"Danışıqlarda Azərbaycanla Rusiya bir, ABŞ-la Ermənistan isə başqa istiqamətdədir”

Azərbaycan tərəfinin yaydığı məlumatla ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin yaydığı məlumat üst-üstə düşmür.

Bu fikirləri Azadinform-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin sabah baş tutacaq görüşünü şərh edən politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Tbilisidə Şərq Tərəfdaşlığının xarici işlər nazirlərinin qeyri-formal görüşündə dedi ki, biz Rusiya XİN rəhbəri Sergey Lavrovun verdiyi təkliflər üzərində işləyirik: "Bu təkliflərin mahiyyəti isə  ondan ibarətdir ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxmalıdır, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Sonra isə  Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqlar  başlamalıdır".
Politoloq qeyd edib ki, E.Məmmədyarov bu fikri Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu ilə görüşündə də təkrarladı: "ATƏT XİN Şurasının sammitində Minsk qrupuna həmsədr dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərinin yaydığı bəyanatda da təqdim edilmiş təkliflər məsələsinə toxunulub.  Bundan sonra Ceyms Uorlik Azərbaycan mediasına açıqlamasında Lavrovun verdiyi  təklifləri inkar etmədi. Bildirdi ki, əlavə təkliflər də var".
Politoloq bildirib ki, Uorlikin Qarabağın "xarici işlər naziri" Karen Mirzoyanla görüşərək Artsaxın  müstəqilliyinin ildönümünü qeyd etməsi  onu göstərir ki, Azərbaycanla Rusiya bu məsələdə bir istiqamətdə, ABŞ-la Ermənistan isə digər istiqamətdədir: "Elə hesab edirəm ki, prezidentlərin görüşündə bu mübahisə özünü  göstərəcək. Lavrovun təklifləri müzakirə olunsun, yoxsa Uorlikin dediyi kimi bir neçə məsələ müzakirə edilsin məsələsi mübahisə yaradacaq".
M.Əhmədoğlu vurğulayıb ki, Uorlik və Ermənistan çalışacaqlar ki, işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasının müzakirəsinə vaxt qalmasın.  Bu isə mübahisə yaradacaq.
O sonda bildirib ki,bu baxımdan prezidentlərin görüşünü  perspektivli hesab etmir: "Ola bilər ki  görüşdən sonra əlverişli vəziyyət yaransın.  Rusiya başa düşəcək ki, ABŞ üzdə onun təkliflərini dəstəkləyir, reallıqda isə  çalışır ki, təkliflərin həyata keçməsinə mane olsun. Rusiya və  Azərbaycan Minsk qrupuna qarşı birgə fəaliyyətə başlaya bilər.  Bu isə Minsk qrupuna zərbə ola bilər".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00