Ermənistan münaqişənin qızışdırılmasında maraqlıdır

Elxan Ələsgərov: “İşğalçı ölkə Türkiyə-Rusiya gərginliyindən istifadə edərək Azərbaycana qarşı hərəkətə keçir”

Hazırda dünyanın əsas diqqəti Türkiyə və Rusiyaya yönəlib. İki ölkə arasındakı münasibətlərin hər ötən gün bur qədər də sərinləşməsi, tərəflərin, xüsusilə Rusiyanın günahkar olmasına baxmayaraq daha çox güc dili ilə danışmağa meyilli olması Ankara-Moskva savaşının baş vermə ehtimallarını artırır. Hər iki tərəfdə hərbi həkətliliyin müşahidə edilməsi belə deməyə əsas verir. Bəs görəsən Ankara-Moskva münasibətlərini nizama salmaq, tərəflər arasında barışıq yaratmaq mümkündürmü?

"Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru, politoloq Elxan Ələsgərov deyib ki, hazırda Türkiyə-Rusiya münasibətləri gərgin olaraq davam edir: "Məlum təyyarə olayından sonra gərginləşən Ankara-Moskva münasibətlərinin normallaşmasına yönələn cəhdlər də hələlik müsbət nəticə vermir. Rusiya tərəfi Türkiyəyə qarşı 3 şərt irəli sürüb və bildirilib ki, həmin şərtlər yerinə yetirildiyi təqdirdə Ankara ilə münasibətlər bərpa olunacaq. Şərtlərdən biri Türkiyənin Rusiyadan üzr istəməsi ilə bağlıdır ki, Türkiyə haqlı olaraq bu şərti qəbul etmir. Həm prezident Rəcəb Tayyib Ərdoğan, həm də baş nazir Əhməd Davudoğlu bəyan edib ki, Rusiyadan üzr istənməyəcək. Türkiyə haqlı olaraq bildirir ki, Rusiya təyyarəsi onun hava məkanında vurulub. Rusiya isə bu faktı qəbul etmək niyyətində deyil". Elxan Ələsgərov bildirib ki, Rusiyanın hərbi gəmisinin Ege dənizində Türkiyəyə məxsus balıqçı gəmisinə qarşı atəş açması gərgin olan Ankara-Moskva münasibətlərini bir qədər də pik həddə çatdırıb: "Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bununla bağlı araşdırma aparıldığını bəyan etmişdi. Ümumiyyətlə, Türkiyə bu məsələdə bir uzlaşma əldə edilməsinə çalışır. Bu məqsədlə mesajlar ünvanlayır". Politoloq bu ərəfədə Rusiyanın ATƏT-dəki nümayəndəsinin Türkiyənin Dağlıq Qarabağla əlaqədar mövqeyinin birtərəfli, qəbuledilməz olması barədə verdiyi açıqlamaya da toxunub. Bildirib ki, bu açıq-aşkar Türkiyəyə qarşı bir mesajdır: "Bizim üçün əsas maraqlı məqam ondan ibarətdir ki, bu mesaj tərəfimizdən Türkiyəyə qarşı siyasi təzyiq kimi qəbul olunmalıdır. Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə nəzərdə tutulan görüşü ərəfəsində Rusiyanın Qarabağ məsələsində mövqeyi dəyişmıəyəcək. Çünki bu məsələ həll edilməlidir.

Münaqişənin mövcudluğu nə Azərbaycan, nə də Ermənistanın xeyrinədir. Hazırkı vəziyyət bundan ibarətdir". Elxan Ələsgərov cəbhə xəttində atəşkəs rejiminin ermənilər tərəfindən müntəzəm olaraq pozulması və bunun prezidentlərin bu ilin sonunda gözlənilən Paris görüşünə mümkün təsirlərindən də danışıb. Bildirib ki, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyi aydındır: "Lakin Ermənistan münaqişənin qızışdırılmasında maraqlıdır. Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların fonunda yaranmış vəziyyətdən Ermənistan da Azərbaycana qarşı istifadə etmək istəyir. Məsələn Türkiyə ilə Rusiya arasında imzalanmış Qars anlaşması gündəmə gətirilir. Həmin anlaşa Türkiyə və Rusiya arasında imzalansa da, əsasən Azərbaycana aid olan bir sənəddir. Siyasi sahədə Azərbaycana qarşı mübarizə aparan Ermənistan digər tərəfdən hərbi sahədə də aktivləşərək cəbhədə müntəzəm olaraq atəşkəsi pozur. Bir sözlə Ermənistan Türkiyə-Rusiya gərginliyindən istifadə edərək Azərbaycana qarşı hərəkətə keçir". Elxan Ələsgərov 34 İslam dövlətinin İŞİD-ə qarşı koalisiyaya qoşulması və bu mübarizənin effektli olub-olmayacağına da aydınlıq gətirib. Politolq deyib ki, İŞİD-ə qarşı indiyə qədər yaradılmış koalisiyaların effekti olmadığı kimi, 34 İslam dövlətinin yaratmış olduğu yeni koalisiya da hansısa müsbət nəticə əldə edə bilməyəcək: "Hesab edirəm ki, bunun da effekti olmayacaq. Düzdür, indiyə qədər İŞİD-ə qarşı bir neçə koalisiya yaradılsa da, lakin onların effekti olmayıb. Əksinə keçən müddətdə terror təşkilatı daha da aktivləşib, siyasi və hərbi bəyanatlarla çıxış edib. Ona görə də bu koalisiyaların yaradılmasının real faydasını görmürəm". Elxan Ələsgərov bildirib ki, bundan əvvəl İŞİD-ə qarşı Qərb və Rusiya tərəfindən mübarizə aparılsa da, ortada real nəticə yoxdur. Ona görə də üçüncü bir koalisiyanın yaradılmasına ümidli baxmıram".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00