Azərbaycanda seçki sistemi daha da təkmilləşib
3 Noyabr 2015 17:35 Siyasət"Azərbaycan 24 ildir ki, müstəqildir. Belə bir ölkədə bu günə qədər keçirilən seçkilər demokratik olmaqla bərabər, həm də xeyli təkmilləşib. İndi hər bir Azərbaycan vətəndaşı ölkədə keçirilən seçkilərdə fəal iştirak edir, kənar təsir və təzyiqlərə məruz qalmadan, rahat, demokratik və gizli yolla səs verir, istədiyi namizədi seçir. Ona görə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkiləri ilə bağlı bəyanatını qəbul etmir, bunu Azərbaycan əleyhinə kampaniyanın tərkib hissəsi sayıram". Bu barədə Secki-2015.az saytına açıqlamasında Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli bildirib.
O deyib ki, bu cür qeyri-obyektiv münasibət sayəsində bir sıra beynəlxalq qurumlar yalnız öz nüfuzlarını itirirlər: "ATƏT, eləcə də bəzi digər beynəlxalq qurumlar necə ki, Dağlıq Qarabağ münaqişəsinə qərəzli yanaşırlar, eyni münasibəti də ümumilikdə Azərbaycana qarşı nümayiş etdirirlər. Müsəlman dövləti olan Azərbaycanın inkişafını, dini, milli, mədəni tolerantlığın qəbul edə bilmirlər. Azərbaycana qarşı ikili yanaşmanın səbəbi də budur".