Azərbaycanın seçki sistemi nümunəvi səciyyə daşıyır
3 Noyabr 2015 17:25 Siyasət"Azərbaycanın seçki sistemi bir çox parametrlərinə görə nümunəvi səciyyə daşıyır". Bu sözləri Secki-2015.az saytına açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, məntəqələrə veb-kameraların quraşdırılması, xeyli sayda beynəlxalq müşahidəçilərin ölkəmizə səfər edərək seçkiləri izləmək imkanı əldə etməsi xüsusi əhəmiyyətə malikdir: "Ölkəmizə gələn beynəlxalq müşahidəçilər də bildirdilər ki, Azərbaycanda seçkilər demokratik keçirildi. Güman edir ki, xalqın səsverməsi nəticəsində formalaşan parlament aparılan islahatların bundan sonra da davam etməsi üçün öz dəstəyini göstərəcək". Bəzi Qərb təşkilatlarının Azərbaycana qarşı qərəzli mövqedə olduğunu deyən politoloq qeyd edib ki, həmin qurumlar regionda işğalçılıq siyasəti həyata keçirən Ermənistana heç bir irad bildirmirlər: "Azərbaycandan fərqli olaraq Ermənistanda xalq aclıqla mübarizə aparır, hökumət əleyhinə mitinqlər təşkil edir, kütləvi şəkildə xarici ölkələrə köçür. Bütün bunlara baxmayaraq, xarici dairələr Ermənistanda hər hansı bir problemin olduğunu qeyd etmirlər. Bu, bir daha sübut edir ki, həmin dairələrin Azərbaycana qarşı mövqeyi qərəz üzərində qurulub. Bəzi xarici dairələr Azərbaycanda strateji maraqlarını reallaşdırmaq üçün subyektiv mülahizələrə əsasında ölkəmiz əleyhinə rəy formalaşdırmağa çalışırlar".