Niderlandda erməni təxribatı
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi etiraz etdi
3 Noyabr 2015 14:52 SiyasətSüleyman("OLAYLAR") Artıq bir necə gündür ki, noyabrın 7-də Amsterdam Müstəqil Universitetində "Tanınmamış ölkələr, problemin həlli nədir?" başlığı ilə seminar keçiriləcəyi barədə məlumatlar yayılıb. Xəbərlərdən məlum olduğu kimi, seminara Niderland parlamentinin Sosialistlər Partiyasının (SP) üzvü cənab Harri van Bommel, iki niderlandlı araşdırmaçı və qondarma Dağlıq Qarabağ Muxtar Respublikasının "parlamenti"ndən millət vəkili Armen Sərkisyan da dəvət edilib. Seminar erməni lobbisinin Niderlandda fəaliyyət göstərən "Haytad Komitəsi" tərəfindən təşkil olunub.
"OLAYLAR"-ın xəbərinə görə, seminar barəsində xəbər alan Hollandiyada fəaliyyət göstərən müstəqil təşkilatlar olaya reaksiya verib və etiraz məktubu ilə seminar iştirakçılarına müraciət ediblər. "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi də seminar təşkilatçıları və iştirakçılarına etiraz bəyanatı göndərib. Birliyin sədri Mayisə Ağamirzəyeva şəxsi Facebook səhifəsindən Niderland Krallığında yaşayan bütün şəxslərə müraciət edərək bu seminara şəxs olaraq etiraz etməyə çağırış edib. Eyni zamanda etiraz bəyanatının mətnini paylaşaraq hər kəsi məsələyə aktiv müdaxilə etməyə səsləyib: "Etiraz bəyanatında seminar iştirakçılarının və təşkilatçılarının nəzərinə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan Silahlı Qüvvələrinin səyi nəticəsində işğal olunduğu, 1 milyona yaxın azərbaycanlının öz doğma el-obasından məcburi olaraq qovulduğunu, ağlasığmaq işgəncələrə məruz qaldığını, əsir götürüldüyünü və amansızlıqla qətlə yetirildiyini çatdırmışıq. Eləcə də münaqişənin süni olaraq yaradıldığı və qəsdən çözülmədiyi onların diqqətinə çatdırlıb və belə bir tərəfin maraqlarına hesablanmış seminarların keçirilməsinin məqsədəuyğun olmadığını bildirmişik. Həmçinin tədbir təşkilatçılarına bildirilib ki, seminarın gerçəkdən xalqların sülh şəraitində yaşaması və problemin həlli yollarının araşdırılmasına yönəlmiş bir layihə olması üçün burada Azərbaycandan nümayəndələrin də iştirakı təmin edilməli, onların fikirləri də araşdırılmalıdır".