. Ölkəsinin qondarma erməni soyqırımını tanımasına qarşı rəsmi Ankaranın sərgilədiyi münasibəti tənqid edən alman kansler Angela Merkel alman deputatların müstəqil qərar qəbul etdiyini iddi etdi. Xanım Merkel hesab edir ki, bu məsələnin kanslerə aidiyyyatı yoxdur. Alman kanslerinin bu fikirlərinə Prezident İlham Əliyevin verdiyi cavab da əslində Berlinə, eləcə də qondarma soyqırımı tanıyanlara bir mesaj idi. Təsadüfi deyil ki, İlham Əliyev Berlindəki mətbuat konfrasında erməni silahlı birləşmələrinin Xocalıda soyqırımı törətdiklərini xatırlatdı. "Dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyıb. Bu soyqırımı çoxdan deyil, beynəlxalq ictimaiyyətin gözü qabağında baş verib. Ermənilər işğal etdikləri ərazilərdə tarixi abidələrimizi, məscidlərimizi dağıdıblar" deyən İlham Əliyev bu açıqlamasıyla faktiki Almaniya parlamentinin "erməni soyqırımını" tanıması qərarına etiraz etdiyinə işarə vurdu. Həmçinin Azərbaycan Prezidenti öz-özlüyündə ədalət carçısı olduqları görüntüsü yaradan avropalıları, beynəlxalq aləmi yaxın tarixdə baş vermiş Xocalı qətliamını da soyqırım kimi tanımağa çağırış etmiş oldu. Hər halda avropalılar, dünya birliyi Azərbaycan Prezidentinin bu çağırışından nəticə çıxarması vacibdir. Çünki dövlət başçısının keçən il elə Almaniyadan dünyaya ünvanladığı vacib mesajların qulaqardına vurulması son nəticədə aprel döyüşləri və regionda münaqişənin alovlanması təhlükəsi ilə nəticələndi. Ona görə də beynəlxla güclərin, regionda marağı olan dairələrin Azərbaycan Prezidentinin bu mesajlarından nəticə çıxarması, bu istiqamətdə zəruri addımlar atması olduqca vacibdir. Əks halda dövlət başçısının qeyd etdiyi kimi atəşkəs çox kövrəkdir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31