Prezidentin antiAzərbaycan şəbəkəsinə növbəti mesajı

İlham Əliyev: “Bizimlə ancaq dostluq münasibətləri qurmaq olar”

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı bu gün ölkəmizi dünyanın qabaqcıl dövlətləri ilə eyni sırada qərarlaşdırıb. Hazırda Avropanın əksər inkişaf etmiş ölkələri iqtisadi böhran dövrünü yaşasa da, Azərbaycan bu dalğadan yan keçməyə müvəffəq olub. Heç şübhəsiz ki, bunun da əsasında həyata keçirilən düzgün siyasət dayanır. Xüsusilə, Azərbaycan dövlətinin neftdən gələn gəlirləri düzgün istiqamətə, q eyri-neft sektorunun inkişaf etdirilməsinə yönəltməsi bizim inkişafımızı təmin edən və onun davamlı xarakter almasını şərtləndirən amillərdəndir.

Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ilk növbədə yeni iş yerlərinin açılmasına şərait yaratdı ki, bu da ölkədə işsizliyin aradan qaldırılması, insanların sosial rifah halının yaxşılaşdırılmasına təsir gstərən amillərdəndir. Bu gün dərin iqtisadi böhran dövrü keçirən Avropa, eləcə də yaxın və uzaq qonşu ölkələrdə kütləvi şəkildə iş yerləri ixtisar edildiyi, müəssisə və zavodlar bağlandığı halda, Azərbaycanda yeni iş yerləri açılır. Bir vaxtlar azərbaycanlılar xarici ölkələrə iş dalınca getdiyi halda, bu gün bir sıra ölkələrin vətəndaşları Azərbaycana iş axtarmaq üçün üz tuturlar. Elə statistic göstəricilər də belə deməyə əsas verir. Son illərdə Azərbaycanda 1 milyona yaxın yeni iş yeri açılıb ki, bu da kifayətqədər ciddi bir rəqəmdir. Bütün bu qeyd edilən müsbət tendensiya Azərbaycanda əhalinin artımında da özünü göstərir.  Elə Prezident İlham Əliyev də bu günlərdə Kürdəmir rayonuna səfəri zamanı bu məsələyə toxunaraq bunu Azərbaycanın üstünlüyü kimi xarakterizə edib: "Çünki bizim üstünlüyümüz ondadır ki, bizdə əhali artır. Demək olar ki, qonşu ölkələrin bir neçəsində demoqrafik tənəzzül yaşanır, xüsusilə Ermənistanda. Artıq orada yaşayanların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada insanlar artıq o şəraitə dözmürlər. Digər tərəfdən, təbii artım yoxdur. Ancaq bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və çox böyük üstünlükdür".
Ancaq Azərbaycan dövləti heç də bu üstünlüklər, əldə edilən uğurlarla kifayətlənmək niyyətində deyil. Dünya bazarlarında neftn qiymətinin aşağı düşməsi və neftdən gələn gəlirlərimizin azalması alterativ yolların axtarışını vadar edirdi ki, həmin yolları da Azərbaycan çoxdan müəyyənləşdirmişdi. Bu sırada isə ilk növbədə kənd təsərrüfatının inkişaf etdirilməsi dururdu. Ötən illər ərzində bu sahəyə diqqətin artırılması Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaratdı. Ona görə də bu gün əldə edilən nəticə qaneedici sayıla bilər. Elə dövlət başçısı da bu göstəricidən razı qaldığını, eyni zamanda daha böyük nailiyyətlər əldə etmək lazım olduğunu bildirir: "Taxılçılıqda orta məhsuldarlıq bu gün Azərbaycanda ilk dəfə olaraq 30 sentnerdən yuxarıdır. Ağsuda təqribən 35 sentnerdir. Amma iri fermer təsərrüfatında bu, 50 sentnerdir. Bu, görünməmiş nailiyyətdir, yüksək nəticədir. Biz bu təcrübəni gərək başqa təsərrüfatlarda da tətbiq edək ki, daha da bol məhsul yetişdirək. Çünki insanların məşğulluğu, ərzaq təhlükəsizliyi, ümumiyyətlə, iqtisadi inkişaf üçün kənd təsərrüfatı xüsusi yer tutur. Neft siyasətində bütün lazımi işləri gördük. Bundan sonra yerli istehsal, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı bizim üçün prioritet olmalıdır. Amma bununla bərabər, bizim iqtisadiyyatımız da buna uyğun şəkildə artmalıdır. Gələcəkdə elə məhsul istehsal olunmalıdır ki, biz o məhsulu istənilən xarici bazara ixrac edə bilək. Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb".
Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər onun dostlarını seindirdiyi halda, düşmənlərini qıcıqlandırır, bərk narahat edir. Bu narahatçılıq hətta onları ölkəmizə qarşı qərəzli kampaniya aparmaq, şər-böhtan atmağa vadar edir. Müntəzəm olaraq Azərbaycan əsassız olaraq nələrdəsə ittiham edilir, onun beynəlxalq aləmdəki imicinə zərbə vuirmağa çalışılır. Ancaq həmin kampaniya tez bir zamanda sabun köpüyü kimi məhv olur. Nədən ki, heç bir məntiqə, həqiqətə söykənmir, reallığı əks etdirmir. Prezident İlham Əliyevin dediyi kimi biz  öz işimizi ona görə qurmamışıq ki, kiminsə xoşuna gələk, yaxud da kimsə bizdən örnək götürsün: "Biz bunu özümüz üçün edirik. Biz istəmirik kimsə bizim işimizə qarışsın. Yəni, kənardan oturub Azərbaycana mühazirə oxumaq istəyən məgər bizi bizdən daha çox istəyir? Təbii ki, yox. İstəyir ki, burada təsir imkanları genişlənsin, Azərbaycanı müxtəlif təxribatlara sövq etsin, cəlb etsin, təhrik etsin.
Biz bu təxribatlara getmirik. Getməyəndə də onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün yoldayıq. Bu da var. Azərbaycan xalqı güclü xalqdır, bütün təzyiqlərə dözür, dözəcək, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır və bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq münasibətləri qurmaq olar. Biz buna hazırıq. Əgər onlar hazırdırlarsa, biz də hazırıq".        

                                        
S.İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00