PA rəsmisi: Azərbaycanda müasir gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub

"Azərbaycanda müasir gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz ulu öndərin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb, Azərbaycan gənclərinin birinci forumu keçirilib".

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclasında deyib.

T.Süleymanov bildirib ki, 1993-2003-cü illərdə Heydər Əliyev 43 dəfə gənclərlə bağlı tədbirlərdə iştirak edib, gənclərlə bağlı hansısa tədbirə yazılı şəkildə müraciət edib, gənclər siyasətinin müxtəlif aspektlərini əhatə edən fərmanlar, sərəncamlar, dövlət proqramları və digər sənədlər imzalayıb: "O sənədlərin hər biri bizim üçün əhəmiyyətlidir, amma mən onların arasında birini xüsusi qeyd etmək istərdim ki, bu da Azərbaycan gənclərinin 2-ci forumundan sonra hazırlanmış və imzalanmış dövlət gənclər siyasəti haqqında fərman idi. Bu fərmanla ilk dəfə olaraq Azərbaycanda gənclər siyasəti əsasında ən əhatəli sənəd, 9 bölmədən və 58 bənddən ibarət olan tədbirlər planı təsdiq olundu".

PA rəsmisi vurğulayıb ki, 1999-cu ildə həmin fərman imzalanan dövrdə hələ Azərbaycanın iqtisadi imkanları o qədər də böyük deyildi, ölkə yenicə iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdu: "Ancaq 2000-ci illərin ortalarından etibarən ölkəmiz artıq sürətli sosial-iqtisadi inkişaf dövrünə daxil oldu və bu sosial-iqtisadi inkişaf, maliyyə resurslarının artması ölkəmizdə gənclərlə bağlı iri miqyaslı layihələr həyata keçirməyə imkan verdi. Bunlardan ikisini xüsusi vurğulamaq istərdim. Biri Prezident İlham Əliyev tərəfindən 2007-ci ildə təsdiq edilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır və ikinci çox mühüm sənəd bu gün yekunlarını müzakirə etdiyimiz "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramıdır".

T.Süleymanov bildirib ki, bu proqramın həyata keçirilməsi istiqamətində böyük işlər görülüb: "Azərbaycan Gənclər Fondunun yaradılması Proqramın ilk müddəalarından biri idi. Fond təxminən 3 il yarımdır fəaliyyət göstərir və bu müddət ərzində Fond 2333 layihəyə maliyyə dəstəyi verib. Bu layihələrə təxminən 13.5 milyon manat vəsait ayrılıb. Fondun üstünlüyü ondan ibarətdir ki, Fond eyni zamanda gənclərin fərdi layihələrinə də maliyyə dəstəyi göstərir".

T.Süleymanov əlavə edib ki, Azərbaycan Gənclər Fondunun dəstəklədiyi layihələrin sayı Avropa Gənclər Fondun dəstəklədiyi layihələrin sayından çoxdur: "Avropa Gənclər Fondu il ərzində maksimum 300 layihəyə dəstək verir, ancaq Azərbaycan Gənclər Fondunun il ərzində dəstəklədiyi layihələrin sayı orta hesabla 700-ə çatır".

PA rəsmisi əlavə edib ki, Dövlət Proqramının yalnız Gənclər Fondu ilə bağlı bəndi deyil, digər bəndləri də uğurla yerinə yetirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31