Dünya üçün Qlobal Bakı Forumunun əhəmiyyəti daha böyükdür
Bu forum həm də ölkəmizdə multikultral dəyərlərə verilən qiymətin ən bariz nümunəsidir
10 Mart 2016 13:30 SiyasətBu günlərdə Azərbaycan daha bir beynəlxalq tədbirə evsahiblik etməklə dünyanın diqqət mərkəzini özünə yönəldib. Belə ki, martın 10-da Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "İnterAaction Council", Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində IV Qlobal Bakı Forumu keçirilir. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunur. Bundan başqa forumun gündəliyinə enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi müxtəlif təbəqələri təmsil edən insanlar, millət vəkilləri və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən də təqdir olunur.
Millət vəkili Azər Badamov da Azərbaycanda 4-cü Qlobal Bakı Forumu keçirilməsini mühüm əhəmiyyətli hadisə kimi qiymətləndirir. Onun sözlərinə görə, foruma olan beynəlxalq maraq belə deməyə əsas verir:"Dünya ölkələri bir araya gələrək Davos iqtisadi Forumu, Münxən Təhlükəsizliyi Forumu keçirir. Amma Bakıda keçrilən Qlobal Bakı forumu heç də o biri forumlardan geridə qalmır. Əksinə dünya üçün Qlobal Bakı Forumunun əhəmiyyəti daha böyükdür. 50- dən çox ölkədən 300- dən artıq nümayəndənin iştirak etdiyi bu forumda çox önəmli, müharibələr və iqtisadi böhranların başlanğıcı olan humanitar sahəyə dünyanın diiqətini yönəldilir". Millət vəkilinin sözlərinə görə, Azərbaycan yeganə ölkələrdəndir ki, dünyaya barış mesajları göndərir, multikultarizm və tolerantlıq təbliğ edir: "Azərbaycan, bu gün hamını düşündürən və həyata keçirməyinə cürət etmədiyi bir missiyasnı həyata keçirir. Forumda dünyanı narahat edən bir çox məsələlər müzakirə olunacaq və müxtəlif ölkələrdən iştirak edən siyasətçilər dünyada humanitar sahədə mövcud qlobal problemlərdən danışacaqlar".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib ki, forumun Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə,
belə bir forumun Azərbaycanda keçirilməsi ölkəmiz üçün də xeyirlidir: "Xüsusilə, Qarabağ məsələsində, bu problemə yanaşmada dünyada mövcud olan ikili standartlar aradan qalxmış olacaq. Çünki Azərbaycanda olan dünya ölkələrinin nümayəndələri burada milli və dini tolerantlığın qorunduğunun şahidi olacaq, Azərbaycanda digər xalqlar və millətlərin nümayəndələrinə necə hörmətlə yanaşıldığını öz gözləri ilə görəcəklər. Hesab edirəm ki, bu forum bütün parametrləri üzrə Azəbaycana yalnız faydalar gətirə bilər". Fərəc Quliyev. Forumun nəticəsi olaraq Bakıda mühüm sənədlərin qəbul olunacağını və bununla da dünyaya bir mesaj ünvanlanacağını da söyləyib.
lV Qlobal Bakı Forumunun əhəmiyyətindən danışan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, (ASGA) internet-media ekspert Səbuhi Abbasov deyib ki, artıq Azərbaycan dünyada beynəlxalq tədbirlərin keçirildiyi strateji ölkə kimi tanınır: "İki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik, regional dinamiklik və təhlükələr, iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq." Forum iştirakçılarının dünya siyasi mənzərəsində kifayət qədər çəkisi olan şəxslərdən ibarət olduğunu deyən Səbuhi Abbasov bu faktorun ölkəmizin dünyadakı nüfuzunu müəyyənləşdirdiyini deyib: ""Bu gün dünyada dini və etnik zəmində baş verən qanunsuzluqlara qarşı çoxsaylı dövlətlərin nümayəndələrinin məhz Bakıda bir araya gəlməsi də çox müsbət haldır və təbii ki, bununla bağlı müvafiq sənəd imzalanacaqdır. Bundan başqa demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlərin də müzakirəsi gözlənilir. Belə forumun əsas məqsədi təbii ki, Azərbaycanın dünyada imici deməkdir. Bu forum həm də ölkəmizdə multikultral dəyərlərə verilən qiymətin ən bariz nümunəsidir. Artıq dünyada Multikultralizmin Azərbaycan modeli geniş yayılmaqdadır. IV Qlobal Bakı Forumu Multikultralizmin Azərbaycan modelini dünyaya daşıyacaq".
Kamal