Özbək tədqiqatçısının erməni terrorizmi haqqında kitabı nəşr olunub
15 Dekabr 2015 10:38 SiyasətTanınmış özbək yazıçı-publisisti Şöhrət Salamovun (Şöhrət Barlas) "Türküstan və Cənubi Qafqaz XIX-XXəsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" adlı növbəti kitabı rus dilində çapdan çıxıb. "OLAYLAR"-ın xəbərinə görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb. Kitabda qeyd olunur ki, arxiv sənədlərinə əsasən, 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türk xalqlarının milli dövlətçiliklərini bərpası uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən cəza dəstələrinin - bolşevik-daşnak hərbi birləşmələrinin burada törətdikləri soyqırım aktları nəticəsində təkcə Fərqanə vadisində on minlərlə özbək xüsusi amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb, kənd və şəhərlər, dini tikililər, tarixi binalar dağıdılıb. Bundan başqa, 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Axıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində, burada milli zəmində ədavətin salınmasında Ermənistanın və Özbəkistanda fəaliyyət göstərən erməni millətçi təşkilatlarının da izi müəyyən edilib. Şöhrət Salamov "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" kitabında ilk dəfə olaraq, dinc əhaliyə qarşı yönəldilmiş həmin kütləvi qırğın aktlarının eyni siyasi-ideoloji mənbədən, etnik türklərə qarşı patoloji nifrətdən qaynaqlandığını sübuta yetirməklə yanaşı, onların lokal xarakter daşımadığını, XX əsrin əvvəllərində Anadoluda və tarixi Azərbaycan ərazilərində törətdiyi qanlı cinayətlərin məntiqi davamı kimi dəyərləndirib, ötən əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı və azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq, etnik təmizləmə və vandalizm siyasəti arasında ssenari eyniliyinin və paralellərin olduğunu göstərib.