Azərbaycana qarşı yeni Qarabağ təzyiqləri

Məqsəd sepratçı rejimi qəbul etdirməkdir

Regionda baş verən proseslər fonunda Azərbaycana qarşı növbəti təxribatlar, qeyri-obyektiv yanaşma özünü göstərir. Xüsusilə Türkiyənin əsas diqqətinin Rusiya ilə yaranmış problemə yönəlməsi erməni lobbisi və ona xidmət edən bəzi beynəlxalq təşkilat nümayəndələri, ayrı-ayrı fərdlərin işinə yarayıb. Mövcud vəziyyətdən maksimum dərəcədə yararlanmağa çalışan həmin dairələr Azərbaycanı meydanda tək görərək ona qarşı təzyiq kampaniyası aparırlar. Özü də bu kampaniya separatizm, işğalçılıq siyasətinə dəstək kontesktində özünü büruzə verir. Hər halda bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Ceyms Uorlikin atmış olduğu məntiqsiz addım belə deməyə əsas verir. Belə ki, amerikalı həmsədr bu günlərdə Vaşinqtona səfər edən erməni separatçılarının qondarma xarici işlər naziri Karen Mirzoyanla görüşərək "Artsaxın müstəqilliyinin ildönümü" adlı tədbirdə iştirak edib. Karen Mirzoyanın səfər çərçivəsində Vaşinqtonda bir sıra rəsmi görüşlər keçirdiyi də bildirilir. Azərbaycan Xarici İşlər Nazirliyinin haqlı olaraq ünvanladığı etiraz notasına isə Uorlikin mövqeyi maraqlı və maraqlı olduğu qədər də gülüc səslənib. Belə ki, amerikalı Karen Mirzoyanla "Dağlıq Qarabağın bütün əhalisinin səsini dinləmək" məqsədilə görüşdüyünü və bunun problemin həllinə yardım məqsədi daşıdığını deyib. Kifayətqədər arqumentsiz, hətta açıqca separatizmə dəstək xarakteri daşıyan bir cavab.
Birincisi, Uorlik çox gözəl bilir ki, Dağlıq Qarabağın bütün əhalisi yalnız ermənilərdən ibarət deyil. Əgər amerikalı həmsədr doğurdan da Dağlıq Qarabağın bütün əhalisinin səsini dinləmək istəyirsə onda nə üçün regiona səfərləri zamanı azərbaycanlı məcburi köçkünlərlə görüşüb onların səsini dinləmir? Belə çıxır ki, Uorlik Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına haqq qazandırır, qondarma sepratçı rejimə dəstək nümayiş etdirir. Bunun başqa bir adı yoxdur. Ancaq burada bir məqama da diqqət çəkmək lazım gəlir. Belə ki, Krımın Rusiya tərəfindən ilhaqına ciddi cəhdlə qarşı çıxan Birləşmiş Ştatlar və uorlikkimiləri nədənsə həmin hadisələr zamanı krımlıların səsini dinləməyə zərurət görmədi. Yaxud yaxın qoşumuz olan Gürcüstandakı separatçı abxaz və osetinlərin səsi nə üçün Birləşmiş Ştatlar üçün önəmli sayılmır. Təbii ki, burada əsas məqam məhz xristian təssübkeşliyidir. Bu gün Birləşmiş Ştatlar, eləcə də digər maraqlı ölkə və təşkilatlar təssüflər olsun ki, Ukraynadakı separatizm ocaqlarının aradan qaldırlmasına Dağlıq Qarabağ problemindən daha çox diqqət ayırır.
Ceyms Uorlik separatçıların tədbirinə qatılmasını eyni zamanda problemin həllinə yardımçı olmaq kimi dəyərləndirir. O zaman maraqlı sual ortaya çıxır. Məgər separatizmi dəstəkləmək nə vaxtdan hansısa problemin həllinə yardım göstərmək anlamı verir? Əgər həmsədrlər, eləcə də bəlli beynəlxalq təşkilatlar bu yolla münaqişənin həllinə yardım göstərmək istəyirlərsə, Azərbaycana bu cür yardım lazım deyil.
Bu arada Rusiyanın ATƏT-dəki daim təmsilçisi Aleksandr Lukaşeviçin Türkiyənin Dağlıq Qarabağ probleminə yanaşmada tutduğu ədalətli mövqeni tənqid edərək bunu tərəflərdən birinin yanında yer almaq kimi qiymətləndirməsi də vasitəçilərin Azərbaycana qarşı qərəzli mövqe ortaya qoymasını bir daha təsdiqləyir. Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyini qəbul etməyən, onu tərəflərdən birini müdafiə kimi dəyərləndirən Aleksandr Lukaşeviç nədənsə ölkəsinin Ermənistanı himayə etməsini dilinə belə gətirmir. Halbuki Azərbaycan ərazilərinin məhz rus silahları ilə ermənilər tərəfindən işğal edildiyi hər kəsə məlumdur. Hazırda da ermənilər məhz Rusiyaya arxalanaraq Azərbaycana qarşı dirəniş göstərməyə çalışırlar. Bütün dünya ictimaiyyətinə məlumdur ki, Rusiya istədiyi anda Qarabağ problemini həll etməyə qadirdir. Kremlin yalnız bir işarəsi kifayət edər ki, onun forpostu olan Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilsin. Ancaq ortada olan real mənzərə ondan ibarətdir ki, Rusiya buna maraq göstərmir. Əksinə regiona nəzarəti əldə saxlamaq üçün Dağlıq Qarabağ kartından istifadə edir.
Bütün bunlar onu deməyə əsas verir ki, müəyyən beynəlxalq çevrələr tərəfindən Azərbaycana qarşı Qarabağ təzyiqləri yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələ isə Azərbaycanı işğalla barışmağa, Dağlıq Qarabağdakı separatçı rejimi qəbul etməyə hesablanıb.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00