Bakı-Moskva-Tehran əməkdaşlığı mümkün görünürmü?

Arzu Nağıyev: “Üç dövlətin xarici işlər nazirlərinin görüşünün planlaşdırılması Azərbaycam-Rusiya-İran yaxınlaşmasının əlaməti hesab oluna bilər”

Azərbaycanın yerləşdiyi regionda, eləcə də beynəlxalq aləmdə rolu, mövqeyi əhəmiyyətli dərəcədə artmaqdadır. Bir neçə gün əvvəl Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci toplantısının keçirilməsi, birinci iclasa nisbətən bu dəfə iştirakçı və tərəfdaş dövlələrinin sayının artması, eləcə də Qərb tərəfindən İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasından sonra rəsmi Tehranın regionda ilk olaraq Azərbaycanla daha geniş spektrdə əməkdaşlığa maraq göstərməsi ölkəmizin Cənubi Qafqaz regionundakı nüfuzu və roluna verilən qiymət kimi dəyərləndirilə bilər. Azərbaycana olan beynəlxalq marağın daha da artmasını şərtləndirən digər bir amil isə rəsmi Bakının sadiq strateji tərəfdaş olması, xarici siyasətdə bir qayda olaraq balanslaşdırılmış siyasət həyata keçirməsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfərindən sonra Tehran-Bakı mnasibətlərində yaranan yeni mərhələ, ikitərəfli əlaqələrdə açılan yeni imkanlar şimal qonşumuz tərəfindən də maraqla izlənməkdədir. Azərbaycan-İran əlaqələrinin inikişaf etdirilməsi rəsmi Moskva tərəfindən də təqdir olunur. Hər halda dövlət başçısının İran səfərindən sonra Rusiya rəsmiləri tərəfindən verilən açıqlamalar belə deməyə əsas verir. Eyni zamanda bildirilir ki, Kreml əməkdaşlığın üçlü formatda davam etdirilməsini məqbul sayır. Təsadüfi deyil ki, son günlər regionda yeni Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatının yranacağı barədə də xəbərlər yayılmaqdadır. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfərindən dərhal sonra Kreml rəhbəri Vladimir Putinin iki gün ard-arda azərbaycanlı hımkarına zəng etməsi bu istiqamətdə ehtimalların sürətlənməsinə rəvac verib. Bu arada hər üç ölkənin xarici işlər nazirlərinin görüşəcəyi barədə gündəmə gələn xəbər isə Bakı-Moskva-Tehran formatında yeni üçlü əməkdaşlığın yaranacağına dəlalət edir.

Bəs görəsən Bakı-Moskva-Tehran üçlü formatı indiki situasiyada real görünürmü və bu əməkdaşlıq Azərbaycan, Rusiya və İran üçün hansı faydalar verəcək? Xüsusilə, sözügedən əməkdaşlıq Azərbaycan üçün nə vəd edir? Ən əsası bu əməkdaşlıq Qərbdə, Birləşmiş Ştatlarda necə qarşılanacaq?

Siyasi ekspert Arzu Nağıyev də hesab edir ki, üç dövlətin xarici işlər nazirlərinin görüşünün planlaşdırılması Azərbaycam-Rusiya-İran yaxınlaşmasının əlaməti hesab oluna bilər: "Bu görüşdə əsas məsələ kimi Azərbaycan Prezidenti İlham Əliyevin İranda İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşü vaxtı əldə olunan razılıqların və müqavilələrin həlli yolları ola bilər. Bildiyiniz kimi, İrandan sanksiyalar götürüldükdən sonra Azərbaycanla əlaqələrin genişləndirilməsi hər iki dövlət üçün önəmlidir. Əsas istiqamət təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasıdır. Bu isə Rusiyanın, İranın və eyni zamanda Azərbaycanın yükdaşımasında böyük önəm kəsb edir". Arzu Nağıyevin sözlərinə görə, ermənilər hər cəhdlə buna mane olmağa çalışsalar da, lakin sözügedən layihə reallaşır: "Bundan başqa, Rusiyadan elektrik enerjisinin Azərbaycana və buradan İrana ötürülməsi də müzakirə edilən məsələlərdəndir. Bunun üçün xüsusi bir qrup da yaradılıb". Arzu Nağıyev bildirib ki, İran qazının Azərbaycandan tranziti, qazın müvəqqəti saxlanması və təbii ki, neft sektoru ilə də bağlı bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur: "Düşünürəm ki, bütün bunların siyasi tərəfləri də mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycan balanslı siyasət aparır, lakin unutmaq olmaz ki, Rusiya və İran regional məsələlərdə söz sahibi olan dövlətlərdir. Belə regional meqalayihələrdə Ermənistanın kənarda qalması da nəzərdən qaçmır və birmənalı şəkildə qarşılanmır. Yəni Dağlıq Qarabağ münaqişəsinin həllində regional təhlükəsizlik baxımından bu layihələrin önəmli rolu ola bilər. Belə ki, İran-Ermənistan və Rusiya-Ermənistan münasibətləri də unudulmamalıdır". Ekspertin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və iranlı hımkarı Həsən Ruhaninin görüşünün Xəzərin statusu məsələsinə də təsiri qaçılmazdır: "İran tərəfi Xəzər dənizini sülh dənizi kimi görmək istəyir və bu da başadüşüləndir. Son hadisələrdə Rusiyanın Xəzərdə güc nümayişi İranı narahat etməyə bilməzdi. Bir sözlə, bu anlaşmalar hər üç dövlətin Xəzərdəki maraqlarına təsir edə bilər. Hazırda "Cənub Qaz Dəhlizi" məsələsinin gündəmdə olması belə deməyə əsas verir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00