Parlament seçkiləri ölkə mediasında operativ və obyektiv şəkildə işıqlandırılıb

Media təmsilçiləri seçkiləri yüksək peşəkarlıq nümayiş etdirərək,obyektiv şəkildə işıqlandırıblar. Bunu Secki-2015.az saytına açıqlamasında Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev deyib. Onun sözlərinə görə, ölkə vətəndaşları seçkinin gedişi ilə bağlı fasiləsiz olaraq operativ şəkildə məlumat alıblar: "Noyabrın 1-də seçkilərlə bağlı yazılan materialların mütləq əksəriyyətində peşə prinsiplərinə riayət edilərək tam tərəfsizlik gözlənilib. Həmin gün  Mətbuat Şurasının seçkilərlə əlaqədar yaratdığı "qaynar xətt"i operativ formada  fəaliyyət göstərib. Şuranın İdarə Heyətinin üzvlərindən, həmçinin quruma üzv kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət monitorinq qrupu  bütün ölkə boyu müşahidələr aparıb. Regionlarda Şuranı təmsil edən qurumlar da Bakıdan koordinasiya olunub və operativ şəkildə prosesi müşahidə edib. Sevindirici haldır ki, seçki günü  jurnalistlərin parlament seçkisini işıqlandırmalarına hər hansı maneə faktı qeydə alınmayıb, media mənsubları seçki məntəqələrində sərbəst şəkildə vəzifələrini icra ediblər". Umud Mirzəyev söyləyib ki,  noyabrın 1-də MŞ sədrinin müavinləri, idarə heyətinin üzvləri bir sıra məntəqələrdə siyasi prosesin gedişini izləyib, jurnalistlərə yaradılmış şəraitlə tanış olublar:" Bizim monitorinq qrupunun ilkin rəyi belə oldu ki, seçki  məntəqələrində media üçün yaradılmış şərait yüksək səviyyədə idi. Mən özüm bir neçə dəfə Mərkəzi Seçki Komissiyasına gedərək, Seçkilər İnformasiya Mərkəzinin fəaliyyəti, burada media üçün yaradılan şəraitlə tanış oldum. Həqiqətən də mətbuatın sərbəst formada məlumat alması üçün tam şərait yaradılmışdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00