Bakı və Pekini yaxınlaşdıran tarixi “İpək yolu“

Arzu Nağıyev: “Bu Azərbaycan və Çinin qədimdən əlaqəsi olmasına bir sübutdur”

XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə edən Azərbaycanın xarici siyasətində Avropa ilə yanaşı Asiya, Şərq ölkələri ilə də əlaqələri inkişaf etdirmək başlıca prioritetlərdən hesab edilirdi. Çünki tarixi İpək Yolunun əsas marşurutlarını Asiya ölkələri əhatə edirdi. Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan kimi ölkələrlə əməkdaşlığı inlişaf etdirmək, bu əlaqələri yeni bir mərhələyə daşımaq olduqca zəruri sayılırdı. Xüsusilə, bu əlaqələrdə Çinə daha çox üstünlük verilirdi.

Qədim tarixə malik Çin-Azərbaycan əlaqələri möhkəm diplomatik və mədəni əməkdaşlığa söykənir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri məhz Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb.

1994-cü il 7-10 mart tarixində Azərbaycan Rspublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Prezident Çin Xalq Respublikasının o vaxtkı sədri Tszyan Tszemin, baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb. Siyasi əlaqələrlə yanaşı hər iki şərq ölkəsini mədəni münasibətlər də bağlayır. Azərbaycan Respublikası və ÇXR arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən 1995-ci il 12-21 aprel tarixi arasında Pekin Beynəlxalq sərgi mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilib.

Azərbaycanla Çin arasında əlaqələrin bir qədər də inkişaf etdirilməsinə səbəb olan amillərdən biri də 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünün keçirilməsi oldu. Bu konfrans da öz növbəsində Bakı ilə Pekin arasında münasibətlərin daha da istiləşməsinə səbəb oldu.

Azərbaycan Prezidenti İlham Əliyev də CXR-lə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. 2005-ci il martın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər edib.

Günümüzdə də Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim inkişaf edir. İki ölkə arasında əlaqələrin inkişafında yeni bir mərhələ Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin bu günlərdə Çinə səfəri zamanı açıldı. İki günlük dövlət səfəri zamanı Azərbaycan Prezidenti Çində bir sıra mühüm görüşlər keçirdi, tərəflər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sazişləri imzalandı.

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri hər iki ölkə ilə yanaşı beynəlxalq aləmdə də diqqətlə izlənilir. Xüsusilə, mövcud iqtisadi böhran vəziyyətində Bakı ilə Pekinin daha da yaxınlaşması hər iki dövlətin iqtisadi nailiyyətlərini qısqanclıqla qarşılayan bəzi Qərb dövlətlərində məyusluq yaradır. Amma ekspertlər belə qənaətdədirlər ki, hər şeyə rəğmən Bakı ilə Pekin arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək və bu əməkdaşlıq xüsusilə iqtisadi sahədə Azərbaycan və Çin üçün səmərəli olacaq.

Siyasi ekspert Arzu Nağıyev də deyir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə səfəri mühüm əhəmiyyət kəsb edir: "Məlumdur ki, Çin Xalq Respublikası BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Məhz bu baxımdan dünyada və o, cümlədən regionda baş verən proseslər baxımından aparılan danışıqlar, görüşlər, müzakirələr, fikir mübadiləsi, burada imzalanan sənədlər lazımi və gələcək inkişaf üçün vacib və tarixi məslələrdəndir. Bu sənədlərin içində ən mühümü isə iki dövlət başçısı arasında imzalanan bəyannamə, daha doğrusu , Azərbaycan Prezidenti ilə Cin Xalq Respublikasının Sədri arasında Birgə Bəyannamədir. Bütün bu sənədlərin Azərbaycan üçün əhəmiyyəti qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsində mühüm rol oynayacaqdır". Arzu Nağıyev bildirib ki, tarixi "İpək yolu " da məhz Azərbaycan və Çinin qədimdən əlaqəsi olmasına bir sübutdur: "Bu gün Azərbaycanda loqistikanın və daşımaların, eyni zamanda Qərb və Şərq istiqamətində bu nəqliyyat yollarının daha da müasirləşməsi iki dövlətin ümumi maraqlarına xidmət edir. Bundan başqa 2015 -cil ilin əvvələrindəbn biz Şanxay Əməkdaşlıq Təşkilatına dialoq üzrə tərəfdaşıq. Cənab İlham Əliyevin bir sıra tanınmış Çin şirkətləri ilə tanışlığı da bu sahələrdə ikitərfli inkişafdan xəbər verir . Bu həm də iki dövlətin maliyyə-bank sahəsində əməkdaşlığında da mühüm bir addımdır. Yuxarıda qeyd edildiyi kimi bu görüşün baş tutması Çinin BMT-nin Təhlükəsizlik Şurasında mövqeyi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, ədalətli həlli məsələsinə çox mühüm dəstəyini göstərdi. Təbii ki, Azərbaycan da öz tərəfindən "Vahid Çin" prinsipində öz konkret mövqeyini həmişə bildirəcəyini bəyan etdi. Bu sənədlərdə də əks edilib və düşünürəm ki, həm Çin Xalq Respublikası üçün, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00