Erməni maraqlarına xidmət edən Smitin Azərbaycandakı dostları

Hər iki tərəfin hədəfində Azərbaycan barədə mənfi rəyin formalaşdırılmasıdır

AntiAzərbaycan şəbəkə yenə bütün imkanlarını səfərbər edərək hücumdadır. Bu dəfə də gündəmdə əsassız iddialar, demokratiya hay-həşiri, özlərinin hörmət etmədiyi insan hüquq və azadlıqlarıdır. Yəqin söhbətin nədən getdiyi hər kəsə aydın oldu. Bu günlərdə Azərbaycana qarşı başlanan yeni kampaniyadan, demokratik dəyərlərdən, haqq və ədalətdən çox-çox uzaq olan "Azərbaycan Demokratiya Aktı" adlı qanun layihəsindən. Məlumat üçün qeyd edək ki, sözügedən sənəd Azərbaycana qarşı amansız düşmən rolunu oynayan, yalnız və yalnız erməni maraqlarından çıxış edən Birləşmiş Ştatların Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən gündəmə gəlib. Komissiya Kris Smitin rəhbərliyi altında Birləşmiş Ştatlar Konqresinə qanun layihəsi təqdim edib. Sözügedən qanun layihəsi Azərbaycan hökumətinin bəzi yüksək vəzifəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını, onların bank hesablarının dondurulmasını nəzərdə tutur. Hələlik qanun layihəsinin Birləşmiş Ştatlar Konqresində nə zaman müzakirə ediləcəyi, eləcə də onun qəbul olunub-olunmayacağı dəqiq bilinməsə də, ortada olan real mənzərə ondan ibarətdir ki, Birləşmiş Ştatların dövlət siyasəti ayrı-ayrı lobbilərin, konkret olaraq erməni lobbisinin fəaliyyətinin tərkib hissəsinə çevrilib. Bunu sübuta yetirmək üçünsə ekstrasenslik etmək, fal açmağa qəti şəkildə ehtiyac yoxdur. Sadəcə yaxın tarixdə baş verənlərə qısa nəzər salmaq yetər. Əvvəla "Azərbaycan Demokratiya Aktı" adlı antidemokratik sənədin kim tərəfindən hazırlandığına diqqət yetirək. Birləşmiş Ştatların Helsinki Komissiyasının sədri Kris Smit. Erməni maraqlarına xidmət edən bu şəxsin ölkəmizə qarşı düşmən mövqedə olması bizə hələ 1990-ci illərdən məlumdur. Belə ki, Kris Smit 1992-ci ildə Birləşmiş Ştatlar Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktı 907-ci düzəlişin Konqresdə qəbul edilməsində böyük rolu olan, bunun üçün dəridən-qabıqdan çıxan biridir. Hansı ki, həmin sənədin qəbuluna çalışarkən Kris Smitin başlıca məqsədi Birləşmiş Ştatlarla Azərbaycan arasında problem yaratmaq, ikitərəfli əlaqələrə zərbə vurmaq idi. O zaman Smitin buna nail olduğunu desək yanılmarıq. Ancaq sonrakı illərdə Vaşinqtonla Bakı arasında yaranmış sərinliyi bir qədər aradan qaldırmaq mümkün oldu. Düzdür, bu günə qədər ABŞ 907-ci düzəlişi ləğv etməsə də, lakin ikitərəfli münasibətlər yüksək səviyyədə davam edir. Hər iki ölkə bir sıra beynəlxalq layihələr, koalisiyalarda əməkdaşlıq edir. Belə ki, Azərbaycan beynəlxalq antiterror koalisiyasının aktiv üzvüdür, NATO-ya aid hərbi yüklərin Əfqanıstana daşınmasında mühüm tranzit ölkə rolunu oynayır. Bu tranzit xüsusən Rusiya -NATO münasibətlərinin pozulması fonunda çox taleyüklü rola malikdir. Eyni zamanda Azərbaycan beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak edir, əfqan ordusunun təchizatına, təlimlər keçirilməsinə öz töhfəsini verir. Azərbaycan Əfqanıstanın yenidən qurulması bu ölkədə infrastruktur layihələrin həyata keçirilməsində də fəal iştirakçıdır. İki ölkə arasında enerji təhlükəsizliyi sahəsində də sıx əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq hər ötən gün bir qədər də inkişaf edir. Heç şübhəsiz
ki, bu müsbət tendensiya erməni maraqlarına xidmət edən Kris Smit və digərlərini qane etmir. Hər addımda ABŞ-Azərbaycan əlaqələrinə zərbə vurmağa çalışan təşəbbüslər, təkliflər irəli sürülür. İndiki məqamda Smit tərəfindən Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya aktı" adlı layihəni konqresə təqdim edilməsi də məhz bu məqsədlərə xidmət edir. Necə ki, 1992-ci ildə məlum 907-ci düzəlişlə istədiyinə nail olan Smit bu gün də "Azərbaycan Demokratiya Aktı" sənədin qəbulu ilə bir daha ABŞ- Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq istəyir. Erməni lobbisinin əlinə oynayan Krisr xSmit və havadarlarının Azərbaycanda Prezident tərəfindən imzalanması gözlənin əfv sərəncamı ərəfəsində fəallığa keçməsi də onların qərəzinin göstəricisidir. Eyni zamanda bununla o, ölkəmiz haqqında "antidemokratik" imic formalaşdırmağa çalışır.
Məlumat üçün qeyd edək ki, Kris Smit Birləşmiş Ştatlarda "erməni soyqırımı"nı tanımasının ən aktiv tərəfdarlarından biri kimi tanınır. Bu günə qədər o, qondarma "soyqırım"ın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib. K. Smit açıq-aşkar Türkiyə, türk dünyasına qarşı düşmən münasibəti ilə seçilir.
Bu arada bir məqamı da təssüf hissi ilə qeyd etmək yerinə düşər ki, Kris Smitin Azərbaycanda da yaxın dostları, dəstəkverici qüvvələri var. Belə ki, sabiq Müsavat başqanı İsa Qəmbər, eks-spiker Rəsul Quliyev, AMİP lideri Etibar Məmmədov və digər müxalifət liderləri Smitin timsalında özlərinə okeanın o tayında dost tapıblar. Hətta bir neçə dəfə onların Smitlə görüşləri də olub. Bu gün də erməni maraqlarına xidmət edən Smitlə radikalların əlaqələrinin mövcud olduğunu söyləmək mümkündür. Ermənipərəst siyasətçinin Azərbaycan əleyhinə hazırlamış olduğu "Azərbaycan Demokratiya Aktı" adlı sənədin həmin müxalifətçilər tərəfindən dəstəklənməsi və təqdir olunması deyilənləri təsdiqləyir. Bu faktın özü bir daha onu deməyə əsas verir ki, radikal müxalifət Azərbaycan dövlətçilyinin zərbə altında qalması, onun imicinə xələl gəlməsi üçün hətta erməniləri belə dəstəkləməyə hazırdır.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00