Milli Təhlükəsizlik Nazirliyinin ləğvi labüd idi
15 Dekabr 2015 13:27 SiyasətPrezident Ilham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv edildi. Düzü, sözügedən nazirliyin ləğvi cəmiyyətdə, eləcə də siyasi kuluarlarda elə bir ciddi sual doğurmadı. Çünki, öz funksional fəaliyyət dairəsindən çıxaraq daha çox iqtisadi nəzarət mərkəzinə, "cinayətkar yuvasına" çevrilmiş MTN-in ləğvi gözlənilən idi. Əslində, MTN yaradılanda onun fəaliyyət dairəsi o qədər dəqiq cızılmışdı ki, həmin finksiyaların yerinə yetirilməsi kifayət edirdi ki, ölkənin milli təhlükəsizliyi təmin edilsin, üstəlik xarici kəşfiyyata da nəzarət edilsin. Lakin sabiq MTN "şefi" Eldar Mahmudovun şəxsi maraqlarını dövlət və milli təhlükəsizlik mənafelərindən üstün tutması bu qurumun qısa zaman kəsiyində nüfuzdan düşməsi ilə nəticələndi. Daha dəqiqi, illərlə dövlətin təhlükəsizliyinin sütunu imicini qazanmış MTN keçmiş nazir Eldar Mahmudovun yarıtmaz fəaliyyəti nəticəsində bir anda darmadağın edildi.
MTN "cinayətkar yuvası" imicini qazanmışdı
Bir anlığa təsəvvür edək ki, MTN hansı funksiyaları icra etməli idi, lakin hansı fəaliyyətdə bulunurdu. MTN Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə əlverişli şəraitin yaradılması üçün tədbirlər görmək səlahiyyətinə malik idi. Eyni zamanda, milli təhlükəsizliyin təmin edilməsi məqsədilə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil etmək və həyata keçirmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmaq hüququna sahib idi. Çox təəssüflər ki, nazirlik dövlətin milli təhlükəsizliyinin təmin edilməsi məsələsini bir kənara qoyaraq yalnız ayrı-ayrı fərdlərin şəxsi maraqlarının təmin olunması üçün əlverişli şərait yaradırdı. Daha dəhşətlisi o idi ki, əlləri çirkaba bulaşmış nazirlik təmsilçiləri belə fəaliyyəti dövlətin adından istifadə etməklə həyata keçirirdilər. Yaxud, nazirlik xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlmiş niyyətləri, planları və əməlləri barədə məlumatları əldə etmək, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırmaq funksiyasını yerinə yetirməli idi. Həmçinin, xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, Konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə tədbirlər görməli idi. Hələ beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə mübarizə, habelə siyasi, iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələr üzrə zəruri kəşfiyyat məlumatlarını əldə edib dövlət başçısının məlumatlandırılması vəzifələrini demirik. Reallıqda isə nazirliyin bütün fəaliyyəti sadalanan vəzifələrin icrasına deyil, onun əksinə yönəlmişdi. Məhz belə səriştəsiz fəaliyyətin nəticəsi idi ki, Azərbaycanın Nardaran kimi inzibati ərazi vahidi xarici kəşfiyyat orqanlarının təsiri altına düşmüşdü, ekstremist qüvvələr dövlətin konstision quruluşunun dəyişdirilməsinə çəhd göstərirdilər. Eyni zamanda, Azərbaycan dünya ölkələrində fəaliyyəti qadağan edilmiş dini sektalar üçün poliqona çevrilmişdi. Zərərli, dövlət əleyhinə yönəlik ideyaların daşıyıcıları olan dini təriqətlər Azərbaycanda sözün həqiqi mənasında "at oynadırdılar". Xarici kəşfiyyat orqanlarının xeyir-duası ilə ölkəmizdə kök atan dövlət və millət əleyhinə fəaliyyəti hələ də yığıb yığışdırmaq mümkün olmayıb.
Yeni strukturlar milli təhlükəsizliyin qarantı kimi
Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda MTN-in ləğvi labüd idi. Və çox gözlətmədən dövlət başçısının müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradıldı. Əvvala qeyd edək ki, ölkədə belə strukturların fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə mövcuddur. Bir çox ölkələrdə milli təhlükəsizlik xidmət ilə xarici kəşfiyyat fəaliyyəti ayrı-ayrı strukturlarda formalaşıb. Hətta dinləmə-izləyici fəaliyyət hansısa qurumun tərkibində deyil, müstəqil struktur kimi özünü dorultmaqdadır. Sirr deyil ki, Azərbaycanda da belə bur qurumların yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacaq. Belə ki, yeni qurumların formalaşdırılması məqsədilə MTN-in bütün əməkdaşları sərəncama götürülüb. Təkcə bu fakt deməyə əsas verir ki, yeni strukturların kadr potensialının formalaşdırılmasında yeni meyarlar üstünlük təşkil edəcək. Heç şübhəsiz ki, yenu qurumlara peşəkar, vətənpərvər, dövlətə və millətə bağlı kadrlar cəlb olunacaq. Güman ki, bu qurumların struktur və əsasnamələrinin hazırlanması zamanı keçmiş MTN-in yol verdiyi neqativ hallara şərait yaradan məqamlar aradan qaldırılacaq.
Ən əsasə isə vətəndaşların milli təhlükəsizliyin müdafiəsinə itmiş inamı bərpa olunacaq. İnsanlar rahat şəkildə hiss edəcəklər ki, dövlətin və millətn təhlükəsizliyi peşəkar strukturiar tərəfindən qorunur. Hər bir vətəndaş əmin olacaq ki, ölkənin hərbi-sənaye kompleksi, energetika, nəqliyyat, rabitə və iqtisadiyyatın bütün strateji əhəmiyyətli sahələrinin təhlükəsizliyi etibarlı əllərdədir. Nəzərə almaq lazımdır ki, vətəndaşın milli təhlükəsizliyə güvəni onun dövlətə etimadını səciyyələndirir.
Alim