Partiya sədri: ATƏT-də ciddi islahatlara ehtiyac var
3 Noyabr 2015 15:04 Siyasət"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirilən siyasi prosesdə iştirak etmədiyinə görə, baş tutan parlament seçkiləri barədə hansısa fikir söyləməkdə haqsızdı". Bu barədə Secki-2015.az saytına açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə deyib. Onun sözlərinə görə, ATƏT DTİHB-nin Azərbaycandakı seçkiləri izləmədən, yalnız xaricdən ötürülən məlumatlar əsasında real olmayan bəyanatla çıxış etməsi təəssüf doğurur: "Reallığa, demokratik düşüncəyə sahib olan heç bir siyasi qurum bu cür davranış ortaya qoymaz. Bu təşkilatın Türkiyədə keçirilən təkrar parlament seçkiləri ilə bağlı fikirləri ilə də tanış oldum. Beynəlxalq qurum tərəfindən xarici ölkədə keçirilən seçki prosesinə qeyri-obyektiv münasibəti qəbul etmədim. Düşünürəm ki, ATƏT-də kifayət qədər ciddi islahatlara ehtiyac var. Beynəlxalq status daşıyan hər bir qurum yalnız ədalətli, obyektiv yanaşması ilə öz nüfuzunu qoruya bilər".