“Kris Smitin ermənipərəst siyasəti”
18 Dekabr 2015 13:32 SiyasətABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini artıq Konqresə təqdim edib.
Bu qanun layihəsini konqresə təqdim edərək qəbul etdirmək istəyən Kris Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir. 907-ci düzəliş - düzəlişi xatırlayaq. Həmin düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Bu düzəlişdə sözügedən Kris Smitin böyük rolu vardı.Həmin şəxs ermənilərlə dostluğunu etiraz etməkdən çəkinmir. Dost olduqları üçün sırf onların sifarişini yerinə yetirir.
Konqresmen Kris Smit ABŞ-ın "erməni soyqırımı"nı tanımasının ən aktiv tərəfdarlarındadır. Son 10 ildə Smit qondarma "soyqırım"ın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilin payına düşür. Bu kimi digər faktlara nəzər salsaq ermənilər və Kris Smit arasındakı güclü dostluq bağını aydın şəkildə görə bilərik.
Kris Smit bilməlidir ki, Azərbaycanda siyasi məhbuslar Azərbaycan qanunvericiliyinə əməl etməyən şəxslərdir. Vətəndaş cəmiyyəti ilə intensiv dialoq nəticəsində Prezident yanında Əfv Komissiyası ölkə Prezidentinə bir sıra məhkumların əfv olunması ilə bağlı müraciət edib. Bir qədər əvvəl isə humanizm prinsipi əsas götürülərək səhhətində müəyyən problemlər olan bəzi məhkumların azad edilməsi ilə bağlı məhkəmələr humanist qərarlar qəbul edib. Belə olan halda ABŞ Konqresinin Helsinki Komitəsinin Azərbaycan hökumətinin bəzi nümayəndələrinə sanksiyaların tətbiq edilməsi barədə təşəbbüslə çıxış etməsi anlaşılan deyil.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu inkişaf heç də rahat başa gəlməyib.Keçmişə nəzər salsaq görərik ki, Vətəndaş Cəmiyyətinin qurulması prosesi Azərbaycan üçün demək olar ki, sıfırdan başlayıb. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər.
Mirhəsən Seyidov