"İsa Qəmbərlə Əli Kərimli bir yerdə olsaydı AXC-Müsavat iqtidarı iflasa uğramazdı"
"Elçibəyə görə "Quran"a da əl basa bilərəm..."
9 İyun 2016 07:09 Siyasət"Elçibəyə görə "Quran"a da əl basa bilərəm..."
"Hətta uğrasaydı belə indiyə kimi hər biri ən azı bir dəfə prezident olmuşdu"
4 iyun Gəncə hadisələrini araşdıran deputat istintaq komissiyasının tərkibində yaradılmış işçi qrupun üzvü olmuş tanınmış hüquqşunas Aslan İsmayılovModerator.az - a verdiyi müsahibədə belə bir fikir səsləndirib:
"Elçibəy və Əli Kərimli dəstəsi xaric hamısının adı rüşvət qalmaqalında hallanırdı. Mən elə işə gəldiyim gün gördüm ki, Prezident Aparatında iki dəstə var. Bir dəstə Əli Kərimli, o biri tərəfdə isə İsa Qəmbərin dəstəsi başda Arif Hacılı olmaqla. İsa Qəmbərin dəstəsi İxtiyar Şirin idi, Çingiz Qənizadə idi, Arif Hacılı, Pənah Hüseyn idi."
İsveçrədə mühacirətdə yaşayan tanınmış yazar Elbəyi Həsənli Aslan İsmayılovun bu açıqlamasını Moderator.az-a şərh edib:
"Aslan bəy bir daha təsdiqləyir ki, müxalifətin bu günükü parçalanmasının kökü məhz həmin vaxtdan qaynaqlanır. Zatən bu qazanın içində və həndəvərində olanlar üçün bu yanaşmada gözlənilməz bir şey yoxdur. Gözlənilməz olan odur ki, hörmətli hüquqşünas bildirir ki, "Elçibəy və Əli Kərimli dəstəsi xaric hamısının adı rüşvət qalmaqalında hallanırdı". Dolayısı ilə bildirir ki, İsa Qəmbər başda olmaqla Arif Hacılı, İxtiyar Şirin, Cingiz Qənizadə və Pənah Hüseyn rüşvət alıblar. Ən azı onların adı rüşvətlə bağlı hallanıb. Əvvəla, ondan başlayım ki, Aslan İsmayılov məlumatlı adamdır, ikincisi, nə dediyinin fərqindədir. Ona görə də onun bu bəyanatının üzərindən sükutla keçmək olmaz.
Ancaq mən adıçıkilənlərdən yalnız İsa Qəmbərin böyük ehtimalla rüşvət almadığını deyə bilərəm. Aslan bəy kimi mən də Əli Kərimlinin rüşvət almasına inanmıram. Elçibəyə görə isə "Quran"a da əl basa bilərəm. Bəlkə də Azərbaycanın tarixində rüşvətə əl uzatmayan tək adam Əbülfəz bəydir. Bəli, mən hesab edirəm ki, Əbülfəz bəy prezident kimi tarixi missiyasını yerinə yetirə bilmədi. Amma o kristal adam idi...
Bir də uzağa getmək lazım deyil ki. Əbülfəz bəy öz komandasının rüşvətə yuvarlanmasını açıq şəkildə etiraf edib: "Tank qabağında duran oğlanlar pul qabağında sındılar."
Əlbəttə, AXC-Müsavat iqtidarı dönəmində rüşvətxorluq olub. Amma bu amil lokal xarakter daşıyıb və konkret şəxslərə bağlı olub. Yəni sistem bütövlükdə rüşvətin və korrupsiyanın içinə batıb demək Allahsızlıq olardı. Ümumiyyətlə, rüşvətxorluq AXC-Müsavat iqtidarının əsas nöqsanı deyil. Həmin iqtidarın faciəsi onda idi ki, hər kəs başının üstündə dayananı aşırıb onun yerinə keçmək istəyirdi. Surət Hüseynovun qaldırdığı qiyam da bu yanaşmaya söykənirdi. Xüsusən, İsa Qəmbər və Əli Kərimli artıq post-Elçibəy dövründə özlərini yuxarı başda görürdülər. İsa Qəmbərlə Əli Kərimli bir yerdə olsaydılar AXC-Müsavat iqtidarı iflasa uğramazdı. Hətta uğrasaydı belə indiyə kimi hər biri ən azı bir dəfə prezident olmuşdu. Ancaq onların bu məsələyə yanaşması belədir: "Rəqibim (düşmənim ifadəsi daha çox yerinə düşür) prezident olunca, elə İlham Əliyev olsun"...